Vida mərasiminə müxalifət liderləri ilə yanaşı sabiq məmurlar da qatılmışdı
Eks-prezidentin iki gündən sonra Moskvaya qayıdacağı bildirilir
Eks-prezident Ayaz Mütəllibovun avqustun 8-də vəfat edən oğlu Azad Mütəllibov dünən Yasamal qəbirstanlığında babası Niyazi Mütəllibov və nənəsinin yanında dəfn edildi. Dəfndən əvvəl “Təzə Pir” məscidində mərhumla vida mərasimi keçirildi. Vida mərasimi saat 11.00-a təyin edilsə də, Azad Mütəllibovun nəşi məscidə saat 11.35-də gətirildi.
“Biz bilirdik belə olacaq”
Bu müddət ərzində Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri jurnalistləri maraqlandıran sualları cavablandırdı. Araz Əlizadə oğlunun ölümü ilə əlaqədar Bakıya dönən Ayaz Mütəllibovun aeroportda jurnalistlərə heç bir açıqlama verməməsini belə izah etdi: “Oğul itkisi böyük dərddir. Hesab edirəm ki, belə bir vəziyyətdə insan şou ilə məşğul olmamalıdır”.
O, Azad Mütəllibovun ölümünün gözlənilməz olmadığını bildirərək, mərhumun uzun müddət ağır xəstəlikdən əziyyət çəkdiyini söylədi: “Biz bilirdik belə olacaq. Çox ağır xəstə idi. Heydər Əliyev Fondu onun müalicəsi üçün vəsait ayırmışdı. Bu baxımdan mən fondun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edirəm”.
Ayaz Mütəllibovun Bakıya gəlişinin necə baş tutmasına gəlincə, Araz Əlizadə bildirdi ki, o və eks-prezident bununla bağlı dövlət başçısı Ilham Əliyevə müraciət edib: “Prezident humanistlik edərək Ayaz müəllimin oğlunun dəfn mərasimində iştirakını təmin etdi. Biz istərdik ki, bundan sonra da insani münasibətlər davam etsin”.
“Məlum deyil ki, Ayaz müəllim Bakıda neçə gün qalacaq”
ASDP-nin həmsədri Ayaz Mütəllibovun Bakıda neçə gün qalacağı barədə heç nə deyə bilməyəcəyini söylədi: “Bu barədə heç nə deyə bilmərəm. Çünki mənə məlum deyil ki, Ayaz müəllim Bakıda neçə gün qalacaq. O ki, qaldı Ayaz müəllim barəsində başlanmış cinayət işinə, düşünürük ki, payızda eks-prezidentlərin statusu haqqında qanunun qəbulu zamanı bu məsələ həllini tapacaq. Hazırda isə Ayaz müəllimin toxunulmazlığı təmin edilib və onun oğlunu son mənzilə yola salmasına heç bir maneə yaradılmayacaq”.
Araz Əlizadə sonda əlavə etdi ki, Ayaz Mütəllibov vida mərasimində də hər hansı açıqlama verməyəcək: “Ayaz müəllim burda da heç bir açıqlama verməyəcək və mən sizdən xahiş edirəm ki, ona yaxınlaşıb sual verməyəsiniz. Nə sualınız varsa, onun adından mən cavablandıra bilərəm”.
Sabiq məmurlar vida mərasimində
Azad Mütəllibovun cənazəsi “Təzə Pir”ə gətirilənədək məscidin həyətində xeyli insan toplaşmışdı. Cənazə gətiriləndə isə toplaşanların sayı bir az da artdı. Onların arasında tanınmış simalar da var idi. Bu sırada “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov, kinorejissor Şeyx Əbdül Mahmudbəyov və jurnalist Eynulla Fətullayevin adlarını çəkmək olar. Cənazə mərasim zalına aparılandan sonra eks-prezident Ayaz Mütəllibov oğlu ilə vidalaşmağa gəldi.
Mərhumun ruhuna dualar oxunduqdan sonra insanlar növbə ilə Ayaz Mütəllibova yaxınlaşaraq eks-prezidentə başsağlığı verdilər. Bir qədər sonra sabiq məmurlardan eks-dövlət katibi Midhət Abbasov, sabiq baş nazir Rəhim Hüseynov və Ali Sovet sədrinin keçmiş birinci müavini Telman Orucov zala daxil oldu. Hər üçü Ayaz Mütəllibova başsağlığı verərək eks-prezidentin yanında əyləşdi.
Əli Kərimli və Isa Qəmbər eks-prezidentə başsağlığı verdi
Günorta saatlarında AXCP sədri Əli Kərimli və Müsavat başqanı Isa Qəmbər partiyalarının rəhbərliyinə daxil olan şəxslərlə vida mərasiminə gəldilər. Müxalifət liderləri Ayaz Mütəllibova başsağlığı verməklə yanaşı, onu 19 il sonra Bakıda görməklərindən məmnun olduqlarını bildirdilər. Əli Kərimli və Isa Qəmbərin ardınca ADP sədri Sərdar Cəlaloğlu mərasim zalına daxil oldu. Təxminən 10 dəqiqə mərasim zalında Mərhumun ruhuna dualar oxunduqdan sonra müxalifət liderləri bir daha Ayaz Mütəllibova başsağlığı verərək zalı tərk etdilər.
Saat 15.00-da vida mərasimi başa çatdı. Mərasim boyu hökumət nümayəndələrindən heç kim gözə dəymədi.
Ayaz Mütəllibov oğlunun 3-ündən sonra Bakını tərk edəcək
Bu arada Ayaz Mütəllibovun Bakıda neçə gün qalacağı ilə bağlı maraqlı məlumat yayılıb. “Qafqazinfo”nun xəbərinə görə, eks-prezident Bakıda çox qala bilməyəcək. Ayaz Mütəllibov oğlunun üç mərasimində iştirak etdikdən sonra yenidən Moskvaya yola salınacaq. Yəni, iki gün sonra o, yenidən Moskvaya qayıdacaq. Sabiq prezident gəldiyi kimi də hüquq-mühafizə orqanlarının nəzarəti altında hava limanından təyyarəyə mindiriləcək.
Ancaq Ayaz Mütəllibovla bağlı başqa bir ehtimal da mümkündür. Qeyr-rəsmi formada belə xəbərlər gəzir ki, sabiq prezidentin bir daha geriyə qayıtmaması üçün danışıqlar aparılır və müəyyən razılıqlar da əldə edilib. Ancaq məsələnin tam həll edilmədiyindən indilik onun yalnız icazə verilən müddətdə burada olacağı deyilir.
Lalə Şövkət Ayaz Mütəllibovla bağlı bəyanat verdi
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət sabiq prezident Ayaz Mütəllibovla bağlı bəyanat yayaraq hökuməti onun barəsində başlanmış cinayət işinə xitam verməyə və eks-prezidentin hüquqlarını tanımağa çağırıb: “Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibova qarşı qaldırılmış cinayət işinin heç bir qanuni, hüquqi əsası yoxdur, bu, siyasi motiv daşıyır. Biz Azərbaycan hakimiyyətini bu cinayət işinə xitam verməyə, Ayaz Mütəllibovun Azərbaycanda yaşamasına şərait yaradılmasına, ”Eks-prezidentlərin statusları haqqında” qanunun qəbul edilməsinə, bunun keçmiş prezidentlərə, o cümlədən Ayaz Müttəllibova şamil edilməsinə çağırırıq”.
Vidadi