“Ata, ay ata…”

“O, məndən ayrılanda hey məni səsləyirdi ”ata, ata, ata…”. Bu səs hələ də qulağımdadır”,- ürək parçalayan bu sözlər Ictimai Palatanın 2 aprel aksiyasına görə həbs olunan AXCP fəalı Arif Alışlının “Azadlıq” qəzetinə göndərdiyi məktubdandı. Qurama ittihamlarla 4 aydır məhbus həyatı yaşayan Arif bəy ötən məhkəmə proseslərinin birindən sonra ilk dəfə məhkəmə zalında ailəsi ilə görüşüb.

Onların görüşünə izn verən məhkəmə təbii ki, axıra qədər humanist olmağı bacarmayıb. Arif bəy qızı, oğlu və həyat yoldaşı ilə qəfəs arxasından görüşüb. Balaca oğlu Elmir nədən atasıyla barmaqlıqlar arxasından görüşdüklərini anlaya bilməyib və: “Balaca oğlum dəmirə söykənib mənə qıfılı göstərərək hey təkrar edirdi: ”ata, aç, ata aç”. Başa düşmürdü ki, bu qıfılın açarı bizdən uzaqlardadır. Uşaq hamımızdan tədbirli oldu, axtarıb barmaqlığın bir az enli yerindən qəfəsə keçdi…”.

Bu dramatik olay göstərir ki, bu gün biz əzizlərimizə onların azadlığı sayəsində deyil, özümüz də qəfəsə soxulmaqla nail ola bilirik. Bu gün atalar və oğulları ya qəfəs, ya da ölüm qovuşdura bilir bir-birinə. Azərbaycan Respublikasının ilk prezidenti, 19 ildən bəri sürgün həyatı yaşayan Ayaz Mütəllibov da vətəninə, övladına oğlunun həyatdan vaxtsız səfəri sayəsində qovuşa bildi. Dövlət başçısı “böyük humanizm” sərgiləyib ata ilə oğulun barı son mənzilə yolçuluq üstündə görüşməsinə izn verdi.

Bir tərəfdə oğul atasına çatmaq üçün qəfəsə girməli olur, o biri tərəfdə isə ata oğlunun bu dünyanın qəfəsindən qurtulmasıyla onunla görüşə bilir. Və həmin ata bir oğul kimi atasının dəfninə belə gələ bilməmişdi. Çünki özü bu rejimin onunçün qurduğu qəfəsdən qurtula bilmirdi. O qəfəsin açarı ondan çox uzaqlardaydı. Sanki bu rejim öz vətəndaşlarına səadəti, xoşbəxtliyi ya qəfəs içində, ya da dünya qəfəsindən qurtulanda bəxş eləyə bilir. Bu millətə toy vay içində çalınır.

Qənimət Zahid, Mirzə Sakit də ataları dünyadan köçəndə rejimin qəfəsinə qonaq idilər. O vaxt da humanizm göstərildi, qardaşlar atalarının dəfninə çata bilməsə də, bir neçə gün ata yuvasının hənirsiz qalan ocağının başına yığışdılar. Sonra yenidən zindana dönüş. Sanki hakimiyyət onlara illərdir ayrı düşdükləri azadlığın üzünü göstərib, övladlarının ürəyinə təzədən dağ çəkdi. Onlar yenidən həbs olundu. Bir həbs içində iki həbs. Bu humanizmin bir adı var: qara humanizm. Allah kimsənin qarşısına çıxarmasın.

Indi Arif Alışlının da, Ayaz Mütəllibovun da nələr çəkdiyini təsəvvür eləmək qətiyyən çətin deyil. Faciənin həddinə bax ki, indi bu yarımçıq, qara humanizm üçün Azərbaycan vətəndaşı həm də təşəkkür eləməyi bacarmalıdı. Əks halda o, bu yarımçıq humanizmdən də məhrum olacaq. Insan mənliyinə bundan artıq sitəm eləmək olarmı? Və bunun üstündən bir təşəkkür də qoparmağı bacaran rejimə nə deyəsən – bərəkallah, vallah, ustadına bərəkallah. Bu boyda rəzilliyi kimlər düşünüb-daşınır? Yoxsa bunlar elə öz-özünə baş verir? Bəlkə bundan artığına iddia eləməyə heç haqqımız çatmır? Mümkündü ki, çatmır. Haqqını ala bilməyənin haqqı təbii ki, yarımçıq olacaq. O sevinəndə də kasıbın sevincindən yaşamalı olacaq.

Həyat insanı zəif yerindən – “Axilles dabanı”ndan deyil, başqalarını vurduğu, yandırdığı yerindən oxlayır. Ömrün uzunu başqalarını çaldığın yerindən, bəli, bəli, məhz oradan, ən güclü, ən zəhərli yerindən zavala gələcəyimizə heç şübhəmiz olmasın…