Üzeyir Cəfərov: «İlham Əliyevin bu intriqaları araşdırmağa nə vaxtı, nə də həvəsi var»
Müdafiə naziri Səfər Əbiyevlə baş qərargah rəisi Nəcməddin Sadıqov arasında ziddiyyətlər dövlət başçısı Ilham Əliyevin yanında müzakirə olunub. Bu barədə “Gündəm xəbər” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, dövlət başçısının məsələyə müdaxiləsindən sonra tərəflər arasında münasibətlər bir qədər qaydasına düşüb.
Münasibətlərdəki düşmənçilik aradan qalxsa da, tərəflərdən biri Ilham Əliyevi inandıra bilib ki, həqiqətən hərbi çağırışla ortada kifayət qədər çatışmazlıqlar var. Bununla belə, məsələnin düşmənçilik həddinə çatdırılmaması, məsələ ilə bağlı obyektiv mövqe sərgilənməsi və “qara-piar”a son qoyulmaması barədə razılıq əldə olunub.Hərbi ekspert Üzeyir Cəfərov isə bu məlumatın həqiqiliyinə şübhə ilə yanaşır: “Mən Səfər Əbiyevlə Nəcməddin Sadıqovun barışmasına inanmıram. Çünki bu, mümkün olan məsələ deyil. Bu konfliktin arxasında başqa məqamlar dayanır. Burada söhbət təkcə hərbi çağırışdakı çatışmazlıqlardan getmir. Burada böyük iddialar var. Xüsusilə Nəcməddin Sadıqovun iddiaları böyükdür və o, Səfər Əbiyevin birinciliyini qəbul etmək istəmir. Heç dövlət başçısının da generallar arasında ziddiyyətlərə müdaxilə etməsi inandırıcı görünmür. Ilham Əliyevin bu intriqaları araşdırmağa nə vaxtı, nə də həvəsi var”.
Bu istiqamətdə “Azadlıq”a daxil olan məlumatlara Üzeyir Cəfərovun mövqeyi üst-üstə düşür. Həmin məlumatlarda deyilir ki, Nəcməddin Sadıqovla Səfər Əbiyevin arasındakı konfliktin kökündə müdafiə nazirini devirmək dayanır. Və baş qərargah rəisi bu məsələdə israrlıdır. Özü də Nəcməddin Sadıqov tək deyil. Prezidentin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyev də bu ziddiyyətlərdə tərəfdir. Məlumatlara görə, müşavir müdafiə naziri olmaq arzusundadır. Bu baxımdan da Nəcməddin Sadıqovla Səfər Əbiyev arasındakı konfliktin daha da alovlanmasında maraqlıdır.
Informasiya şöbəsi