Medvedev Əliyevlə Sərkisyanı niyə ifşa etdi?

Azərbaycan və Ermənistan prezidentləri Gürcüstan müharibəsini dərs kimi qəbul edibmiş

Rusiya prezidenti Dmitri Medvedevin son açıqlamalarında  2008-ci ilin avqust hadisələri ərəfəsində baş verən proseslərə aydınlıq gətirməsi sensasiyaya səbəb olub. Rusiya prezidentinin Rusiya-Gürcüstan müharibəsi zaması Soçidə Azərbaycan və Ermənistan prezidentləri ilə apardığı danışıqların təfərrüatlarına aydınlıq gətirməsi böyük maraqla qarşılanıb.
Medvedev bildirib ki, Ermənistan və Azərbaycan prezidentləri onunla görüş zamanı Abxaziya və Cənubi Osetiyada baş verənlərdən dərs götürdüklərini deyiblər: “Həmin beş günlük müharibə gedəndə həm Ermənistan prezidenti Serj Sərkisyan, həm Azərbaycan prezidenti Ilham Əliyev Soçiyə mənim yanıma gəldilər. Bilirsiniz onlar mənə nə dedilər? Dedilər ki, bu baş verənlər çox pis oldu, bunlar Qafqaz üçün ağır hadisələrdir. Onlar bildirdilər ki, bunlar bizim üçün də müəyyən dərs oldu. Dağlıq Qarabağın taleyinin necə olacağına dair sonsuz danışıqlar aparmaq, təqdim olunmuş sülh müqaviləsində deyildiyi kimi, orada nə vaxtsa referendumun olub-olmayacağını müzakirə etmək beş gün müharibə aparmaqdan daha yaxşıdır”.
Əslində Rusiya prezidentinin bu müsahibəsi bir daha göstərir ki, münaqişə tərəflərinin tez-tez müraciət etdiyi müharibə ritorikası əslində daxili ictimai rəyə hesablanıb.

“Medvedevin açıqlaması göstərdi ki, münaqişə tərəflərinin müharibə bəyanatları daha çox daxili ictimai rəyə hesablanıb”


AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlının fikrincə, Rusiya prezidentinin 2008-ci ildəki danışıqlar prosesinin detallarını açıqlaması onu göstərir ki, münaqişənin həlli ilə bağlı hərbi əməliyyatlara başlamaq üçün psixoloji baxımdan nə Azərbaycan, nə də Ermənistan rəhbərliyi hazırdır. F.Qəhrəmanlının sözlərinə görə, Medvedevin addımları eyni zamanda həm də ondan xəbər verir ki, artıq bu münaqişə elə qlobal xarakter alıb ki, nə Azərbaycan, nə də Ermənistanın hər hansı hərbi addım atmaq imkanı var: “Sadəcə olaraq vaxtaşırı müharibə ilə bağlı səsləndirilən bəyanatlar qarşı tərəfə təhdiddən daha çox ölkədaxili ictimai rəyə hesablanıb. Və hər iki tərəfdə dövlət başçıları danışıqların baş tutmayacağı təqdirdə radikal addımlarla problemi həll edəcəklərinə əmin görsənməyə çalışırlar. Bu da onunla bağlı uzun illər ərzində danışıqların səmərəsiz davam etməsi, xüsusilə Azərbaycan cəmiyyətində prosesin artıq diplomatik yolla çözümündə ümidsizlik yaradıb. Ona görə də Ilham Əliyev də vaxtaşırı bu cür ritorikalardan istifadə etməklə guya hansısa ümid yaratmağa çalışır”.
Hər iki dövlət başçısına danışıqların indiki gedişinin məqbul olduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, Medvedevin açıqlaması bundan sonrakı mərhələdə müharibə bəyanatlarının beynəlxalq ictimai rəyə təzyiq kimi istifadə olunması imkanını azaldır. I.Əliyevin Soçiyə səfəri ərəfəsində bu bəyanatın dilə gətirilməsini də təsadüfi saymayan F.Qəhrəmanlı hesab edir ki, Kazan görüşünün uğursuzluğa düçar olması müharibə ritorikasının yenidən gündəmə gəlməsinə əsas yaratmışdı. Ona görə Medvedevin verdiyi açıqlamanı məqsədyönlü saymaq olar: “Medvedev bir növ bu açıqlama hər iki tərəfin yenidən müharibə ritorikasına qayıdışının qarşısını almağa çalışıb. Bu açıqlama eyni zamanda növbəti mərhələdə Rusiyanın danışıqlar prosesində patronajlığına hesablanan addımdır. Yəni artıq tərəflər bu formada danışıqlar formatını qəbul ediblərsə, ona görə ciddi xəyal qırıqlığına uğramağa dəyməz. Rusiyanın növbəti mərhələdə səylərini davam etdirəcəyini gözləmək olar. Hazırda cərəyan edən proseslər buna hesablanıb”.

“Rusiya prezidentinin etirafları Azərbaycan və Ermənistan hakimiyyətinin müharibə istəmədiyini göstərdi”

Politoloq Zərdüşt Əlizadə də hesab edir ki, Rusiya prezidentinin etirafları Azərbaycan və Ermənistan hakimiyyətinin müharibə istəmədiyini göstərdi: “Ermənistan Qarabağı işğal edib və hazırda da əlində saxlayır. Işğal altında olan torpaqların resurslarından yararlanaraq, erməni xalqına da bəyan edirlər ki, biz sizə Qarabağı söz vermişdik, onu da almışıq. Azərbaycan hakimiyyəti də xalqı aldadır boş vədlərlə, torpaq, vəzifə, qaz satışı ilə məşğul olur, rüşvət alır. Müharibə ilə bağlı hərdən səslənən bəyanatlar isə yalnız görüntü xatirinədir. Müharibə bəyanatları səslənir, amma ordunun halına baxın. Orduya hazırda kimlər rəhbərlik edir? Müdafiə naziri kimdir, baş qərargah rəisi kimdir, müharibə vaxtı onların fəaliyyəti nədən ibarət olub?”.
Z.Əlizadənin sözlərinə görə, Rusiya prezidentinin bəyanatı Qarabağ münaqişəsinin dondurulmuş problem olduğunu göstərir. Və mesaj göndərir ki, Kreml problemin həllində hələ də əsas qüvvə olaraq qalmaqdadır.

Xəyal