Ərzaq təhlükəsizliyi…

Abdolbari Goozel və Emin Ucar

Ərzaq təhlükəsizliyi sivil dövlətlərdə Milli təhlükəsizliyin əsas elementlərindən biridir. Dövlət vətəndaşının təhlükəsiz ərzaq istehlakına çox ciddi yanaşır. Bu gün Qərbdə heç bir biznesmen, iş adamı bizdəki kimi asanlıqla sex açıb ərzaq məhsulları istehsalı ilə məşğul olmaz. Nədən ki, istehsal olunan ərzağın qəbul olunmuş standartlara cavab verməməsinin  bədəli çox ağır olur. Odur ki, ağlı başında olan kəs həyatı bahasına risk edib pul qazanmaq fikrinə düşmür. 
Azərbaycanda bam-başqa mənzərədir.

Cibində pulu olan kolbasa-sosiska sexi açır, un-qənnadı məmulatları, süd məhsulları, lap belə mineral su, kvas və spirtli içkilər də istehsal edir.Azərbaycanın əhalisinin sayı 9 milyonu ötüb.

Bu 9 milyon təkcə demoqrafik göstərici deyil. Həm də o deməkdir ki, ölkəmizdə 9 milyon adam ərzaq istehlakçısıdır.Tutaq ki, cəmiyyətin varlı təbəqəsi – onlar da olsun bir milyon nəfər – pulu yetərincə olduğuna rəğmən istehlak etdiyi ərzağın keyfiyyətinə diqqət edə bilir. Yəni Avropada istehsal olunan gündəlik tələbat məhsulları qəbul edir.Yerdə qalan 8 milyon isə yalnız Azərbaycanda istehsal olunan ərzaq qəbul edir və o səkkiz milyonun ərzaq təhlükəsizliyi Allahın ümidinə qalıb, desək, əsla xəta etmərik.

Yəqin ki, razılaşarsınız, hər birimiz dükan-bazardan çörək, ət, yağ, qənd, un, süd, qatıq və digər ərzaqları alarkən keyfiyyətinə görə bir tərəddüd keçiririk.

Aldığımız ərzağın təmizliyini beynimizdə saf-çürük edirik.

Nədən ki, ilan vuranın ala çatıdan qorxmağı – ərzaq zəhərlənənləri, bazarda eşşək ətinin satışa çıxarılması və sair anormallıqlar var – və bununla yanaşı o ərzaqları istehsal edənlərin də bizlərdən biri olduğunu bilirik.

“Bizlərdən biri” isə fəaliyyətə başlamaq üçün hökumət strukturlarında başına açılan müsibətlərdən sonra istehsal etdiyi ərzağın keyfiyyəti barədə düşünə bilmir.Onu yalnız və yalnız qazanc ilgiləndirir.
Mən bilmirəm, bəlkə sizin məlumatınız olar, Azərbaycanda elə bir dövlət təşkilatı varmı ki, səkkiz milyon əhalinin istehlak etdiyi ərzaq məhsullarının keyfiyyətindən yana cavabdehlik daşısın?
Və elə buradaca, qardaş Türkiyənin milli mənsubiyyətləri Azərbaycan cəmiyyətində çox dartışılan iki vətəndaşını – Abdolbari Goozeli və Emil Ucarı xatırlamanız yerinə düşər.

Abdolbari Goozel 20 ildir ki, Bakıda şirkət qurub və onun “Azersun Holdinq”i Azərbaycan əhalisinin böyük bir qismini gündəlik ərzaq məhsulları ilə təmin edir.

Emil Ucar bəy əfəndi isə Naxçıvan Muxtar Respublikasının ərzaq və qeyri-ərzaq sektorunda söz sahibidir.

Bu zatların YAP iqtidarının sevimlisinə çevrilməsinin səbəbləri bir başqa söhbətin mövzusudur. Icazə verin, beynimdə dolaşan və bu yazıya dolayısı ilə dəxli olan iki sualı sizə ünvanladıqdan sonra ərzaq təhlükəsizliyi məsələsinə qayıdaq.

Hər kəs təsdiqləyər ki, yüzlərlə-minlərlə soydaşımız Azərbaycandan kənarda ciddi bizneslə məşğuldur. Aralarında “Forbes”in siyahısına düşənlər də var. Indi sizdən soruşuram, necə olur ki, bu soydaşlarımız vətəndən kənarda bacarıqları sayəsində biznes qura bilir, ancaq Azərbaycanda bir iş görə bilmirlər?Və bunu da sual edirəm sizə, nəyə görə bizim biznesmenlər, iş adamları müflisləşdirilir, gömrükdə başlarına min müsibət açılır, ölkəni tərk etmək məcburiyyətində qalırlar, ancaq milli mənsubiyyətləri naməlum olanlar, adları mətbuatda PKK simpatizanları ilə birgə hallananlar iqtisadi qüdrətlərini gündən-günə artırır?

Ərzaq təhlükəsizliyi çox ciddi məsələdir. 
Yalnız DÖVLƏT bu işə ciddi nəzarət edə bilər. DÖVLƏT həm də bu milləti gündəlik ərzaq məhsulları ilə təmin edənlərin milli kimliklərinə ciddi önəm verməlidir.

Millət özü isə nə yediyinin və ən başlıcası kimin istehsal etdiyi ərzağı qəbul etdiyinin fərqində olmalıdır. Sonra dizinə döyməmək üçün.