Türkiyədə ən çox iş axtaran ölkələr sırasında Azərbaycan üçüncüdür
Nemət Əliyev: «Vətəndaşlarımızın iş axtarmaq üçün Rusiya və Türkiyəyə üz tutması qeyri-neft sektorunun inkişafındakı problemlərlə bağlıdır»
Türkiyədə xarici ölkələrdən gəlib ən çox iş axtaranlar arasında üçüncü yeri azərbaycanlılar tutur. Bu nəticə Türkiyədə iş axtaran 120524 əcnəbinin təhlili zamanı məlum olub.
Türkiyədə ən çox iş axtaran Bolqarıstan vətəndaşlarıdır – 28%. Sonrakı yerlərdə Almaniya (11,8 %) və Azərbaycan (5,3%) vətəndaşları gəlir. Maraqlıdır, hakimiyyətin rəsmən elan etdiyi rəsmi statistikaya görə, I.Əliyev hakimiyyətə gəldiyi gündən ölkədə açılan yeni iş yerlərinin sayı 1 milyonu adlayıb. Amma o da reallıqdır ki, hər ötən il Azərbaycanda xarici ölkələrə, xüsusilə Rusiya və Türkiyəyə iş dalınca gedənlərin sayı durmadan artır.
Hakimiyyətin açılan yeni iş yerləri ilə bağlı elan etdiyi rəqəmin reallıqdan uzaq olduğunu deyən AXCP Iqtisadiyyat Komissiyasının sədri Nemət Əliyevin sözlərinə görə, vətəndaşlarımızın iş axtarmaq üçün Rusiya və Türkiyəyə üz tutması daha çox qeyri-neft sektorunun inkişafındakı problemlərlə bağlıdır. Neft-qaz sənayesindən başqa iqtisadiyyatın qalan bütün sahələrində tənəzzül yaşandığını deyən AXCP yetkilisi vurğuladı ki, artıq aqrar sektorda tənəzzül özünü açıq şəkildə göstərir və rəsmilərin açıqlamalarından da bu, aydın hiss olunur: “Kəmərlə neft daşınmaları nəzərə alınmazsa, nəqliyyat sektorunda da tənəzzül prosesinin başladığını söyləmək olar. Ölkənin emal sənayesi dağılmaq üzrədir. Bir sözlə, qeyri-neft sektoru acınacaqlı durumda qalmaqdadır. Əhalinin sosial-iqtisadi durumu ağırlaşıb. Ona görə də insanlar gəlir əldə etmək məqsədi ilə xarici ölkələrə üz tuturlar”.
N.Əliyev vurğuladı ki, ölkənin iqtisadiyyatındakı real problemlər çözülməyincə, vətəndaşları narahat edən sosial məsələlər həll edilməyincə, xarici ölkələrə iş axtarmaq üçün gedənlərin sayı durmadan artacaq.
Xəyal