Ukraynanın keçmiş baş naziri məhkəmədən istintaq təcridxanasına göndərildi
Kiyev rayon Peçorsk məhkəməsinin hakimi Rodion Kireyev Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun həbs olunması barədə vəsatəti təmin edib. Yuliya Timoşenko barədə həbs qərarı onun məhkəmədə şahidlərin ifadə verməsinə mane olması, prosesi sistemli şəkildə pozması ilə əsaslandırılıb. Hakim qərarı elan etdikdən sonra bir neçə milis əməkdaşı məhkəmə zalına daxil olub və Yuliya Timoşenkonun əyləşdiyi masanı dövrəyə alıb.
Keçmiş baş nazirin vəkili Yuri Suxov Yuliya Timoşenkonun həbs olunduğunu təsdiqləyib. Vəkil Timoşenkonun aparıldığı Lukyanovsk istintaq təcridxanasının qarşısında jurnalistlərə bildirib ki, müdafiə etdiyi şəxslə görüş üçün icazə alıb. O, Timoşenkoya şəxsi əşyalarını və yataq dəsti gətirdiyini deyib.
Növbəti məhkəmə prosesi avqustun 8-də keçiriləcək.
İnformasiya şöbəsi