Qəzzafinin daha bir oğlu öldürüldü

27 yaşlı Xamis və daha 31 nəfər NATO bombardımanının qurbanı olub

Liviya diktatoru Müəmmar Qəzzafinin 27 yaşlı oğlu Xamis Qəzzafi ölüb. Türkiyə mediasının yaydığı xəbərə görə, bu barədə Liviya müxalifətinin sözçüsü Məhəmməd Zəvavi açıqlama verib. Zəvavi deyib ki, Xamis NATO təyyarələrinin paytaxt Tripolinin 150 km şərqindəki Ziliten bölgəsinə endirdiyi gecə bombardımanında ölüb. Onun sözlərinə görə, Xamislə birlikdə daha 31 nəfər bombardıman zamanı həyatını itirib.
Zəvavi bu məlumatı Müəmmar Qəzzafinin komandanlığı içərisinə yerləşdirilən casuslardan aldıqlarını da bildirib.
Xatırladaq ki, bundan əvvəl, aprel ayının sonlarında da NATO qoşunlarının əməliyyatı zamanı Qəzzafinin 29 yaşlı oğlu Seyfülərəb və 3 nəvəsi ölmüşdü.