Deputatlığa keçmiş namizəd Elçin Məmməd seçki hüququnun pozulmasının tanınmasını və maddi təzminat tələb edir
“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” Ictimai Birliyinin prezidenti, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa keçmiş namizəd Elçin Məmməd Avropa Insan Hüquqları Məhkəməsinə şikayət edib. E.Məmməd Insan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsinə dair Konvensiyanın tələblərinin pozulmasının tanınmasını və hökumətdən maddi təzminat tələb edir.
Bu barədə qəzetimizə ərizəçinin vəkili, Demokratiya və Insan Hüquqları Mərkəzinin direktoru Əsabəli Mustafayev məlumat verib. Onun sözlərinə görə şikayət ərizəsi artıq ünvana çatıb. Vəkil qeyd edib ki, deputatlığa keçmiş namizədin azad seçki hüququ kobud surətdə pozulub. Ərizəçinin namizədliyinin DSK və MSK tərəfindən qeydə alınmaması, Apelyasiya Məhkəməsinin isə həmin qərarları qüvvədə saxlaması ərizəçinin seçkilərdə iştirakına imkan verməyib: “Düzdü, Ərizəçinin namizədliyi Ali Məhkəmənin qərarı ilə qeydə alındı, lakin Ərizəçinin hüquqları tam bərpa olunmadı. Belə ki, Elçin Məmmədin namizədliyi 2010-cu il noyabrın 4-də qeydə alınmışdır, seçki təşviqat-təbliğat kompaniyası isə 06 noyabrdan qadağan edilirdi. Ərizəçi üçün 2 gün ərzində təşviqat aparmaq mümkün deyildi, həmçinin onun namizədliyi irəli sürüldüyü dairədən digər namizədlər artıq uzun müddət idi ki, təşviqat kompaniyası aparırdılar və bu hal ərizəçini digər namizədlər yanında əlverişsiz vəziyyətə salırdı”.
Həmçinin Elçin Məmməd hesab edir ki, onun bu hüquqlarının pozulması hüquq müdafiəçisi olması ilə bağlı olub. Ərizəçinin vəkili Əsabəli Mustafayev onu da bildirib ki, DSK və MSK-nın, Apelyasiya Məhkəməsinin ərizəçinin verdiyi şikayətləri ədalətli araşdırmaması və ya şikayətləri araşdırmaqdan yayınması ərizəçiyə qərəzli münasibətin olmasını göstərir.