Yanan yaxta ilə bağlı yeni məlumatlar

Şəxsi yaxtanı ARDNŞ-in balansına istismar xərclərini ödəmək üçün salıblar

“ARDNŞ-in balansında belə yaxtalar çoxdur”

“Azneft” meydanı yaxınlığında yanan yaxta ilə bağlı yeni məlumatlar almışıq. Məlumatlarda deyilir ki, yaxta Azərbaycan Dövlət Neft Şirkətinin balansında olsa da,  şəxsi istifadə üçündür. Yaxtanın ARDNŞ-in balansına salınmasının səbəbi isə onun istismar xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi məqsədi daşıyır.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Azadlıq”a açıqlamasında məlumatın kifayət qədər inandırıcı olduğunu bildirib: “ARDNŞ-in balansında şəxsi istifadə üçün nəzərdə tutulan belə yaxtalar çoxdur. Qurum rəhbərliyi komfort həyat tərzi üçün dövlət büdcəsinin pullarını belə lazımsız şeylərə sərf edir. Yəni, ARDNŞ-ə bahalı yaxtalar lazım deyil. Bu yaxtalar Rövnəq Abdullayevə və onun yaxın ətrafına lazımdır. Bu adamlar hətta öz istirahətləri üçün pulu dövlət büdcəsindən xərcləyirlər. Amma neftçiləri buruqlara aparmaq üçün köhnə gəmilərdən istifadə olunur. Neçə ildir ki, fəhlələr ARDNŞ rəhbərliyi qarsışında bu məsələni qaldırıblar. Heç bir nəticəsi yoxdur. Qasırğalı havada köhnə gəmilərlə buruqlara getmək təhlükəlidir. Amma bu, ARDNŞ rəhbərliyinin vecinə deyil. Gəmiləri təzələməkdənsə, əyləncə üçün bahalı yaxtalar alırlar”.
Mirvari Qəhrəmanlı bir maraqlı faktı da diqqətimizə çatdırıb. Onun sözlərinə görə, dövlət qurumları arasında ən bahalı xidməti avtomobillər ARDNŞ-dədir.
Xatırladaq ki, sözügedən yaxtada yanğın avqustun 2-ində baş verib. Bir gün sonra isə ARDNŞ yaxtanın ona məxsus olduğu barədə məlumat yayıb.

İnformasiya şöbəsi