Sosial şəbəkələrdə günlərdir Aynişan adlı bir qızcığazı Azərbaycan bayrağını tərsinə tutdu deyə linç etməkdədilər. Terror etməkdədilər. Əlacları olsa, yeddi yerə şaqqalayıb hər tikəsini Bakının bir yerindən asarlar.
Mən o qızcığazı tanımıram. Gənc müğənnidir deyirlər, bilmirəm. Anası da tanınmış müğənni imiş, onu da bilmirəm.
Bildiyim tək bir şey var: bu gün bir qızcığazı bayrağı tərs tutdu deyə linç edənlər, terror edənlər, “vətən xaini” elan edənlər həftələr əvvəl Brüsseldə – Ilham Əliyevin gözü qarşısında Azərbaycan bayrağı tərs asılarkən və Ilham Əliyev də bu mənzərəni səssizcə seyr edərkən, tükünü tərpətməzkən, qılını qıpırdatmazkən hardaydılar, hansı cəhənnəmin dibindəydilər? Onda niyə yeri-göyü inlətmədilər, onda niyə dillərini dinməz yerinə qoyub oturdular? Onda hardaydı bunların bayraq sevgisi? Onda niyə şişmədi bunların vətənşivənlik damarı?
Amma indi gəncəcik bir qız bayrağı tərs tutdu deyə, itin başını ağızlarına alıblar, millətin və dövlətin namusunu qoruyan çıxıblar. Ay siz öləsiniz! Kralın bayraq tərsinə asılarkən heç nə olmamış kimi davranmasına səssiz qalıb Aynişan bayrağı tərs asdı deyə tumanınızı başınıza geyinərsinizsə, bunun adı nə bayraq sevgisidir, nə vətən məhəbbəti.
Bu, öz köləliyini, öz qorxaqlığını bayrağın arxasında gizlətməkdir. Bayrağı öz yalançı qəhrəmanlıq, saxta vətənpərvərlik şoularına alət etməkdir. Bayraqla alver etməkdir.
Qısası, kraldan hesab istəməyə ürəyi yetməyib, cəsarəti çatmayıb sıra bir qızcığaza gələndə şirə-pələngə dönənlər, bir zəhmət, güzgü qarşısına keçsinlər və ordan yaxşı-yaxşı baxsınlar özlərinə, nə qədər miskin, riyakar, ikiüzlü göründüklərini görsünlər. Və ayıblarına kor olub sussunlar. Bir də…
Bir də heç vaxt unutmasınlar: bu bayraq, onu tərs asanların arasında fərq qoyanlar tərəfindən müdafiə edildikcə əslində yenidən təhqir olunur, yenidən aşağılanır, yenidən alçaldılır, həm də daha ağır, daha bağışlanılmaz şəkildə.
Yaşıl rəng və Iran
Bir halda ki, biz yenə bayrağın tərs asılması ilə bağlı bir hay-küyün içindəyik, bunu yazmadan keçmək istəmirəm.
Bu bayraqda mavi rəng sonuncu olsaydı, heç vaxt tərsinə asılmazdı. Heç vaxt! Buna adımın Elnur olduğuna əmin olduğum qədər əminəm. Bu bayraqda yaşıl rəngin üstə çıxmağa başlamasının bir tarixçəsi var. Və o tarixçə Irandan başlayır. Xatırlayacaqsınız, bu gün Brüsseldə bayraq tərsinə asılarkən heç nə olmamış kimi davranan kralın atası da illər əvvəl eyni mövqeni Tehranda – Azərbaycan bayrağı tərs asılarkən sərgiləmişdi. Onda da indiki kimi, rejimin boğazotaranları “çırt” səsini çıxarmamışdılar. Öz vətənpərvərliklərini, millət, dövlət, bayraq sevgilərini ara sakitləşənə qədər məzuniyyətə göndərmişdilər.
Bəli, mən Azərbaycan bayrağının ilk dəfə məhz Iranda, həm də yaşıl rəng üzərindən tərs asılmasını, o vaxtdan bəri bunun bir silsiləyə dönüşməsini təsadüf saymıram. Ona görə də deyirəm ki, əgər mavi rəng bayrağımızda yaşıl rəngin yerində olsaydı, indiyədək o, bir dəfə də tərsinə asılmamışdı.
Bülbüllərin yerini mübarəklərə verməsi
Dünən internet sitələrini Hüsnü Mübarəkin məhkəmə fotoları bəzəyirdi. Doya-doya baxdım. Insanlığın üzqaralarından birini dəmir qəfəsdə görmək çox xoş idi.Sosial şəbəkələrdə də kifayət qədər istifadəçi həmin fotoları paylaşmışdı. Dərinə getməyim, amma onlara yazılan şərhlərdəki arzulara qoşulmamaq mümkün deyildi.
Bəli, artıq yeni bir bahar gəlib dünyaya. Əzilən, sümürülən, talanan xalqlar qəfəsləri sındırır və tazə gülüstan tələb edirlər. Ömrünü əsarətdə çürüdən toplumları bir bülbülə bənzətsək, deyə bilərik ki, indi onlar bir-birinin ardınca qəfəsdən çıxır, azad quşa çevrilir.Qəfəslər isə boş qalmır, “bülbüllər” öz yerlərini mübarəklərə verirlər. Öz xalqını dəmir barmaqlıqların ardına tıkanların hamısı bu aqibəti yaşayacaq. Yaşamalıdırlar da. Qoy qəfəsdə qalmağın nə demək olduğunu anlasınlar, o zaman əslində illərcə necə bir qəddarlığa, zülmə imza atdıqlarını da anlamış olacaqlar.