Türkiyədə Sərdar Turqut adlı bir yazar var. Çox maraqlı adamdır, cəmiyyətin ən aktual problemləri barədə, bizim el sözü ilə desək, ağzına gələni yazır. Hazırda o, “Habertürk”də çalışır, imkanınız olsa, Sərdarın yazılarına göz atın.
Sərdar Turqut hər dəfə 2 aprel məhbuslarının məhkəməsindən reportaj yazanda yadıma düşür. Niyə, yazıram. Bir dəfə o məqaləsində göstərmişdi ki, yeni medianın inkişafı jurnalistikaya, qəzetlərə yeni səmt verəcək. Ona görə ki, məsələn, bir məhkəmə prosesində anındaca xəbər yayan çox saylı sayt, tv varsa, onda qəzetin bir gün sonra oxucuya təqdim edəcəyi ənənəvi reportaj istənilən halda boyat olacaq. S.Turqut yazırdı, belə bir şəraitdə qəzetlərin çarəsi proseslərə özəl yanaşması, fərqli müşahidəsi olan yazarlar tapmaq olacaq ki, onların reportajı tv və saytları təkrarlamasın.
Düzdür, S.Turqutun təsəvvür etdiyi reallıqlar bizdən çox uzaqdır. Çünki Azərbaycanda azad medianın əhəmiyyətli hissəsini hakimiyyət qəsb edib. Bunun üçün də siyasi proseslərdən, siyasi çalarlı məhkəmələrdən 2-3 mətbuat orqanından başqa nə yazan olur, nə göstərən. Buna baxmayaraq, bəzən Turqut hocanın tövsiyəsinə əməl etməyə adamın ürəyi atır. Bugünkü köşədə ənənəvi reportajda yaza bilmədiklərimə yer verirəm.
***
Səbail rayonunda məhbusların sonuncu məhkəmə prosesində “Azadlıq” radiosunun əməkdaşı Ilqar Rəsulla yanaşı oturmuşduq.Məhbusları aradabir qandallayıb tualetə aparmaq üçün çölə çıxarırdılar. Prosesi izləmək üçün zala girən adi vətəndaşların çölə çıxması isə problem idi. Çünki çölə çıxanı geri qayıtmağa qoymurdular. Bu mənzərəni gözdən keçirən Ilqar mənə dedi: “Durub hakimə deyəsən ki, məni qandallayın… Soruşsa niyə? Deyəsən ki, tualetə getmək istəyirəm”.
Ilqarın bu ideyası məni xeyli güldürdü. Az qala məni buna görə zaldan çıxaracaqdılar.
***
Səssalanları hakimin o dəqiqə çölə çıxarması zaldakılardan birində də ideya yaratdı. O, üzünü məhbuslara tutub: “Səs salın, sizi də burdan azad etsinlər” dedi. Yeri gəlmişkən, “Çeşmə”çilərin məhkəməsi zamanı məhbus jurnalistlərdən birinin hakimə bu cür maraqlı bir vəsatəti olmuşdu. O, “mən prokurorun qərəzli mövqeyinə etiraz olaraq məhkəmə zalını tərk etmək istəyirəm” demişdi…
***
Məhkəmədə olmusunuzmu? Oranın qaydasıdır; kim məhkəmə önündə ifadə verir, o, standart and içir. Bu and yazılı olur, hamı onu üzündən oxuyur və katib deyir, adam da onu təkrarlayır.
Həbs edilənlərin üzünə duran 5 polis şahid kimi ifadə verdi. Polislərin birinin dediyini o birisi təkzib edirdi. Məhkəmənin sonunda bu məqama işarə edib Ilqar Rəsul növbəti şedevrini yaratdı: “Bu məhkəmədə şahidlərin üst-üstə düşən cəmi bir neçə cümləsi oldu. O da ki, andın mətni idi…
***
Səbail məhkəməsində vəkil Natiq Mustafayev şahid polisdən aksiya günü vəzifəsinin nədən ibarət olduğunu soruşdu. Polis: Işimiz kütlələri dağıtmaqdan ibarət idi.
Mənə belə gəldi ki, polisin bu səmimi cavabı həm də Azərbaycan hakimiyyətinin mahiyyətini açdı. Sirr deyil ki, bizim ölkədə polis rejimi hökm sürür. Polis də işinin dağıdıcılıq olduğunu deyir.
“Adımı sənə qoyum, səni də yana-yana qoyum”- deyilir bizim bir məsəldə. Ilham Əliyev hökuməti, onun əsas istinadgahı – polisin dediyi kimi dağıdıcı olduğu halda, müxalifəti “dağıdıcı, destruktiv ünsürlər” adlandırır.