Əliyev-Ərdoğan görüşünün mümkün pərdəarxası məqamları
Elxan Şahinoğlu: «Türkiyə Azərbaycandan PKK-nın parlamentdə tanınmasını, PKK-ya qarşı real addımların atılmasını tələb edə bilərdi»
Türkiyənin Bakıdakı səfiri Hulusi Kılıç ötən gün keçirdiyi mətbuat konfransında baş nazir Ərdoğanla Azərbaycanın dövlət başçısı Ilham Əliyevin görüşü zamanı PKK məsələsinin ciddi müzakirə olunduğunu etiraf etdi. Bu isə mətbuatda görüşlə bağlı toxunulan iki versiyadan birini təsdiqlədi. Belə ki, I.Əliyevin PKK-nı terror təşkilatı kimi rəsmən tanımasının səbəbləri sırasında iki məqam vurğulanırdı. Onlardan birincisinə görə, I.Əliyevlə Ərdoğan iki ölkəni narahat edən məsələlərə dair razılıq əldə edə bilmədiklərindən Azərbaycanın dövlət başçısı bu bəyanatı Ankaranın “könlünü” almaq üçün verib. Başqa bir fərziyəyə görə, PKK-nın terror təşkilatı kimi tanınmasına dair ciddi söhbətlər olub və görüşdən sonra I.Əliyev bu cür bəyanatla çıxış etməyə məcbur olub. Yəni, dövlət başçısının PKK-nı terror təşkilatı kimi tanıması müzakirələrin məntiqi nəticəsi olub.
Amma nə səfir, nə də görüşdən sonra Ərdoğanla I.Əliyev müzakirələrin təfərrüatlarına aydınlıq gətiriblər. Ona görə də bu gün ekspertə ünvanladığımız sual məhz Türkiyə tərəfinin Azərbaycan qarşısında hansı məsələləri qaldıra, tələbləri irəli sürə biləcəyi ilə bağlı oldu.PKK məsələsinin hər zaman Türkiyə-Azərbaycan münasibətlərinin gündəmində olduğunu deyən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, 90-cı illərin əvvəlindən başlayaraq Türkiyə rəsmiləri Azərbaycana səfərləri zamanı daim PKK məsələsi ilə bağlı narahatlıqlarını dilə gətiriblər: “O cümlədən PKK lideri Abdulla Öcalanın məhkəməsi zamanı terror təşkilatının ən güclü dayaqlarından birinin məhz Azərbaycanda olduğu ilə bağlı işlətdiyi fikir məsələni gündəmə gətirdi. Amma çox təəssüf ki, sonradan bu açıqlama ciddi araşdırılmadı. Əgər bu açıqlama cəfəngiyatdırsa, bu məsələ araşdırılmalı idi. Amma hər bir halda bu açıqlama Türkiyənin ictimai-siyasi dairələrində böyük narazılığa səbəb olmuşdu ki, qardaş dövlətlə bağlı belə bir problem varsa, niyə araşdırılmır. Halbuki bu ərəfədə Azərbaycana səfər edən bütün türkiyəli rəsmilər bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini öyrənməyə çalışırdılar”.
I.Əliyevin PKK-nı rəsmən tanıması ilə bağlı bəyanatının təsadüfi olmadığını düşünən E.Şahinoğlunun fikrincə, PKK məsələsini Türkiyə hakimiyyəti ciddi qoyduğundan rəsmi Bakı belə bəyanat verib: “Azərbaycanın dövlət başçısının Ərdoğanla birgə mətbuat konfransında PKK-nı terror təşkilatı kimi tanıdığı bəyanatını verməsi təsadüfi deyil. Əgər bu cümlə dilə gətirilibsə, onun ardınca müəyyən addımlar da atılmalıdır. Azərbaycan parlamenti PKK-nı rəsmən terror təşkilatı kimi tanımalıdır. Dəfələrlə məlumatlar yayılıb ki, Azərbaycan regionlarında PKK-nın dəstələri fəaliyyət göstərir. Əgər belə bir fəaliyyət varsa, onun qarşısı alınmalıdır. Türkiyə tərəfində ciddi məlumatlar var ki, onu Azərbaycanla bu qədər uzun müddətə müzakirə edir”.
Bu baxımdan E.Şahinoğlu hesab edir ki, Ərdoğanla I.Əliyevin görüşü zamanı iki istiqamətdə addımların atılması istənilib. Birinci istiqamət PKK ilə bağlı parlamentdə konkret qərarın qəbul olunması, ikinci istiqamət isə PKK-ya qarşı real addımların atılmasından ibarətdir: “Əgər PKK-nın elementləri özlərinə Azərbaycanda biznes qura bilirlərsə, bu istiqamətdə Azərbaycan hakimiyyəti ciddi addımlar atmalıdır”.
Hikmət