Qaralovla Mərdanovun 6 milyonluq «razborkası»

Təhsil nazirinin xalası oğlu «Asfaltzavod»un qurbanı olub

 

Bir neçə gün əvvəl təhsil naziri Misir Mərdanovun xalası oğlu Allahverdi Dəmirovun həbs olunması barədə məlumat yayıldı. Məlumatda deyilirdi ki, Respublika Prokurorluğu və Maliyyə Nazirliyi tərəfindən aparılan araşdırmalar zamanı Allahverdi Dəmirovun rəhbərlik etdiyi Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti Idarəsində korrupsiya faktları aşkar edilib. Bunun nəticəsi olaraq Allahverdi Dəmirovun həbs olunmasına qərar verilib.
Bu xəbər rəsmən təsdiqlənməsə də, Respublika Prokurorluğu Təhsil Nazirliyində korrupsiya faktlarının aşkar edildiyini və bununla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin başlanması barədə açıqlama yaydı. Bəzi məlumatlara görə, Allahverdi Dəmirov həbs edilib. Lakin prokurorluq bunu hansısa səbəbdən açıqlamaq istəmir. Misir Mərdanovun xalası oğlunun, həmçinin Təhsil Nazirliyinin bu məlumatı təkzib etməməsi Allahverdi Dəmirovun həbs edildiyi barədə şübhələri artırır.
Bu arada redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatda deyilir ki, Allahverdi Dəmirovla Misir Mərdanovun şərikli asfalt zavodu var imiş. Sonradan onlar zavodu baş prokuror Zakir Qaralova satıblar. Baş prokuror zavodu aldıqdan bir müddət sonra hesab edib ki, Misir Mərdanovla xalası oğlu obyekti ona baha qiymətə satıb. Məlumatda Zakir Qaralovun zavodu 6 milyon manata aldığı iddia olunur. Ehtimal olunur ki, zavod baş prokurorun gözlədiyi qədər rentabelli olmayıb. Bu baxımdan Zakir Qaralov düşünüb ki, Misir Mərdanovla xalası oğlu gəlir gətirməyən bir obyekti ona baha qiymətə satıblar. Məlumata görə, baş prokuror bu məsələyə görə bərk əsəbiləşib və məsələni belə qoymayacağını deyib. Məhz bundan sonra Təhsil Nazirliyindəki korrupsiya faktları Zakir Qaralovun diqqətində olub. Iddia olunur ki, Allahverdi Dəmirov da bu zavodun qurbanı olub. Məlumatda Misir Mərdanovun xalası oğlunun həbs edildiyi qəti şəkildə bildirilmir. Bununla belə, deyilir ki, Allahverdi Dəmirov azadlıqda olsa belə, bu, çox uzun çəkməyəcək.

 

İnformasiya şöbəsi