sulheddin

PKK ilə əlaqəli məmurlar həbs oluna bilərmi?

Dövlət başçısı Ilham Əliyevin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşdə PKK ilə bağlı məlum bəyanatı səsləndirməsinin səbəbləri ilə bağlı mətbuatda müzakirələr davam etməkdədir. I.Əliyevin PKK-nı terror təşkilatı kimi rəsmən tanımasının səbəbləri sırasında iki məqam vurğulanır. Onlardan birincisinə görə, I.Əliyevlə Ərdoğan iki ölkəni narahat edən məsələlərə dair razılıq əldə edə bilmədiklərindən Azərbaycanın dövlət başçısı bu bəyanatı Ankaranın “könlünü” almaq üçün verib.

Başqa bir fərziyyəyə görə, PKK-nın terror təşkilatı kimi tanınmasına dair ciddi söhbətlər olub və görüşdən sonra I.Əliyev bu cür bəyanatla çıxış etməyə məcbur olub. Əslində, PKK ilə bağlı gərgin müzakirələrin keçdiyi ilə bağlı fərziyyəni başqa məqamlar da möhkəmlədir. Hazırda Türkiyə parlamentinin sədri olan Cəmil Çiçəyin bir neçə il əvvəlki səfərini xatırlamaq kifayətdir. O zaman Türkiyənin ədliyyə naziri olan Cəmil Çiçək ölkəmizdəki PKK-çıların adları olan siyahını səfər vaxtı MTN-ə təqdim etmişdi.
Bəzi mətbu orqanları bu və başqa fərziyyələri qabardaraq bir sıra ciddi məlumatlara da yer verməkdədirlər. Onlardan bəzilərinə görə, artıq hüquq-mühafizə orqanlarında antiPKK əməliyyatlarına start verilib və yaxın zamanlarda bir neçə məmurun həbsi gözləniləndir. Bəs görəsən, bu məlumat nə dərəcədə reallaşa bilər?

«Dövlət başçısının PKK ilə bağlı bəyanatı situasiyanın dəyişdiyini göstərir»


Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərin fikrincə, zaman-zaman bu tip məlumatlar səslənir ki, Türkiyənin tələbi ilə PKK ilə əlaqədə şübhəli bilinən məmurlar həbs oluna bilər. Azərbaycanın indiyə qədər PKK-ya qarşı adekvat addımlar atmamasının təəssüfləndirici olduğunu deyən S.Əkbər hesab edir ki, dövlət başçısının bəyanatı situasiyanın dəyişdiyini göstərir: “Düşünürəm ki, bundan sonra Azərbaycan PKK-nın terror təşkilatı kimi tanınmasına dair qanunvericilik bazasının yaradılması istiqamətində addımlar atacaq. Ilham Əliyev PKK-nı terrorçu təşkilat kimi tanıdığını bəyan etsə də, bu, bir siyasi qərardır”.
PKK ilə əlaqəli bilinərək bəzi məmurların vəzifəsindən uzaqlaşdırılmasına gəlincə, S.Əkbər bildirdi ki, hələlik bu barədə məlumat yoxdur. Digər tərəfdən, I.Əliyevlə Ərdoğanın görüşünün kifayət qədər qapalı keçməsi və görüşdə müzakirə olunan məsələlər barəsində ətraflı məlumatın verilməməsi bu istiqamətdə fikir yürüdülməsini çətinləşdirir.

«PKK-ya görə bəzi məmurların həbs olunması Azərbaycan reallığına uyğun deyil»

“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, PKK ilə əlaqədə şübhəli bilinərək bəzi məmurların həbs olunması Azərbaycan reallığına uyğun deyil: “Amma PKK ilə əlaqələri olan şəxslərin hakimiyyətdən uzaqlaşdırılması, bu təşkilatla bütün əlaqələrin kəsilməsi daha ciddi məsələ ola bilər. Türkiyədə Azərbaycanda PKK-nın fəaliyyətinə və kimlərlə əlaqə saxlamasına dair yetərincə informasiyalar var”.

Hikmət