Mübarəkin 30 illik hakimiyyəti dəmir qəfəslə əvəzləndi (VİDEO/FOTO)

Devrilmiş diktatorun məhkəməsi başladı; dünya bu ibrətamiz prosesə diqqət kəsildi

 

Misir xalqı Hüsnü Mübarəkin asılmasını tələb edir

Bütün dünyanın diqqəti Misirə yönəlib. Avqustun 3-də 30 il ölkəsini dəmir yumruqla idarə edən, Ərəb dünyasının ən güclü siyasi xadimi kimi tanınan Hüsnü Mübarəkin məhkəmə prosesinə start verildi. Devrilmiş diktatorla yanaşı, oğlanları Ala, Mübarəkin varisi sayılan Camal, eləcə də Misirin keçmiş daxili işlər naziri Həbib əl Ədli də hakim qarşısına çıxarıldı.

Prezident kürsüsündən həbsxana xərəyinə

17 günlük xalq etirazlarından sonra hakimiyyətdən getməyə məcbur olan Hüsnü Mübarək iqtidarda olduğu dövrdə vəzifəsindən sui-istifadə etməkdə və bu ilin fevralında keçirilən nümayişlər zamanı mitinqçilərə atəş açılması əmrini verməkdə günahlandırılır. Prokurorlar tərəfindən edamı istənilən devrilmiş diktator səhhətilə əlaqədar məhkəmə prosesini yataqda izlədi. Misirin dövlət televiziyasının canlı yayımladığı məhkəmə prosesinin ilk iclası paytaxt Qahirədəki Polis Akademiyasının binasında baş tutdu. 83 yaşlı Mübarək müalicə aldığı Şarm əl Şeyx şəhərindən Qahirəyə təcili tibbi yardım təyyarəsi ilə, məhkəmənin keçirildiyi binaya isə vertolyotla gətirildi.

Bahalı kostyumlardan ağ rəngli müttəhim köynəyinə

30 il ölkəni dəmir yumruqla idarə edən Mübarək, oğulları Ala və Camalla birlikdə məhkəmə salonunda dəmir qəfəsə salınıblar. Mübarək qəfəsdə də yataqda – xərəkdə olub. Ata və oğulları onlara ünvanlanan suallara da elə həmin dəmir qəfəsdən cavab veriblər.
Məhkəməyə xərəkdə gətirilən Mübarək və yanındakılara ağ rəngli müttəhim paltarları geyindirilib. Müttəhimlərdən Misirin keçmiş daxili işlər naziri Həbib əl Ədlinin ikinci məhkəməsi olduğu üçün o, salonda göy rəngli paltar geyinib. Hüsnü Mübarəkin mühakimə olunduğu Polis Akademiyasını 3 mindən çox polis və əsgər mühafizə edib. Ərazi tank və hərbi helikopterlərlə mühasirəyə alınıb.

Məhkəmə zalında 18 gün davam edən və Mübarəkin devrilməsilə nəticələnən xalq üsyanında ölənlərin yaxınları da daxil olmaqla, 600 nəfər olub. Şəxsiyyətlərin dəqiqləşdirilməsilə başlanan prosesdə hakim Əhməd Rıfat salondakıları səssiz olmayacağı təqdirdə 24 saatlıq həbslə xəbərdar edib. Baş prokuror Mübarək və oğulları haqqında ittiham aktını elan edib. Ittiham aktının oxunması başa çatandan sonra hakim devrilmiş diktatora “Bu barədə nə deyə bilərsiniz?” sualını ünvanlayıb. Mübarək uzanmış vəziyyətdə oğlunun uzatdığı mikrofon vasitəsilə cavab verərək ittihamları qəbul etmədiyini söyləyib. Mübarəkdən sonra oğlanları Ala və Camal də ittihamları rədd etdiklərini bildiriblər.

Məhkəmədə “Mübarək 2004-cü ildə ölüb” iddiası

Keçmiş daxili işlər naziri Həbib əl Ədlinin vəkilləri isə iqtidarın hazırkı sahibi – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Məhəmməd Hüseyn Təntavinin şahid kimi məhkəməyə çağırılması vəsatətini qaldırıb. Prosesə müşahidəçi kimi qatılan hüquq müdafiəçiləri və vəkillər əvvəlcə özlərinə kifayət qədər təmsilçilik haqqı verilmədiyini irad tutaraq, hakimə etirazlarını bildiriblər. Gərgin anların yaşandığını görən hakim Əhməd Rifat vəkilləri və hüquq müdafiəçilərini xəbərdar edərək, onları sakitliyə riayət etməyə çağırıb.
Məhkəmə prosesində iştirak edən müstəqil vəkillərdən birinin Mübarəkin 2004-cü ildə öldüyü və yerinə ona bənzəyən bir adamın gətirildiyini iddia etməsi də gözlənilməz olub. Məhkəmənin keçirildiyi binanın çölündə toplanan müxaliflər Mübarək əleyhinə şüarlar səsləndirərək, onun edam olunmasını tələb ediblər. Diktatorun tərəfdarları isə ona dəstək aksiyası keçiriblər. Mübarək əleyhdarları və tərəfdarlarının bir-birinə daş atdığını görən təhlükəsizlik qüvvələri onları ayırmağa çalışıb.
Tarixi məhkəmənin təxminən 4 saat davam edən ilk iclası Bakı vaxtilə 17.00-da başa çatıb. Hakim növbəti məhkəmə iclasının avqustun 15-də keçirilməsi haqda qərar verib. Həmçinin inqilabdan sonra Şarm əl Şeyxdəki bir xəstəxanada müalicə alan Mübarəkin məhkəmə prosesi gedən müddətdə Qahirədəki xəstəxanalardan birində saxlanılacağı açıqlanıb.
Xatırladaq ki, Mübarəklə birlikdə keçmiş daxili işlər naziri Həbib əl Ədli və 6 yüksək vəzifəli polis rəsmisi Misirdə 18 gün davam edən etiraz aksiyaları zamanı nümayişçilərə qarşı öldürücü dərəcədə güc istifadəsinə təlimat verməkdə günahkar bilinir. Onların günahı sübuta yetirilsə, edam cəzasına məhkum olunacaqlar. Müttəhimlərdən milyarder iş adamı Hüseyn Səlim isə qiyabi mühakimə olunur. Mübarəkin yaxın dostu olan Səlim Interpol tərəfindən Ispaniyada tutulmuşdu. Prokurorlar Səlimi hökumətdən şirkətləri üçün əldə etdiyi ərazilər qarşılığında Mübarək və oğullarına Şarm əl Şeyxdə bir saray və 4 villa, 5 milyon dollardan çox pul verdiyi iddiasını irəli sürür.

Elxan