Kasıb dəmiryolçuların varlı rəhbəri

Arif Əsgərov Azərbaycanın ən zənginləri sırasındadır

Ən az maaş alan da məhz onun işçiləridir

Azərbaycanda orta aylıq əməkhaqqının həcmi adamda gülməli vəziyyət yaradır. Həmin rəqəmə baxanda statistikanı hazırlayanların öz vətəndaşlarımızı yetərincə tanıdığının şahidi oluruq. Çünki başqa millətlər belə az maaşla yaşamağı özlərinə sığışdırmaz, ən azı, bu pulla yaşamağı bacarmaz.  Amma burası Azərbaycandır və biz də biçarə azərbaycanlılar. O kəslər ki, bəd ayaqda çörək olmasa un da qovurub yeyə bilərik.
Beləliklə, Dövlət Statistika Komitəsi yanvar-iyun ayları üzrə nəqliyyatçıların sayı və aldığı əməkhaqqı barədə açıqlama verib. Bəlli olub ki, 2010-cu illə müqayisədə nəqliyyatçıların orta aylıq əməkhaqqı 19,1 faiz artaraq  (neçə imiş, aydın deyil) 428,6 manat olub. Bu qədər artan faizdən sonra ölkənin ən strateji sahəsi sayılan dəmiryolu işçilərinin maaşı 194,4 manat olub.
Hamı da bilir ki, ölkənin strateji sahələrindən biri kimi, dəmiryolu daim diqqət mərkəzindədir. Lakin bu sahədə aparılan ixtisarlardan sonra həmin sektorda çalışan işçilərin sayı cəmi 30 min nəfərdən ibarətdir. Işin maraqlı tərəfi isə, bu qədər kasıb kollektivə rəhbərlik edən Arif Əsgərovun Azərbaycanın ən varlı şəxsləri sırasında olmasıdır.
Sual yaradan məqam da elə budur – belə kasıb insanların başında duran şəxs necə olur ki, ölkənin ən varlı adamı sayılır?
Iqtisadçı-ekspert Məhəmməd Talıblı söyləyir ki, müəssisə rəhbəri adətən, aşağı gəlirli işçilər saxlayır və bu zaman rəhbərin daha çox varlanmaq imkanı yaranır. Və məhz kasıb işçisi olan qurumun rəhbəri yüksək həyat tərzi sürür. Ona görə də bu məsələyə Azərbaycan reallığından yanaşılanda elə də ziddiyyətin olmadığı görünür: “Müəssisə rəhbərinin yüksək gəlirli olması məhz onun işçilərinin aşağı gəlirdə yaşamasını şərtləndirir. Həmin rəhbər şəxslər büdcə vəsaitlərini mənimsədikdən sonra zəngin ola bilir. Onlar böyük miqdarda dotasiya da alır. Nəqliyyat, dəmiryol və digər müəssisələr büdcədən də maliyyələşir. Büdcə vəsaitləri hansı sahəyə daha çox ayrılırsa, o sahə işçilərinin əmək haqqının aşağı olması birinci şəxsin daha da zəngin olmasına gətirib çıxarır. Azərbaycan praktikasında məsələ konkret olaraq belə tənzimlənir”.

Sosial şöbə