PKK rəsmən terrorçu təşkilat kimi tanınsın

Müsavat Partiyası hakimiyyətin qarşısında tələb qoydu

Dünən Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəliyin partiyadaxili məsələ bölümündə Sumqayıt Şəhər Təşkilatının qərargahı ilə bağlı müzakirə aparılıb. Qeyd edilib ki, qərargah tam əsassız və qanunsuz olaraq təşkilatın əlindən alınıb. Onun qaytarılması üçün indiyədək aparılmış danışıqlar heç bir nəticə verməyib.
Divan bu məsələnin hüquqi müstəvidə həll edilməsi haqda qərara gəlib və məhkəməyə müraciətin hazırlanması üçün müvafiq tapşırıq verib. Divan müxalifət fəallarına qarşı qaldırılmış bu cinayət işinin tamamilə absurd, qondarma və qanunsuz olduğunu bir daha vurğulayıb və hakimiyyətdən bu hüquqi nihilizmə son qoymağı tələb edib.
Gündəliyin ictimai-siyasi bölümündə əsas müzakirə olunan məsələ Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfəri kontekstində Türkiyə-Azərbaycan münasibətləri olub. Müzakirələr zamanı qeyd edilib ki, Azərbaycan iqtidarının apardığı səhv siyasət ucbatından bu iki qardaş və təbii müttəfiq ölkə arasındakı münasibətlərdə bir sıra problemlər yaranıb və onlar həll edilmək əvəzinə daha da dərinləşir. Türkiyə vətəndaşlarına qarşı viza rejiminin tətbiq edilməsi və PKK-nın terrorçu təşkilat kimi tanınmaması xüsusi vurğulanıb.
Divan hesab edir ki, PKK rəsmi qaydada terrorçu təşkilat elan edilməlidir, onun Azərbaycan uzantılarına qarşı ciddi mübarizə aparılmalıdır və ümumiyyətlə ona qarşı mübarizədə Türkiyəyə ciddi dəstək verilməlidir(Turan).