Ovçu Pirimin siyasi nağılları

Biz mövzunu tükəndirə bilmədik, amma mövzu bizi tükəndirdi. Yəqin, başa düşdünüz, söhbət bir ölkənin siyasətindən gedir. Bəlkə də o, düşünülən tək qəliz deyil, biz özümüz onu qəlizləşdirmişik. Məsələn, Türkiyədən öz siyasi mübarizəmizlə bağlı anlaşma umuruq. Lakin Türkiyənin öz siyasətinə bələd olan belə gümanlara düşərmi? Bəli, qardaş Türkiyənin də siyasəti nisbətən normal məcraya yalnız 1980-ci illərdən sonra düşüb. O vaxta qədərsə hərbi çevrilişlər, demək olar ki, avtoritar idarəçilik…

Indi mən bəzi nüansları bir tərəfə qoyaraq Türkiyə siyasətçilərini başa düşürəm. Bəli, onlar bu ölkədə baş verənlərə daha soyuqqanlı yanaşırlar, əgər bəzi xüsusi detalları nəzərə almasaq… Eynşteyn həyata bir relyativizm gətirdi. Mühafizəkarlar bunu heç qəbul edə bilmirlər. Amma bir şey ki, təbiətdə özünü təsdiq edir, bizlər onu necə qəbul etməyə bilərik? Ona görə də bir çox məsələlərə nisbi baxmaq və onları sakit qəbul etmək lazımdır. Bilirsiniz, bu ölkədəcə ən ağrılı şey nədir? Seçkilərin saxtalaşdırılması? Yox! Müxalifətin sıxışdırılması? Yenə də yox! Ən ağrılı şey yalandır! Bu ölkədə yalan danışmaq normal hal sayılır! Yalan sözün həqiqi mənasında ayaq tutub yeriyir! Tutaq, bir sıra layihələr var ki, onlar Azərbaycan üçün çox böyük layihələrdir. Onların birinin işə düşməsi ölkədə böyük hadisə ola bilərdi, hamı bundan xəbər tutardı. Mən hökumətin iclaslarına baxıram. Deyirlər, filan layihə uzərində işlər uğurla gedir! Amma hamıya məlumdur ki, bu layihə ilə bağlı heç bir iş görülmür! Amma deyirlər ki, görülür! Nə edəsən?! Telekanallar yalan ruporu rolunu oynayır. Bunların üstünlüyü ondadır ki, nə istəsələr deyərlər və buna qarşı heç bir əks fikir də səsləndirilməz. Məsələn, deyərlər ki, artıq on il bundan əvvəl Azərbaycanın ilk kosmik raketi buraxılıb! Kim nə deyəcək!? O saat deyəcəksiniz ki, əşşi, bu boyda da yalan olmaz! Düzdür. Amma elə bu fikrinizin haradasa səslənməsi ehtimalı varmı? Bu ölkənin hesabatları, siyasi söhbətləri əsl mənada ovçu Pirimin nağıllarını xatırladır: analoqu olmayan iqtisadi inkişaf, siyasi islahat, heç bir yerdə müşahidə olunmayan ideal iqtidar-müxalifət münasibətləri…

Bir sözlə, bu ölkə Yer üzündə məhz onunla səciyyələnir ki, ondakı proseslər dünyanın başqa bir yerində müşahidə olunmur, onların analoqu yoxdur. Hə, bu yaxınlarda haradasa belə ifadə eşitdim: bizdə iqtidarla müxalifət arasında dialoq var! Əcəba, hansı dialoq? Bəs müxalifətə kiçik bir aksiya keçirməyə imkan verməyən kimdir? Onun üzvlərini həbsə atdıran, mühakimə edənlər kimlərdir? Bəlkə onlar başqa planetdən gələnlərdir? Qərəz, mən bilmirəm, bu, nəsə bizim adət etdiyimiz məntiqdən çox fərqli məntiqdir. Bəli, inkar etmək, yalanı həqiqət kimi ucadan demək! Əgər siyasət və siyasi məntiq də budursa, mən 18 il böyük siyasətdə olmadığımız üçün şükr edirəm, biz belə bacarmazdıq! Biz belə “fərasət” sahibi deyilik, təbii ki, əgər buna fərasət və bacarıq demək mümkündürsə!Bizə konstitusiya islahatları lazımdırmı?

Türkiyə daha demokratik inkişafa imkan verən bir konstitusiya qəbul etmək istəyir. Uğurlu olsun! Biz 1995-ci ildə qəbul edilən Konstitusiyaya düz ikicə dəfə düzəliş etdik. Nəticədə nə yarandı? Sadəcə, ölkədəki avtoritarizmə bir hüquqi əsas yaradıldı. Bundan artıq heç nə edilmədi. Ona görə də əgər biz özümüzdən soruşsaq ki, bu Konstitusiya ilə demokratik yüksəliş və tərəqqi mümkündürmü, gərək bəri başdan yox deyək! Mümkün deyil. Söhbət, hətta majoritar – proporsional sistemdən də getmir, problem daha qəlizdir. Ölkə demokratik təməl üzərində inkişaf etməlidir. Bu təməlin isə iki əsas prinsip və fundamenti var. Birincisi, hakimiyyət Konstitusiya və onda təsbit edilən əsas Insan Hüquqları və Azadlıqları ilə məhdudlaşmalıdır. Bundan başqa, real hakimiyyət bölgüsü və eləcə müxtəlif hakimiyyət qanadlarının bir-biri üzərində qarşılıqlı nəzarət mexanizmi öz həllini tapmalıdır. Ancaq bunlardan sonra demokratik mexanizm işə düşə bilər və biz də inkişafa ümid bəsləyə bilərik. Əks halda, hər şey imitasiya olacaq.