Lukaşenkodan xahiş edirəm, Ilham Əliyevdən xahiş etsin ki…

Hörmətli cənab Lukaşenko! Dünən bizim kraldan 300 milyon dollar kredit aldığınızı oxudum. Bundan əvvəl də bir telefon zəngi ilə 200 milyon manat borc almışdınız. Bəlli ki, bizim kralın quşu sizə qonub, yardım üçün uzatdığınız əli geri çevirə bilmir. Bir sözünüzü iki eləmir.Qiymətləndirirəm, həqiqətən böyük fərasət sahibisiniz, xalq bunlardan 18 ildir dəvə qığı da ala bilmir, amma siz maşallah, həftə səkkiz, mən doqquz, 200 milyon bir, 300 milyon bir qamarlayırsınız.

Hörmətli cənab Lukaşenko! Icazə versəniz, mətləbə keçərdim. Dediyim kimi, bizim möhtərəm bu saat sizin bir sözünüzü iki eləmir. Mənə isə bu aralar təcili pul lazımdı, həyati məsələdir, müalicəyə ciddi ehtiyacım var, amma gəl gör ki, o qədər pulu tapmaqda acizəm. Bunların banklarından kredit istəmək isə Əzrayıldan can istəmək kimi bir şeydir. Ağlınız özünüzə getməsin, sizə istədiyiniz qədər borcu istədiyiniz vaxt verə bilirlər, amma biz heç halal-hümmət pulumuzu –  batan əmanətlərimizi ala bilmirik bunlardan.

Ona görə də sizdən xahiş edirəm, Ilham Əliyevdən xahiş edəsiniz, mənə də borc versin. Əvvəlcədən öz təşəkkürümü bildirirəm.

Əli Həsənovun kabinetində kondisioner işləmir?

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova acımaq mümkün deyil. Adamın boynuna nəsə danışmaq yazılıb, amma gəl gör ki, danışdıqca gülməli duruma düşür. Qaş qayırmaq istəyir, vurub gözü də çıxarır. Çabaladıqca batır.

Məsələn, son müsahibəsində deyib ki, “Azərbaycana heç kim təzyiq edə bilməz”.

Oysa iki həftə əvvəl bir qrup türk jurnalisti ilə görüşəndə demişdi: “Biz Türkiyə ilə viza rejimini aradan qaldırmaqda problem görmürük, amma Iran buna kəskin etiraz edərək, ona münasibətdə də eyni addımın atılmasını istədi, əks halda, Azərbaycanın Naxçıvanla quru əlaqəsini kəsəcəyinə dair xəbərdarlıqla çıxış etdi”.

Indi bu ziddiyyətə nə ad qoyasan? Həm bunlara heç kim təzyiq edə bilməz, həm də Iranın bir xəbərdarlığıyla Türkiyə ilə vizanı ləğv etməkdən boyun qaçırırlar… Necə olur axı bu? Varmı bunda bir məntiq? Başa düşürük, havanın hərarəti çox yüksəkdir, istilər hamını dəng eləyib. Amma bu o demək deyil ki, dünən söylədiyini bu gün yox sayasan. Bəyəm Əli Həsənovun kabinetində kondisioner işləmir? Bir, açıqlama verəndə, kondisionerin altına keçə bilməzmi?Biz eşitmişdik yalançının yaddaşı olmaz, ancaq bu qədəri də artıq çox olmağa başlayıb. Nəfəsləri belə yalanla gedib-gəlir.Indi özünüz fikirləşin, görün, qosqoca ölkənin taleyi kimlərin əlindədir – dünən söylədiklərilə bu gün dedikləri arasında qocaman uçurum olan, bir gün əvvəllə bir gün sonra danışdıqları örtüşməyən adamların…Yazıq Azərbaycana, yüz kərə yazıq, min kərə yazıq!

Cabbarı tanımayanların suçu

Dostlar “facebook”da Cabbar Savalanlıya dəstək kampaniyası başladıblar. Kampaniyanın qısa məğzi belədir: 5 avqustda, gün ərzində bir neçə dəfə hər kəs Cabbar Savalanlı haqqında həm “facebook”da, həm də “twitter”də müxtəlif məlumatlar paylaşsın.Dünən “facebook”da “Cabbar Savalanlıya dəstək” səhifəsinə göz atdım. Xeyli üzücü statusa rastladım. Status müəllifləri Cabbarı tanımadıqlarını yazırdılar. Ədalət Şükürovun ən tanınmış adam olduğu ölkədə ədalət uğrunda mübarizə aparan gəncin tanınmaması qətiyyən təəccüblü deyil. Üstəlik, ölkə mediasının 95 faizi üzərində hakimiyyətin iradəsi varkən, xalq informasiya blokadasında saxlanılarkən azadlıq, hüquq, demokratiya savaşçıları haqqında geniş kütlənin bilgisizliyi çox normaldır.

Məni üzən başqa şeydir. Cabbara dəstək kampaniyasının səhifəsinə onu tanımadıqları haqqında uzun statuslar yazanlar heç olmasa, “google”da onun adını axtarışa verə bilməzlərmi? Axı Cabbar və Cabbar kimilər Azərbaycan üçün ədalət, azadlıq axtarırlar, barı siz də onlar haqqında informasiya axtara bilməzsinizmi? Gərək bunudamı sizin əvəzinizə başqaları eləsinlər?