Ilham Əliyev pulumuzu sovurur

Azərbaycan hakimiyyəti avtoritar Lukaşenko rejiminə 300 milyon dollar kredit verib. Bu il ərzində ikinci kreditdir. Əslində, buna kredit deməyə adamın dili də gəlmir, çünki faizlər o qədər aşağıdır ki… Mən buna “avtoritar rejimlər arasında qardaş payı” deyərdim.

Ilham Əliyev hakimiyyəti neftdən gələn pulları sağa-sola paylayır. Ancaq nədənsə, öz vətəndaşlarına əlverişli şərtlərlə kredit verməyi heç düşünmür də.Bir gün mollaya deyirlər ki, ay molla, arvadın gəzəyəndir. O da soruşur ki, bəs bizim evə niyə gəlib çıxmır?

Yəhudilərə halaldı!

Israildə orta aylıq əməkhaqqı 2 min dollardan yuxarıdır. Bizdə bu rəqəm 351 manatdır.
Israildə mal əti 5, hinduşka əti 6, toyuq əti 4 dollar, qənd 70 sentdir.
Nəzərə alın ki, bunlar mağaza qiymətləridir, Təl-Əvivin “Karmel” bazarında keyfiyyət eyni olsa da, qiymətlər bundan da ucuzdur. Buna baxmayaraq, srağagün 150 min yəhudi küçələrə çıxıb ucuz həyat tələbilə aksiya keçirib.
Yadıma “Incil”də Isa Peyğəmbərin süfrə ilə bağlı hekayəti düşdü. Tərəfdarlarının istəyilə Isa Məsihə Tanrı bir süfrə verir. O süfrə hər dəfə açılanda içərisi bildirçin əti-filanla dolurmuş. Yəhudilər o qədər müftə qidalanırlar ki, axırda Isaya üsyan edirlər: “Ey Isa, hanı bu süfrənin səbzə sarımsağı?..”Yəhudi xalqının bu istəyini kim naşükürlük kimi qiymətləndirir, öz işidir. Mən onların aksiyasını naşükürlük yox, maksimalizm sayıram və alqışlayıram.Daha yaxşı yaşamaq insanların haqqıdır!

Oqtay Şamil, səni belə bilməzdim

“Azadlıq”da Azərbaycanın qədim yazıçıları arasında gedən polemikanı həvəslə izləyirəm. Onların bir balaca mətləbi izah etmək üçün yekə-yekə səhifələrdən istifadə etməsi, bu adamların sözlə çox pis davrandıqlarını deməyə tam əsas verir. Daha dəhşətlisi isə bu yazılarda Azərbaycan Yazıçılar Birliyinin bir neçə üzvünün içində olan xıltın, cılızlığın görünməsidir.

Mən AYB üzvləri Hüseynbala Mirələmov, Fikrət Qocadan böyük mərifət nümunələri yaratmalarını gözləməsəm də, onların Şamo Arifə verdiyi cavablardan ətim ürpəşib. Deyəsən, elə Fikrət Qocanın təxminən belə şeiri var ki, “kim deyirsə insan yaşlaşdıqca müdrikləşir yalan deyir. Həqiqət budur ki, yaş artdıqca ağıllılar daha müdrik olur, ağılsızlar isə daha səfeh”.

Xalq yazıçılarının ağıllarına heç bir şübhə etmədən ona iddia edirəm ki, bu adamlar ruhən də qocaldılar, yaşca da qocaldılar, hətta qoca təxəllüsü də götürdülər, ancaq müdrikləşə bilmədilər.

“Azadlıq” qəzetində AYB üzvü Oqtay Şamilin adından gedən yazı isə, ümumiyyətlə, biabırçılıq, mətbuat, yazıçı adına üz qarasıdır.

Mən ancaq dünən bilmişəm ki, Oqtay Şamil Flora Kərimovanın ifasında sevərək dinlədiyimiz “Bilməzdim”in sözlərinə müəlliflik edib. Adam dəli olur, o cür gözəl mətnin müəllifi necə olur ki, faşistə çevrilir?

Oqtay Şamil guya vətən sevdalısıdır, ancaq qaşınmayan yerdən qan çıxarıb separatist fikirlər tirajlayır. Bu adamın ciddi formada islah olunmasına ehtiyac var. Bu adam hələ də dərk etmək qabiliyyətində deyil ki, hansısa aşığın, lap elə akademikin sözünə görə bir millətə qiymət vermək olmaz. Qiymət vermək nədir, aşıq sözünə istinad edib başqa bir milləti aşağılamaq, təhqir etmək ancaq nadan işidir.

Azərbaycanda kürd separatistlərinin, PKK-çıların olması sirr deyil. Lakin Azərbaycanda yaşayanların ayrılmaz tərkib hissəsi olan kürdləri Oqtay Şamil kimi yuxarıdakı fakta görə aşağılamaq elə öcalanlıqdır, öcalançılar qədər Türk xalqına, insanlığa düşmən olmaq deməkdir.

Yazıçı olmaq humanist olmaq deməkdir. Yazıçı insanlara məhəbbət, qardaşlıq, mərhəmət aşılayan şəxsdir. Bu işi “Bilməzdim”lə Oqtay Şamil də nə vaxtsa edib. Görünür, o da köhnəlib…