Göyçay məhkəməsində dəli yığıncağı

Hüquq müdafiəçisinin məhkəməsində “mən dəliyəm” söyləyib, canını qurtaran da oldu…

Vidadi İsgəndərli: «Müttəhim kürsüsündə otursam da, ittihamçını, məhkəməni, korrupsiyalaşmış məmurları mən özüm ittiham edirəm»

 

Ictimai Palatanın Təhqiqat Qrupunun rəhbəri, hüquq müdafiəçisi Vidadi Isgəndərlinin mühakiməsi Göyçay Rayon Məhkəməsində davam edir. Dünənki məhkəmə iclası başlamamışdan əvvəl yenə də prosesdə iştirak edən jurnalistlərin kimliyi siyahıya alındı, onların üzərindəki telefonlar, eləcə də media nümayəndələrinin foto və videokameraları, diktofonları heç bir səbəb göstərilmədən müsadróâøə edildiâø. Yalnız məhkəmə bitəndən sonra hakim bir dəqiqəlik fotoçəkilişə icazə verdi.
Hakim Elxan Süleymanovun sədrliyilə keçən məhkəmə prosesi hüquq müdafiəçisinin vəkili Xalid Bağırovun ötən dəfə qaldırdığı vəsatətə münasibətlə başladı. Qeyd edək ki, vəkil ittihamın mahiyyətinin və tövsifinin yazılı şəkildə izah edilməsini istəmişdi. Hakim bu vəsatəti təmin etdiyini, yaxın günlərdə yazılı cavab veriləcəyini dedi.
Sonra Vidadi Isgəndərlinin vəsatətləri dinlənildi. Hüquq müdafiəçisinin ilk vəsatəti həkim komissiyasının yaradılmasıyla bağlı oldu. O bildirdi ki, Göyçay Rayon Polis Idarəsində ona işgəncə verirlər:
– Məni psixoloqlar yox, həkimlər müayinə etsin. Ruhi xəstə deyiləm ki, üstümə psixoloq göndərilir. Ruhi xəstələr dövlət ittihamçısının məhkəməyə gətirdiyi şahidlərdir. Burada 50 dərəcə isti olur. Heç kim dözə bilməz, ancaq mən insanların azadlığı naminə hər cür fədakarlığa dözürəm. Mənə nə ventilyator, nə də yelpik verirlər. Üstəlik, dünəndən (avqustun 1-dən) gəzintiyə də qoymurlar. Bu əmri polislərə icra başçısı Mənsur Məmmədov verib. O, bütün əlaqələrini işə salıb, mənə işgəncə verdirmək istəyir. Bir daha deyirəm, hər şeyə dözüb, sona qədər mübarizə aparacağam.
Hüquq müdafiəçisinin ikinci vəsatəti icra başçısı Mənsur Məmmədov və bu rayondan deputat olan Iqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin öyrətdiyi adamlara qarşı tədbir görülməsi barədə oldu:
– Icra başçısının və təyinatlı deputatın adamları ATƏT-i, BMT-ni təhqir edir. Vəkilim Xalid Bağırova təzyiq göstərirlər. Hər vəchlə onu mənim müdafiəmdən ayırmağa çalışırlar. Məhkəmə proseslərinə qatılıb məni dəstəkləyən insanların heysiyyatıyla oynayırlar. Qohumlarıma, jurnalistlərə, o cümlədən vəkilimə söz atırlar, alçaltmaq istəyirlər. Bu nə hoqqabazlıqdır? Xahiş edirəm, bu insanlara qarşı məhkəmə tədbir görsün.
Vidadi Isgəndərlinin növbəti müraciəti məhkəmə vasitəsilə Ilham Əliyevə ünvanlandı:
– Mənim həbsim siyasi xarakter daşıyır. Dövlət ittihamçısının mənə nə qədər iş istəyəcəyini bilirəm. Prokurorun dediyi işdən 6 ay azaldıb məhkəmə barəmdə hökm çıxaracaq. Indiyə qədər baş verənlər bir daha sübut etdi ki, məhkəmə ədalətli deyil. Əgər ədalətli olsaydı, məni zaldan azad edərdilər. Məhkəməyə təşrif buyuran şahidlərin istintaqa ifadələrilə burada dedikləri arasında yerlə göy qədər fərq var. Bu kifayət edərdi ki, indi azadlıqda olum. Ancaq bilin, bu gün məni mühakimə edənləri bir gün mən özüm ittiham edəcəyəm. Necə ki, indi müttəhim kürsüsündə əyləşib, ittihamçını, məhkəməni, korrupsiyalaşmış məmurları ittiham edirəm.

Bura məhkəmədir, yoxsa market?

Prokuror vəsatətlərin təmin olunmamasını istədi. Elə hakimin də qərarı prokurorun mövqeyinə uyğun oldu – vəsatətlər təmin olunmadı. Bu da Vidadi Isgəndərlinin etirazına səbəb oldu:
– Bura marketdir? Vəsatətlərin təmin olunmadığını artıq məhkəmə “optovoy” açıqlayır…
Hüquq müdafiəçisinin etirazlarına dərhal reaksiya verildi. Məhkəməyə iştirakçı kimi təşrif buyuran, amma icra başçısı Mənsur Məmmədovun göstərişilə prosesə qatıldığı bildirilən Kommunal Təsərrüfat Birliyinin rəhbəri Loğman Əliyev Vidadi Isgəndərliyə, onun vəkili Xalid Bağırova irad tutdu. Bu azmış kimi, hətta onları təhqir də etdi. Proses iştirakçıları buna etiraz etdi, zalda bir neçə dəqiqə ara qarışdı. Hakim çarəsiz qalıb, Loğman Əliyevin bundan sonra heç bir prosesə buraxılmaması barədə qərar qəbul etdi. Hakimin bu addımını proses iştirakçıları alqışladı.

“Mən dəliyəm!”

Daha sonra şahidlərin ifadələri dinlənildi. Əvvəlcə Şərafəddin Bayramov dindirildi. O bildirdi ki, seçki günü səs vermək üçün məntəqəyə gedib:
– Məntəqəyə çatmamış gördüm ki, səs-küy var. Geri qayıtdım. Mən Qarabağ döyüşçüsüyəm. Üç dəfə kontuziya almışam. Səs-küydə özümü pis hiss edirəm.
Bu ifadədən sonra dövlət ittihamçısı Şərafəddin Bayramova suallarını ünvanladı:
– Seçki günü məntəqəyə kiminlə getmişdiniz?
– Tək. Məqsədim səs verib, sonra örüşə getmək idi…
– Nə səs-küy idi?
– Bilmədim. Məntəqədən təxminən 100 metr aralıdaydım, geri qayıtdım. Kimin etdiyini görmədim. Səbəbini də bilmədim.
– Maraqlandınızmı ki, nə səs idi?
– Xeyr…
Xalid Bağırov ittihamçının sonuncu sualına etiraz etdi. Bildirdi ki, mövcud qanunvericiliyə görə, şahidin kimdənsə eşitdiyi söz məhkəmə üçün əsas ola bilməz. Hakim etiraza reaksiya vermədi. Sonra vəkil şahidə suallarını verdi.
– Siz Vidadi Isgəndərlini tanıyırsınız?
– Seçkiyə qədər onu tanımamışam. Seçki vaxtı bilmişəm ki, belə bir şəxs parlamentə namizədliyini irəli sürüb.
– Səs-küy vaxtı Vidadi Isgəndərlinin gördünüzmü seçki məntəqəsində?
– Xeyr. Onu ilk dəfə canlı olaraq burada görmüşəm.
– Özünü zərərçəkən kimi hiss edirsən?
– Xeyr. Sadəcə səs-küydən məntəqəyə getməmişəm. Orada kimin nə etdiyini isə bilmirəm.
Sonra Şərafəddin Bayramovun istintaqa verdiyi ifadə elan olundu. Məlum oldu ki, həmin ifadədə Bayramovun Vidadi Isgəndərlinin yaratdığı ajiotaca görə məntəqəyə getmədiyi qeyd olunub. Şahid səslənən ifadə ilə razılaşmadı. Söylədi ki, yazıb-oxuya bilmədiyi üçün hazır ifadənin altına imza atıb:
– Səyyad adlı şəxs gəlib dedi ki, bu kağıza qol çək. Səbəbini soruşdum, dedi ki, imzanla seçkidə iştirak etmədiyini təsdiq edirsən. Ancaq orada nəyin yazıldığını bilmədim.
Məntəqə katibindən seçki saxtakarlığının etirafı
Digər şahid – 2 saylı seçki məntəqəsinin katibi Eldar Babayev məhkəməyə ifadəsində bildirdi ki, günorta saatlarında Vidadi Isgəndərli məntəqəyə gələrək onları təhqir edib:
– Bizə dedi ki, siz saxtakarsınız, hamınızı həbs etdirəcəm. 7-8 kəsilmiş bülleteni götürmək istəyəndə mənimlə məntəqə sədri Azad Xudaverdiyev buna imkan vermədik.
Vəkil Xalid Bağırovun şahidə müəyyən sualları oldu:
– Neçə il seçki təcrübəniz var?
– On ildən çoxdur.
– Sizcə 7-8 kəsilmiş bülleten olmalıdırmı? Qanun buna icazə verirmi?
– Yox. Sadəcə biz insanların növbədə durmaması üçün bu addımı atmışıq.
– Bununla demək istəyirsiniz ki, qanunsuzluq etdiyiniz üçün Vidadi Isgəndərli sizi “saxtakar” adlandırıb…
– Yox…
– Bəs nə? Qanuni işlədiyinizə görə o belə edib?
Xalid Bağırovun daha bir neçə sualına cavab verə bilməyən Eldar Babayev məhkəmə zalını tərk etdi.
16 saylı məntəqədə müşahidəçi olmuş, ixtisasca psixoloq Məzahir Cəfərov da şahid qismində ifadə verdi. Bildirdi ki, seçkiyə öz təşəbbüsü ilə qatılıb. Sualların içində itib-batan şahid sonda “Mən dəliyəm. Psixoloq olsam da, özüm də ondanam” deyərək canını qurtardı.
Vidadi Isgəndərli isə bu dialoqun protokola qeyd olunmasını tələb etdi.

“Səhvən kəsilmiş” seçki bülletenləri

16 saylı MnSK üzvü Səmid Hüseynov şahid ifadəsində bildirdi ki, Vidadi Isgəndərli məntəqəyə gələrək seçki prosesini pozub:
– Məntəqəyə daxil olan kimi “siz saxtakarsınız, hamınızı həbs etdirəcəyəm” dedi. Səbəb isə 16 bülletenin səhv kəsilməsi idi. Halbuki, biz onu aktlaşdırmışdıq.
Bununla belə, şahid akta qol çəkib-çəkmədiyini xatırlamadı.
Xalid Bağırov:
– Vidadi Isgəndərlinin bu cür etiraz etməsinin səbəbi nə idi?
– 16 bülletenin səhv kəsilməsi idi. O deyirdi ki, məntəqə sədri bilərəkdən 16 bülleteni birdən kəsib. Biz isə bunun belə olmadığını deyirdik.
– Məntəqə sədri bülletenləri bir-bir kəsirdi, yoxsa birdən?
– Tək-tək…
– 16 bülleteni tək-tək səhv kəsmək sizcə mümkündürmü?
– …
– Siz hüquq və vəzifələrinizi bilirsiniz?
– …
– Istintaqa verdiyiniz ifadə ilə məhkəmədə söylədiyiniz arasında ziddiyyət var. Bunu necə izah edə bilərsiniz?
– …
Qeyd edək ki, Səmid Hüseynov istintaqa ifadəsində Vidadi Isgəndərlinin səhv kəsilmiş 16 bülleteni ələ keçirmək üçün zor tətbiq etdiyini, məntəqə sədrinin sinəsinə vurduğunu yazıb. Ancaq məhkəmədə sadəcə, onu əli ilə itələdiyini söylədi. Bu ifadələrin hansının doğru olduğunu aydınlaşdıranda əvvəlcə məhkəmədə söylədiklərinin həqiqət olduğunu dedi. Dövlət ittihamçısının, eləcə də hakimin bir neçə cəhdindən sonra fikrini dəyişdi.

Təmsil etdiyi QHT-nin adını bilmir

Prosesin gedişində Vidadi Isgəndərlinin daha bir vəsatəti seçki məntəqələrində quraşdırılmış veb-kamaraların yaddaşının sübut kimi məhkəməyə təqdim edilməsi barədə oldu:
– Veb-kameraları gətirin. Burada daha özümüzü yormayaq. Kimin günahkar olub-olmadığını aydınlaşdıraq. Sonra siz də verilən tapşırığı yerinə yetirin.
Hakim zərurət yaranacağı təqdirdə veb-kameralardan istifadə olunacağını söylədi.
16 saylı məntəqədə müşahidəçi olan Məmmədov Əmirxanda öz hüquq və vəzifələrini bilmədiyini söylədi. Üstəlikdə qeyd etdi ki, o seçkiyə QHT-lərdən birinin müşahidəçisi kimi qatılıb. Ancaq o, hansı QHT-nin müşahidəçisi olduğunu deyə bilmədi.
Qeyd edək ki, 16 saylı MnSK-da 6 komissiya üzvünün beşi bir məktəbin müəllimidir.

Şahid istintaqı alt-üst elədi

17 saylı seçki məntəqəsinin üzvü Hicran Abdullayeva Vidadi Isgəndərlini parlament seçkiləri zamanı plakatlardakı şəkillərdən tanıdığını dedi. Amma məhkəmə zalında prokurorun “Vidadi Isgəndərli kimdir?” sualına əli ilə məhkəmə iclas katibini katibini göstərdi.
17 saylı məntəqədən şahid kimi prosesə cəlb edilən Xuraman Süleymanova sualları cavablandırarkən istintaqı alt-üst etdi. O, seçki günü Araz Ələkbərovla Vidadi Isgəndərlinin dalaşmadığını bildirdi. Həmçinin söylədi ki, Isgəndərli bülletenləri götürüb çölə çıxarkən məntəqədən yalnız Ələkbərov onunla birgə çıxıb və buna etiraz edib:
– Müşahidəçilər və komissiya üzvlərinin hamısı içəridə qaldı. Heç kəs onların nə söhbət etdiyini görmədi. Araz qayıdanda isə köynəyi sökülmüşdü.
Istintaq materiallarında öz əksini tapan “Vidadi Isgəndərli ilə dalaşan Araz Ələkbərov dərhal prokurorluğa gedib” ifadəsi də puç oldu. Çünki şahidin ifadəsindən sonra məlum oldu ki, Ələkbərov seçki bitənə qədər məntəqədə olub.
Xuraman Süleymanova “maaşınız nə qədərdir?” sualına “50 şagirdə dərs deyirəm, 100 manat alıram” cavabını verdi. Vəkil Xalid Bağırovun son sözü isə belə oldu:
– Vidadi Isgəndərli sizin uğrunuzda döyüşür ki, 50 şagirdə dərs deyən müəllim 100 manat almasın.
Məhkəmə prosesi bu gün davam edəcək.

Ramin DEKO