Rəcəb Tayyib Ərdoğan da gəldi və getdi. Söz vermişdi ki, gələcək. Sözünün üstündə durdu. Mən başqa bir şey başa düşmədim. Yadımda iki detal qaldı. I.Əliyev nəhayət ki, Azərbaycanın da PKK-nı terrorçu təşkilat kimi tanıdığını ilk dəfə açıq mətnlə bəyan etdi. Digər detal isə Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə bağlı oldu. Layihə üzərində iş uğurla gedir, onun qiyməti 300 milyondan 800 milyon dollara çatıb! “Nabukko” haqqında isə söhbət olmadı, hərçənd bu ilin oktyabr ayına qədər Azərbaycan mövqeyini müəyyən etməlidir.
Viza məsələsi də yada düşmədi. Bunlar yenə də Irandan ehtiyat edirlər. Deyirlər ki, Türkiyə ilə viza rejimi aradan qaldırılarsa, Iran Naxçıvanla quru yolunu kəsəcəyi ilə hədələyir. Mənə elə gəlir ki, bu məsələ müəyyən qədər risk tələb edir və bu riskə getmək olardı. Türkiyə də, Iran da artıq Azərbaycan vətəndaşları üçün vizanı götürüb və Azərbaycan da hər iki dövlətə münasibətdə bu addımı ata bilərdi. Birincisi, viza siyasi məsələdir, bundan gələn gəlirlərə Azərbaycanın elə bir ehtiyacı yoxdur. Ikincisi, viza sipər deyil, Çin səddi deyil, texniki məsələdir, onsuz Irandan Azərbaycana gəlmək istəyənlər gəlirlər. Bəli, düzdür, Iran problemli dövlətdir. Amma nə etmək olar? Gürcüstan və xüsusən də Ermənistan Iranla geniş əlaqələr və münasibətlər qururlar, buna görə də qınanmırlar, çünki Iranla ixtilafda olan ölkələr vəziyyəti qiymətləndirməyi bacarırlar. Region Rusiya və Iranın birgə yaratdığı coğrafi və geosiyasi tıxacda yerləşir, bizim regional əməkdaşlıq imkanlarımız və regional tərəfdaş seçimimiz məhduddur, necə deyərlər, dövlətlər qonşularını seçmirlər. Vəziyyət belədir və bu vəziyyətdən də çıxış edərək hər iki dövlətlə viza məhdudiyyətlərini aradan qaldırmaq olardı. Çox böyük ehtimalla bu, böyük siyasətdə elə bir anlaşılmazlıq yaratmazdı, çünki əvvəldə dediyim kimi, böyük dövlətlər də vəziyyəti qiymətləndirmək və başa düşmək iqtidarındadırlar. Ona görə düşünürəm ki, Türkiyə ilə viza problemi həll edilə bilər, bunun üçün sadəcə risk etmək və Iran vətəndaşları üçün də vizanı götürmək lazımdır.
Doğrudanmı dünyada obyektiv adam qalmayıb?
“Freedom House” təşkilatının təmsilçisinin dedikləri yenə də birtərəfli və subyektiv fikirlər kimi qiymətləndirildi. Bu haqda yazmaqdan, danışmaqdan artıq bezmişik. Beynəlxalq təşkilatların dedikləri, bəyanatları onların ölkədə mövcud olan vəziyyətə reaksiyasıdır. Onlarsız da hər şey məlumdur. Necə deyərlər, görünən dağa nə bələdçi! Seçkilər saxtalaşdırılır! Yəni, düz deyil? Bəlkə biz özümüz bunu demirik? Müxalifətə siyasi aksiyalar keçirmək üçün şərait yaradılmır! Bəlkə yalandır?! Jurnalistlər təqib olunur! Bəlkə bunu da inkar edəcəksiniz?!..
Burada bir məsələni açıq demək lazımdır. Bəli, bir sıra nüanslar var ki, onları qeyd etməyə dəyər. Beynəlxalq təşkilatların, ölkələrin avtoritar rejimlərdəki vəziyyətlə bağlı çıxışlarına irad tutmaq mümkündür və bunu qısa şəkildə belə ifadə etmək olar: Niyə məhz indi bu haqda söhbət açırsınız? Niyə əvvəllər susurdunuz və ya axımlı ifadələrlə keçinirdiniz? Hə, bu haqda danışmağa dəyər. Heç kim üçün sirr deyil ki, avtoritar rejimlərdəki vəziyyətdən bəzən bu rejimlərə təzyiq üçün istifadə edirlər, amma bir qayda olaraq heç nə uydurulmur, iradlar obyektiv olur! Hamı bilir ki, avtoritar rejim bir qayda olaraq bərbad vəziyyətdə olur. Obyektiv insanlar bu vəziyyəti çox yaxşı bilir və həmişə də qeyd edirlər. Amma bəzən siyasi məqsədlər də olur və buna da səbrlə yanaşmaq lazımdır. “Freedom House” bildiyim qədər hər an obyektiv olub, məhz bunun nəticəsidir ki, bizim hakimiyyət bu təşkilatı heç sevmir, onun gün kimi aydın iradlarını belə, qərəz kimi qəbul edir.
Ölkə sözün həqiqi mənasında əsl Şərq despotiyasına doğru addımlayır, onun bir addımlığındadır. Məgər bu yalandırmı? Beynəlxalq təşkilatlar bunu deməsə, özümüz bilmirik? Bunlar daxildən olduğu kimi, xaricdən də ancaq və ancaq tərif gözləyir. Amma elə hesabat tanımıram ki, orada hansı dövlət haqdasa tərif söylənsin.