Əliyevi öz adamı ifşa etdi

Prezident Administrasiyasının şöbə müdirinin bir müsahibəsindəki tezislərə cavab

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov “Yeni Müsavat” qəzetinə müsahibə verib. O, ilk suala cavabında hələ qanqaraçılığı keçməmiş Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı səfərini “bəh-bəh”lə təqdim edib: “Səfəri çox müsbət dəyərləndirirəm. Bu səfər ilk növbədə onu göstərdi ki, Azərbaycanla Türkiyə arasına girmək istəyənlər, bu iki analoqu olmayan, dost, müttəfiq, qardaş dövləti bir-birinə salışdırmaq istəyənlər var”.
Bu sitatı oxuyandan sonra bir xeyli suallar və fikirlər yaranır ki, onu da hörmətli oxucunun diqqətinə çatdırmaq vacibdir. Birincisi, Türkiyə kimi Azərbaycana əhəmiyyətli olan bir dövlətin siyasi liderilə bu münasibət nədən qaynaqlanır? Yoxsa, Ilham Əliyev Kazan görüşünün təcrübəsindən yararlanır? Yəni, əvvəlcə razılıq verir, görüş vaxtı imtina edir. Belə olmasaydı, Ərdoğan kimi hər addımından fayda götürməyi planlaşdıran bir siyasətçi bu boyda yolu Ilham Əliyevlə birlikdə Sərkisyanı hədələmək üçün gəlməzdi.
Göründüyü kimi, ortada çox ciddi problemlər var. Eyni zamanda, Əli Həsənov guya, canıyananlıq eləyib deyir ki, “aramıza girmək istəyənlər var”. Adamdan soruşmazlarmı ki, qardaş, aranız nə boyda açılıb ki, ora Rusiya və Iran kimi iki nəhəng sığışır? Bu nə ara verməkdi belə sizdə? Bir qədər məntiqli olmaq, siyasi işin qaydalarına əməl etmək, qonşu və dost dövlətlərlə davranmağın yolunu bilmək lazım deyilmi? Məncə, lazımdı. Yoxsa, yağla şorun qiyməti bir olan bazarda asmağa adam axtaranda ilk ağla gələn “başı yekə, boynu balaca”nı edam etməkdir ki, bu kriteriya da ilk növbədə sizə sərf eləmir.

Əlaqə nə əlaqə…

Əli Həsənov etməyib tənbəllik, Türkiyə ilə əməkdaşlığın inkişaf edən sahələrini sadalayıb: “Sözün həqiqi mənasında bütün sahələrdə, demək olar ki, regional, beynəlxalq münasibətlərdə, terrorizmə qarşı mübarizə məsələlərində, iqtisadi, siyasi əlaqələrdə, enerji sahəsində əməkdaşlıqda hər iki dövlət başçısı iki ölkə arasındakı münasibətləri analoqu olmayan, strateji müttəfiqliyə əsaslanan və sürətlə inkişaf edən əlaqələr kimi xarakterizə etdilər”.
Başlayaq regional sahədən; Əli Həsənovun özü demirdimi ki, Türkiyə ilə münasibətlərimizi bu ölkəni NATO üzvü kimi qəbul edəndən sonra qururuq? Bu bəyanatdan sonra durub da “Regional əməkdaşlığımız var” deyəndə adama gülməzlərmi?  Yaxud da Əli Həsənov özü bilmirmi ki, onun da çalışdığı administrasiya var gücü ilə Moskvaya qoşulub Cənubi Qafqazda Türkiyəni sıxışdırır? Bunu Ilham Əliyev ABŞ diplomatlarına şəxsən deməyibmi? Nə ehtiyac var idi, indi bunları xatırladıb öz rəhbərini yenidən ifşa etməyə?
Enerji sahəsindəki əməkdaşlığı da gördük. Elə ürəklə deyir ki, guya, qaz sazişi imzalanıb və biz bundan xəbərsizik. Ilham Əliyevin regionun enerji mərkəzinə çevrilməsini istəmədiyi ölkə Türkiyə deyilmi, hörmətli siyasət uzmanı? Axı belə günahları olan adamlar gərək başqalarının əsəblərinə toxunan hərəkətlər etməsinlər…

Sima itirmək qorxusu…

Bir gündə özünü ən çox təkzib edən məmur kimi yadda qalan Əli Həsənov müxalifətin ünvanına da ittihamlar səsləndirib. Müxbir, AXCP sədri Əli Kərimlinin “müharibə başlasa, hakimiyyət müxalifətin dəstəyinə ümid edə bilər” fikirlərinə Əli Həsənovdan münasibət öyrənərkən PA-nın şöbə müdiri belə cavab verib: “Qarabağ məsələsində onlar iqtidara dəstək verməyə məcburdular. Çünki əks təqdirdə olub-qalan simalarını da itirərlər və xalqın içərisinə çıxmağa üzləri qalmaz. Qoy onlar tək Dağlıq Qarabağ məsələsində iqtidarın yürütdüyü siyasəti dəstəkləməsin, Azərbaycan xalqının maraqları üzərində qurulmuş digər məsələləri də dəstəkləsinlər. Məlumdur ki, Qarabağ məsələsində iqtidarın yürütdüyü siyasət onsuz da opponentə ehtiyac olmayan siyasətdir. Belə siyasətdə iqtidarı dəstəkləməyə nə var ki?”
Birincisi, Əli Həsənov çox da sevincək olmasın. Azərbaycan müxalifəti Ilham Əliyevin Qarabağ siyasətini dəstəkləmir. Qarabağı müdafiə edir. Dövlətin dəyişməz maraqlarını müdafiə edir. O maraqların içərisində isə Ilham Əliyevin müzakirəyə çıxarmağı qəbul etdiyi və keçirilməsinə razılıq verdiyi referendum məsələsi yoxdur. Söhbət Qarabağı Azərbaycandan ayırmaq üçün nəzərdə tutulan referendumdan gedir. Bu siyasəti kim dəstəkləyər ki? Yalnız bu xalqa qənim kəsilmiş, şəxsi maraqları naminə dövləti talayanlar və bir də bu talançılıqdan qarnını doyurmağı umanlar…
Ilham Əliyevin siyasəti nəticəsində Azərbaycan dünyada faktiki müttəfiqsiz qalmayıbmı? Bütün beynəlxalq təhlükəsizlik çətirlərindən bu hakimiyyətin siyasəti nəticəsində məhrum olmamışıqmı? Ilham Əliyev Azərbaycan Ordusunu 60-cı illərin sovet silahları ilə silahlandırmağa “Qarabağ siyasəti” deyirsə, biz də deyirik ki, indi T-72 ilə Rusiyada donuz otarırlar, müharibə eləmirlər. Biz isə çoxdan kolxoz siyasətinə “yox” demişik. Bizim bir xalq olaraq, torpaqlarımızı müharibə yolu ilə geri almaq haqqımız var. Biz xalqımızın bu haqqını dəstəkləyirik. Yoxsa ki, müharibə bəyanatlarını gülüş obyektinə çevirən hakimiyyətin qeyri-ciddi addımlarının qayğısını çəkmək kimi bir fikrimiz yoxdur. Biz sadəcə, xalqımızı dəstəkləyir və onu xəbərdar edirik ki, əgər bu cür yarıtmaz bir hökumət müharibə etsə, biz ona qarşı yeni cəbhə açmarıq, torpaqlarımız naminə müharibəyə dəstək verərik, silaha sarılarıq. Yoxsa, bizi öz siyasətini dəstəkləyirik kimi təqdim edib, sonra da minnət qoymaq… Əli Həsənov üçün çox tezdi.

Iştah diş altındaymış…

Əli Həsənovun fikrincə, Qərb, o cümlədən ABŞ Azərbaycan hökumətini tənqid edəndə biz hakimiyyətə dəstək verməliyik. Ay sağ ol, bu zəkaya görə. Bizdən Qüdrət Həsənquliyev olmağı istəyirsiz? ABŞ nə vaxt milli maraqlarımızı tapdayan bəyanat verib, addım atıb ki? Xəzərdə Rusiya silahlanır, bizə yardım təklif edir, Iran silahlanır, onun kimi. Rusiya təpəqapaz edib Kazanda Qarabağı əlinizdən alacaqdı, bunu da o Qərb əngəlləmədimi? Brüssel görüşü olmasaydı, Ilham Əliyev əvvəlcədən verdiyi sözü poza biləcəkdimi? Bəlkə gələk, Ilham Əliyev lent kəsəndə əl çalaq? Özünüzə yaxşı baxın.

Seymur Həzi