Bundan sonra tikinti materiallarına, ərzaq məhsullarına və mebelə sertifikatı Ramiz Həsənov verəcək
Azərbaycanda tikinti və inşaat materiallarının, idxal olunan ərzaq məhsullarının və mebelin sertifikatlaşdırılması üzrə orqanlar akkreditasiya olunub. Keyfiyyəti idarəetmə sistemləri üzrə iki orqanın fəaliyyəti razılaşdırılıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, “Azsertservis” MMC ölkəyə gətirilən və daxildə istehsal edilən tikinti və inşaat materiallarını sertifikatlaşdıracaq.
Bundan başqa, “Interstandartservis” MMC mebel üzrə sertifikatlaşdırma aparacaq. Bu müəssisənin əsas məqsədi istehsal və idxal edilən mebel məhsullarının və mebel məhsulları üçün yarımfabrikat məmulatlarının sınaqlarını aparmaq və normativ sənədlərin tələblərinə uyğun olan məhsulları sertifikatlaşdırmaqdır. “Sertifikat Servis” MMC isə idxal olunan ərzaq məhsullarının sertifikatlaşdırma orqanı kimi Milli Akkreditasiya Sistemində akkreditasiya olunub. Təşkilatın əsas məqsədi idxal olunan ərzaq məhsullarının sınaqlarını aparmaq və normativ sənədlərin tələblərinə uyğun olan məhsulları sertifikatlaşdırmaqdır.
Hər üç orqan öz fəaliyyətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin normativ sənədlərini rəhbər tutur və onlar tərəfindən verilən uyğunluq sertifikatlarının dövlət reyestrində qeydiyyatını Dövlət Komitəsi aparır.
“Azadlıq” olaraq qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbəri Ramiz Həsənovdur. Vaxtilə Gürcüstanda səfir olmuş R.Həsənovun dövlət başçısı Ilham Əliyevin tələbə yoldaşı olduğu bildirilir. Ilham Əliyevin Ramiz Həsənova əlavə səlahiyyətlər verməsi onu hakimiyyətdəki oliqarxlarla üz-üzə qoyacaq. Çünki Ramiz Həsənovun sertifikat verəcəyi məhsulların idxalı ilə məmur-oliqarxlar məşğul olur. Bu sırada fövqəladə hallar naziri Kəmaləddin Heydərovu, Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun adını xüsusi çəkmək olar. Məsələn, mebel, tikinti materialları və ərzaq məhsullarının idxalı bu iki şəxsin nəzarətindədir.