Oğlunun məhkəməsinə getmək istəyən ata döyülərək həbs olundu
Adı işgəncələrdə hallanan rəis müavini bu dəfə də ənənəsinə sadiq qaldı
Arzuman Məcidli: “Süleyman Nemətov əməlli-başlı qoçuluq edirdi”
2 aprel mitinqinə görə həbsə atılan gənclərin – AXCP fəalı Elnur Məcidli, Müsavat fəalları Əhəd Məmmədli, Rüfət Hacıbəyli və bitərəf Ülvi Quliyevin işi üzrə dünən Nəsimi Rayon Məhəkəsində keçirilən prosesdə başdan sona qədər qalmaqal yaşandı. Prosesi izləmək üçün məhkəmə binasının önünə gənc fəalların ailə üzvləri, yaxınları, partiya yoldaşları toplaşmışdı. Elə ilk insident polislərlə onlar arasında yaşandı. Ötən prosesdəki izdihamın təkrarlanmaması üçün ərazidə Nəsimi Rayon Polis İdarəsinin çoxlu sayda əməkdaşı, həmçinin Post Patrul Xidməti maşınları var idi.
Üstəlik yaxınlıqdakı çayxananı da yığışdırmışdılar ki, adamların oturması üçün yer olmasın.
Polislərin “təmizləmə əməliyyatı”
Polislər prosesə gələnlərdən məhkəmə binasının önündən uzaqlaşmağı, hasarın arxasında dayanmağı tələb etməyə başlayanda mübahisə yarandı. Qarşı tərəf etiraz etdi ki, binanın önündə dayanmaq hüquqları var və kimsə onları ərazidən uzaqlaşdıra bilməz. Polis işçiləri yenə təkidlə ərazini tərk etməyi tələb edərək prosesə buraxılacaq şəxsləri özləri siyahı ilə çağıracaqlarını bildirdilər. Təxminən on beş dəqiqə tərəflər arasında söz atışması getdi. Gənclər heç bir halda məhkəmənin önündən tərpənməyəcəklərini bildirdilər. Elnur Məcidlinin atası Arzuman Məcidli də oğlunun məhkəməsinə gəldiyini və onu binanın önündən qovmağa kimsənin ixtiyarının olmadığını deyərək polislərə etirazını bildirdi. Etirazlara baxmayaraq polislər adamları zorla hasara tərəf sıxışdırmağa başladılar. Bu zaman müsavatçı fəal Ramil Abdullayevlə polislərdən biri arasında mübahisə başladı. R.Abdullayev üzünü həmin polisə tutaraq “hələ bilmək olmaz o formanı çıxardandan sonra kimsən, nömrəni tapıb görüşəcəm səninlə” – deyərək əsəbi şəkildə reaksiya verdi.
“Əəə, sən kimsən ki, polisi hədələyirsən?”
Elə bu anda hadisə yerinə xidməti avtomobili ilə Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətov gəldi. S.Nemətov R.Abdullayevin polislə söz mübahisəsinə qəddarlıqla müdaxilə etməyə başladı. “Əəə, sən kimsən ki, polisi hədələyirsən, nömrəsini tapıb görüşürsən” deyən rəis müavini R.Abdullayevin üzərinə hücum etdi. Gənc faəla qəzəblə yaxınlaşan S.Nemətov R.Abdullayevin qarnına yumruğu ilə çox ağır zərbə endirdi. Zərbənin ağırlığından ikiqat olan R.Abdullayev ağrıdan qışqıraraq yerə çökdü. S.Nemətov isə “basın bunu içəri, buna bax, polisi hədələyir, içəridə başa salacaqlar səni”. Ürəyi soyumayan S.Nemətov kobud ifadələr yağdırmaqda davam edir, polislərə camaatı ərazidən dağıtmaq göstərişi verirdi. Qarşıqlıqdan polislərin özünü itirdiyini görən rəis müavini qarşısındakı yaşlı bir polis zabitinə əsəbi şəkildə “Üzümə niyə baxırsan, bas içəri!” deyə əmr verdi. Bu zaman Arzuman Məcidli “Məni də tutun, aparın, belə qanunsuzluq olmaz” deyərək Süleyman Nemətovun yanında uca səslə etiraz etməyə başladı. Rəis müavinindən onu da həbs etmək göstərişi gəldi. İki polis əməkdaşı A.Məcidlinin qollarını vəhşicəsinə buraraq, ona yumruq zərbələri vuraraq polis maşınına saldılar. Onun ardınca “Bu kişini niyə həbs edirsiniz, ağsaqqal adamdır, Elnur Məcidlinin atasıdır, məhkəməyə gəlib” deyərək polislərə etiraz edən A.Məcidlinin qohumu gənc Rövşən Nəzirlini də tutub polis maşınına basdılar.
“Heç erməni adamla bunlar kimi davranmaz”
Bundan sonra aləm bir-birinə qarışdı. Döyülənlərin və həbs edilənlərin yaxınları ağlamağa, qışqırmağa başladılar. Həbs edilənlərdən Rövşən Nəzirlinin anasının halı xarab oldu. Adamlar vəziyyəti pisləşən bu xanımın başına yığılmağa, camaatla qəddarcasına davranan polislərin ünvanına etirazlar yağdırmağa başladılar. Müsavatçı xanımlardan biri “Mən özüm qarabağlıyam, inanın ki, bunların bu davranışını görəndən sonra ermənidən heç bir qorxum qalmadı. Qorxmadan erməninin üstünə gedərəm, onlar da bizə bunlar kimi qəddarcasına davranmazlar” deyə şikayətlənməyə başladı.
Süleyman Nemətov qorxdu, ya peşman oldu?
Vəziyyətin qarışdığını görən S.Nemətov halı pisləşən xanımın yanına yaxınlaşdı. Hiss olunurdu ki, rəis müavini etdiyi hərəkətin yanlış və qanunsuz olduğunun fərqinə varıb və hərəkətinin səs-küyə səbəb olacağından ehtiyat edir.
S.Nemətov ağlayan, hələ də özünə gəlməyən anaya yaxınlaşaraq ona bölməyə apırılan oğlunun buraxılacağını, bu barədə bölməyə tapşırıq verdiyini dedi. Onun göstərişi ilə məhkəmənin önündəki adamların hamısını ərazidən uzaqlaşdırdılar. Rəis müavini bircə halı pisləşən qadının və onun ətrafındakı xanımların ərazidə qalmasına icazə verdi. Az sonra təcili tibbi yardımın əməkdaşları hadisə yerinə gəldi. R.Nəzirlinin anasına sakitləşdirici iynə vuruldu və dərman verildi. Bu vaxt S.Nemətov məhkəmə binasının önündə mülki geyimli şəxslərlə gülümsəyərək söhbət aparırdı. Məhkəmə başa çatana qədər S.Nemətov binanın önündə keşik çəkdi. Müsavatçı fəal Səxavət Soltanlı rəis müavininə yaxınlaşaraq ondan camaatı hansı əsasla ərazidən uzaqlaşdırdıqlarını soruşdu. S.Soltanlının “Bu barədə əlinizdə qərar varmı” sualına rəis müavininin mənə heç kim göstəriş verə bilməz, mənə göstərişi daxili işlər naziri verir”. “Yaxşı, bəs, nazirin bununla bağlı göstərişi varmı” sualına isə S.Nemətov qarışıq cavab verərək sualdan yayındı.
Bu arada hakim Şahin Abdullayevin sədrliyi ilə keçən məhkəmə prosesi çox qısa çəkdi. Cəmi yeddi nəfərin zala buraxıldığı prosesdə vəkillərin ötən iclasda qaldırdıqları vəsatətlərin heç biri təmin olunmadı. Bu vəsatətlərdə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, gənclər barədə həbs-qətimkan tədbirinin dəyişdirilməsi, vətəndaşların sərbəst toplaşmaq azadlığını pozduğuna görə daxili işlər naziri Ramil Usubov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və aksiyalarda etirazçıları saxlayan bütün polis işçilərinin məsuliyyətə cəlb olunmaları barədə məhkəmənin qərar qəbul etməsi kimi məsələlər öz əksini tapmışdı.
Bundan sonra hakim məhkəmə baxışının avqustun 9-na təyin edilməsi barədə qərarını elan etdi. Təqsirləndirilən gənclərə məhkəmə binasının önündə baş verən məlum qalamaqal, döyülmə və həbslər barədə məlumat verildi. Həm buna, həm də zala cəmi yeddi nəfərin buraxılmasına etiraz edən gənclər də prosesin davam etdirilməsində maraqlı olmadıqlarını bildirdilər.
“Nə olsun rəis müavinisən, vətəndaşa yumruq, təpik vurmağa nə haqqın var?”
Günorta saatlarında məlum oldu ki, Nəsimi Rayon 20-ci polis bölməsinə aparılan A.Məcidli, R.Nəzirli və R.Abdullayev sərbəst buraxılıblar. A.Məcidlinin sözlərinə görə, polis bölməsində onlara qarşı zor tətbiq edilməyib: “Bizə dedilər ki, polisə müqavimət göstərmisiniz. Cərimələmək istəyirdilər. Dedim, necə olur, məhkəməyə gəlmişik, bizi döyürsüz, həbs edirsiniz, hələ bir cərimələyirsiniz də.
Süleyman Nemətov Ramil Abdullayevin qarnına yumruq vuranda mən müdaxilə etdim ki, niyə vurursunuz. Dedim, nə olsun rəis müavinisən. Sənin vətəndaşa yumruq, təpik vurmağa nə haqqın var? Bundan sonra məni də apardılar. Mülki geyimli bir şəxs arxadan mənə yumruqla zərbə vurdu. Amma bölmədə zor tətbiq etmədilər. Osman Kazımovun müdaxiləsindən sonra cərimə yazmadan, ümumiyyətlə protokol tərtib etmədən hamımızı buraxdılar. Biz DİN-in 102 xidmətinə Süleyman Nemətovun hərəkətlərindən dərhal şikayət etdik. O əməlli-başlı qoçuluq edirdi. Bu adamı əvvəl-axır kimsə cəzalandırmalıdır. Bir nəticəsi olmasa, onun hərəkətlərindən müvafiq orqanlara şikayət verəcəyik”.
Qeyd edək ki, Əhəd Məmmədli və Ülvi Quliyev Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsilə ittiham olunur. Elnur Məcidli və Rüfət Hacıbəyliyə isə yalnız 233-cü maddə ilə ittiham elan olunub.
HƏMÇİNİN BAX: