2 aprel məhbuslarının məhkəməsində vəkillər bu tələblə çıxış etdilər
Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs edilənlərdən daha dördünün – Ülvi Quliyev, Elnur Məcidli, Rüfət Hacıbəyli və Əhəd Məmmədlinin dünən məhkəməsi başladı. Nəsimi Rayon Məhkəməsində keçirilən prosesə hakim Şahin Abdullayev sədrlik edir.
Dünən məhkəmə qarşısına çıxarılanların hamısı gənc olsa da, onların hər biri mübariz ovqatdaydılar. Gənc fəalların hüquqlarını vəkillərdən Osman Kazımov, Yalçın Imanov, Elçin Namazov və Xalid Bağırov müdafiə edirdi.
Əhəd Məmmədli və Ülvi Quliyev Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsilə ittiham olunur. Elnur Məcidli və Rüfət Hacıbəyliyə isə yalnız 233-cü maddə ilə ittiham elan olunub.
Iş üzrə zərərçəkmiş və mülki iddiaçı qismində tanınan şəxslər isə aşağıdakılardır:
– Nəsimi rayon Polis Idarəsinin Post-Patrul Xidmətinin iki əməkdaşı – Nicat Seyidov və Ilham Zamanov;
– “Transqeyt” MMC-nin nümayəndəsi Elvin Məmmədov;
– “EN Trans Çinar” MMC-nin nümayəndəsi Elxan Qubadov;
– “3 nömrəli Avtonəqliyyat Müəssisəsi” MMC-nin nümayəndəsi Ayaz Qasımov;
– Daxili Işlər Nazirliyinin Avtomobil Təsərrüfatı Idarəsinin nümayəndəsi Ilqar Məmmədov;
– fiziki şəxslər Şahnisə Məmmədova və Fəridə Əliyeva.
Ittiham aktında yazılıb ki, yuxarıda adları çəkilən gənc fəallar bu şəxslərə ümumilikdə 6028 manat ziyan vurublar.
Kiçik zalın seçilməsinin səbəbi
Məhbus gənclərə dəstək məqsədilə məhkəmə binası önünə 150-dən artıq adam gəlmişdi. Təbii ki, onların hamısının içəri -məhkəmə iclasının keçirildiyi zala daxil olmaq imkanı yox idi. Zalın kiçikliyi bu dəfə də vəkillərlə hakim arasında mübahisənin yaranmasına səbəb oldu.
Gənc fəal Əhəd Məmmədlinin vəkili Yalçın Imanov prosesin daha böyük zalda keçirilməsini istədi. Bu məhkəmə prosesinin siyasi motivli olduğunu vurğulayan vəkil prosesdə çoxlu sayda insanların iştirak etmək istədiyini bildirdi. Yalçın Imanovun fikrincə, məhkəmə prosesi məqsədli şəkildə darısqal zalda keçirilir. Məqsəd prosesi ictimaiyyətin diqqətindən yayındırmaqdır.
Hakim də çaşır, prokuror da
Məhkəmənin hazırlıq iclası başlayan kimi Rüfət Hacıbəylinin vəkili Elçin Namazov bu işdə dövlət ittihamını müdafiə edən prokuror Aydın Əliyevə etiraz etdi. Vəkil bildirdi ki, bu iş üzrə ibtidai istintaqı Bakı şəhər Prokurorluğu aparıb. Aydın Əliyev də istintaqı aparan qurumun əməkdaşı olduğundan maraqlı tərəf sayılır. Obyektivlik, qərəzsizlik baxımından onun bu məhkəmədə dövlət ittihamını müdafiə etməsi doğru deyil.
Elçin Namazov onu da əlavə etdi ki, adıçəkilən prokurorun bu işdə dövlət ittihamını müdafiə etməsilə bağlı səlahiyyətini təsdiqləyən sənəd ortada yoxdur: “Onun məhkəmədə iştirak etməsi üçün məktub olmalıdır. Həmin məktub bizə qanun çərçivəsində təqdim edilsin və bundan sonra Aydın Əliyevin prosesdə iştirakı təmin edilsin”.
Hakim:
– Dövlət ittihamçısı şəxsiyyətini təsdiq edən sənədi göstərsə, kifayət edər?
Elçin Namazov:
– Xeyr, dövlət ittihamçısının şəxsiyyətini təsdiq edən sənəd şübhə doğurur.
– Hansı şübhə doğurur?
– Bundan əvvəl də mən order əvəzinə, vəkil vəsiqəmi təqdim etdim. Amma siz hakim bildirdiniz ki, mütləq order lazımdı. Biz də onun prosesdə iştirakı üçün səlahiyyətli məktub istəyirik.
– Prokurorun prosesdə iştirakı üçün sənəd var.
– Xeyr, sənəd yoxdur. Ona görə də prokuror bu işə çıxa bilməz. Çünki onun səlahiyyəti yoxdur.
Qısa mübahisədən sonra hakim vəsatəti tərəflərin müzakirəsinə çıxartdı. Prokuror özünə etirazla bağlı vəsatəti əsassız hesab etdi. O, bu cinayət işi üzrə dövlət ittihamçısı qismində iştirakına dair rəisinin göstərişi olduğunu dedi. Bildirdi ki, həmin göstəriş əsasında da dövlət ittihamını müdafiə edir.
Ülvi Quliyevin vəkili Osman Kazımov həmkarının qaldırdığı vəsatətin əsaslı olduğunu bildirdi:
– Mənim prokurora böyük hörmətim var, amma həmkarım əsaslı vəsatət qaldırıb. Çünki prokurorun məhkəmədə iştirak etməsi üçün prokurorluqdan müvafiq məktub olmalıdı. Məktub yoxdursa, deməli, prokurorun cinayət işi üzrə məhkəmədə iştirak etməsinə də əsas yoxdur.
Müzakirələrdən sonra təxminən yarım saat müşavirədə olan hakim gözlənildiyi kimi, vəkilin vəsatətinin təmin olunmaması barədə qərar çıxardı.
Dustaqlar valideynlərindən gizlədilir
Fasilə zamanı məhbusların yaxınları ilə məhkəmə nəzarətçiləri arasında qarşıdurma yaşandı. Nəzarətçilər valideynlərin dustaqlara qəzet verməsinə mane oldular, daha sonra isə dəmir barmaqlıqların önündə canlı sipər yaradaraq ümumiyyətlə, gəncləri görünməz etdilər. Gənclərin valideynlərinin onlardan kənara çəkilməyi, həbsdə olan övladlarını görmək istəmələri vəziyyəti daha da gərginləşdirdi. Konvoylarla yaranan mübahisə gənc fəalların qoluna qandal vurularaq, məhkəmə zalından çıxarılmasıyla nəticələndi.
Hakim vəd verir, çəkilişə isə “yox” deyir
Gənc fəalların qandallanaraq zaldan çıxarılmasını fasilədən sonra vəkillər hakimin nəzərinə çatdıraraq bunun qanunsuzluq olduğunu bildirdilər. Hakim isə cavabında söz verdi ki, bir daha belə hal təkrarlanmayacaq.
Hakim məhkəmədə jurnalistlərə foto və videoçəkiliş aparmağa icazə vermədi. Vəkil Osman Kazımov bildirdi ki, onların vəkil kimi çəkiliş aparmaq hüququ var. Amma hakim vəkillərin də bu hüququnu tanımadı.
Daha bir toqquşma
Bundan sonra vəkillər normal müdafiə şəraiti yaradılması üçün təqsirləndirilən şəxslərin dəmir qəfəsdən çıxarılaraq yanlarında əyləşmələrinə icazə verilməsini istədilər. Prokuror vəsatəti əsassız hesab etdi. Hakim isə “zalda normal şəraitin olmaması” izahıyla vəsatəti təmin etmədi.
Bu yerdə vəkil Elçin Namazov darısqal zalın seçilməsinə görə hakimi ittiham etdi. Vəkil bunu məhkəmənin açıqlıq prinsipinin pozuntusu kimi qiymətləndirdi. Lakin hakim onunla razılaşmadı.
Hakim:
– Kim məhdudiyyət qoyur?
Elçin Namazov:
– Siz məhdudiyyət qoyursunuz, bizim müdafiə hüququmuz pozulur.
– Sizin müdafiə hüququnuza heç kim məhdudiyyət qoymur.
– Siz qoyursuz. Məsləhətləşmək üçün müdafiə etdiyimiz şəxslərin yanımızda əyləşdirilməsini istəyirik, amma buna imkan vermirsiz.
– Cinayət işi 14 gün əvvəl məhkəməyə daxil olub. 14 gün ərzində müdafiə etdiyiniz şəxslərlə görüşüb məsləhətləşərdiniz.
– Prosesdə də məsləhətləşmək lazımdır. Çünki müdafiə hüququnu qurmaq üçün prosesdə də məsləhətləşməyə ehtiyac yaranır. Məsələn, prokurorun məsələsi indi çıxıb ortaya. 14 gün əvvəl əlimizin içini iyləməmişdik ki, prokurorun səlahiyyəti olmayacaq, biz də görüşəndə məsləhətləşəydik.
Hakimə etiraz
Əsəbi tonda yekunlaşan polemikadan sonra vəkil Elçin Namazov hakim Şahin Abdullayevin bu işi aparmasına etiraz etdi. Məhkəməyə bu barədə yazılı vəsatət təqdim edən vəkil onun işə qeyri-obyektiv baxdığını əsaslandırdı.
Prokuror etirazın təmin edilməməsini istədi. Digər vəkil Osman Kazımov isə tərəfləri səbrli olmağa çağırdı:
– Burada səbrli olmaq lazımdır. Burada mühakimə olunanlar Azərbaycan övladlarıdır. Haqsızlığa etiraz etdikləri üçün həbs ediliblər. Hakim bütün vəsatətləri rədd etməklə heç nə qazanmır. Bir iki vəsatəti təmin etsə, daha yaxşı olar. Çünki ittihamlar da əsassızdır. Bu, məhkəmə araşdırması zamanı da müəyyən ediləcək. Vəsatətlərin eyni qaydada müzakirə edilib və sonda eyni cür qərar çıxarılması düzgün deyil. Buna görə də həmkarımın vəsatətini dəstəkləyirəm”.
Lakin gözlənildiyi kimi, son nəticədə hakimə etiraz təmin edilmədi.
Məhkəmədə “Qorotdel” rəisinin cəzalandırılması tələb olundu
Daha sonra vəkillər çoxsaylı vəsatətlərlə çıxış etdilər. Bu vəsatətlərdə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, gənclər barədə həbs-qətimkan tədbirinin dəyişdirilməsi, vətəndaşların sərbəst toplaşmaq azadlığını pozduğuna görə daxili işlər naziri Ramil Usubov, Bakı Şəhər Baş Polis Idarəsinin rəisi Rafiq Abbasov, Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və aksiyalarda etirazçıları saxlayan bütün polis işçilərinin məsuliyyətə cəlb olunmaları barədə məhkəmənin qərar qəbul etməsi kimi məsələlər öz əksini tapmışdı.
Vəkillər eyni zamanda adıçəkilən vəzifəli şəxslərin məhkəmədə dindirilməsinin də vacib olduğunu bildirdilər.
Vəkil Osman Kazımov adları çəkilən yüksək vəzifəli şəxslərin məhkəmədə ifadə verməsində qəribə heç bir halın olmadığını vurğulayaraq, maraqlı bir faktı açıqladı: “Rəhmətlik Əbülfəz bəy prezident olarkən müstəntiqə izahat verib. Burada adı çəkilənlərin heç biri Elçibəydən böyük adamlar deyil, gəlsinlər, onları da dinləyək”.
Zakir Qaralovun mübhəm əmri
Osman Kazımovun açıqladığı daha bir fakt (özünün deməsinə görə, gizli saxlanılan fakt) baş prokuror Zakir Qaralovun 2006-ci ildə imzaladığı bir əmr idi. Həmin sənəddə xüsusi təhlükə törədən cinayətlər istisna olmaqla, təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməməsinə dair göstəriş öz əksini tapıb. “Heç olmasa, Zakir Qaralovun əmrinə hörmət edin”, – deyə vəkil əlavə etdi.
Məhkəmə zamanı qısa da olsa gənc fəallar çıxış etdilər. Onlar siyasi motivlərlə həbs olunduqlarını, heç bir cinayət törətmədiklərini, istintaqın cəfəngiyatdan ibarət olduğunu bildirdilər. Gənclərin çıxışı zalda hərarətli alqışlarla qarşılandı.
Məhkəmə iyulun 29-da vəsatətlərin müzakirəsi ilə davam edəcək.
Natiq