Türk müxbirdən Əliyevə çətin sual

“Madam ki, qardaş ölkəyik, mən bura niyə viza ilə gəldim?”

 

Türkiyəli jurnalistin İlham Əliyevi pis vəziyyətə salması türk mediasının gündəmini zəbt etdi

Türkiyə hökuməti Azərbaycan rəhbərliyini dəstəkdən məhrum edəcək

Türkiyə mətbuatı baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakı səfərinə geniş yer ayırıb. Ölkənin bütün aparıcı mətbuat orqanlarında Ərdoğanın Azərbaycan prezidenti Ilham Əliyevlə görüşündən bəhs edən məqalələr dərc olunub. Türkiyə mediası səfər proqramını, baş nazirin verdiyi bütün açıqlamaları və mesajları geniş şəkildə işıqlandırıb. Qardaş ölkəni narahat edən ən vacib məsələ – Azərbaycan hökumətinin Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza rejimini aradan qaldırması da böyük diqqətə səbəb olub. Ayrı-ayrı KIV-lər  Ilham Əliyevin viza ilə bağlı sualı qarşısında çətin vəziyyətə düşməsini ən müxtəlif formada şərh ediblər.
Məsələn, media orqanlarından biri bu xəbəri “Aliyev vizede ipe un seriyor” başlığı altında yayımlayıb. Xəbərdə Əliyevin türkiyəli jurnalistin “Türkiyə azərbaycanlılara viza rejimi tətbiq etmədiyi halda, Azərbaycan niyə tətbiq edir” sualından yayındığı bildirilib. Xəbərdə deyilir ki, Ilham Əliyev Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında çətin vəziyyətə düşüb. Mətbuat konfransında jurnalistlər suallara başlayanda siyahıda adı birinci çəkilən Türkiyənin “Kanal 24″ televiziyasının xanım müxbiri Ilham Əliyevə birbaşa və cavabı çətin suallar verib. Xanım müxbirin ilk sualı belə olub ki, nəyə görə Türkiyə Azərbaycanla vizanı 4 ildir birtərəfli qaydada ləğv etdiyi halda, Azərbaycan hələ də Türkiyəyə qarşı viza tətbiq edir. ”Iki ölkə arasındakı əlaqələrdən danışılarkən həmişə “dost və qardaş” tərifindən istifadə olunur. Madam ki, qardaş ölkəyik, mən bura niyə viza alıb gəldim”, – deyə “Kanal 24″ün müxbiri soruşub.
Xanım müxbirin ikinci sualı isə rəsmi Bakının Şimali Kipri tanıya biləcəyinə dair Azərbaycan rəhbərliyinin bir vaxtlar səsləndirdiyi bəyanatın nə vaxt gerçəkləşəcəyi haqda olub.
Ilham Əliyev əlbəttə ki, sualları cavabsız buraxmayıb. Amma  suallara dəqiq cavablar da verilməyib.
“Viza məsələsi ilə bağlı fikir mübadiləsi aparmışıq. Türkiyə hökumətinə minnətdarıq ki, Azərbaycan vətəndaşları üçün viza rejimini aradan qaldırıb. Əfsuslar olsun ki, biz hələ buna hazır deyilik. Hazır olan kimi bu məsələni həll edəcəyik”. Bu, Ilham Əliyevin birinci suala cavabı olub.
Şimali Kiprin tanınması məsələsinə gəlincə, Ilham Əliyev daha qısa cavab verib: “Bu məsələ ilə bağlı dəfələrlə fikirlərimiz səsləndi. O qədər də asan məsələ deyil. Və Dağlıq Qarabağ məsələsi, əlbəttə ki, gözümüzün qabağındadır. Vaxt gələndə bu məsələ də yəqin öz həllini tapa bilər”.

***

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bu ilin yanvarında nəzərdə tutulan səfərinin ləngidilməsinin iki mühüm səbəbi açıqlanırdı. Birincisi o idi ki, Azərbaycan və Türkiyə arasında həllini gözləyən iki mühüm məsələdən ən azı, biri həllini tapmadığı üçün Ərdoğanın Bakı səfərinin ciddi siyasi mənası olmur. Bu məsələlərə Türkiyə və Azərbaycan arasındakı ikitərəfli qaz sazişi və Azərbaycan tərəfinin Türkiyə vətəndaşları üçün viza rejimini qaldırması aiddir. Ikinci səbəb o idi ki, Türkiyədəki parlament seçkiləri ərəfəsində Azərbaycana səfər Ərdoğan üçün səs itkisinə səbəb ola bilər. Məhz buna görə də Türkiyə baş naziri bu səfəri əvvəlcə təyin olunmuş vaxtda həyata keçirməkdən çəkinib. Nəhayət, bu səfər baş tutarkən heç bir məsələ üzrə razılığın əldə olunmaması, səfərin nəzərdə tutulduğundan bir gün tez yekunlaşması və viza məsələsilə bağlı Türkiyə mediasının Ilham Əliyevə sərt suallar ünvanlaması göstərdi ki, görüş xeyli gərgin keçib və münasibətlərin status-kvodan da aşağı düşməsi ilə nəticələnib. Bu isə hazırda Qərb dünyası ilə kəskin konfrontasiya münasibətlərində olan Ilham Əliyev üçün ciddi diplomatik uğursuzluqdur. Biz onun şahidi olacağıq ki, Qarabağ məsələsi xaricində Türkiyə hökuməti Azərbaycan rəhbərliyini öz dəstəyindən məhrum edəcək.

İnformasiya şöbəsi