Sabiq baş konsul Ramiz Mehdiyevin YAP-la bağlı siyasətindən də narazıdır
YAP-ın qurucularından biri, Azərbaycanın Istanbuldakı sabiq baş konsulu Səyyad Aran 1 il 4 aydır ki, sərəncamda olmasından narazılıq edir. O, narazılığını “Bizim Yol” qəzetinə müsahibəsində dilə gətirib. Doğrudur, bir qədər yumşaq danışıb. Amma müsahibədə nisbətən sərt məqamlar da var.
Məsələn, Səyyad Aran hakim partiyanın qurulmasında böyük əmək sərf edən, lakin sonradan özü kimi “vurulan” YAP-çıları “gözüçıxmış” qardaş” adlandırıb. Və bildirib ki, həmin şəxslərin kənarlaşdırılması ona xoş deyil: “Mənə də heç xoş deyil ki, YAP-ın yaradılmasında böyük əmək sərf edən, hətta bu partiyanın adını qoyan Sirus Təbrizli, partiyamızın qurucularından olan Əli Əlirzayev, Zahid Qaralov, Asiya Manafova, Şahlar Əsgərov, Musa Musayev və başqaları kənardadır. Ola bilər, kimlərinsə yaşını bəhanə göstərirlər. Məncə, yaşının 70 olmasına baxmayaraq, Şahlar Əsgərov ona tapşırılan vəzifənin layiqincə öhdəsindən gələ bilər. Zahid Qaralov yaşı 70-dən artıq olmasına baxmayaraq, YAP-ın Səbail rayon təşkilatına rəhbərlik edirsə, deməli başqa işin də öhdəsindən gələr. Hesab edirəm ki, insana yaşına görə deyil, iş qabiliyyətinə görə, qiymət verilməlidir”.
Səyyad Aranın adını çəkdiyi YAP-çılar Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev tərəfindən küncə sıxışdırılıb. Səyyad Aran da, əslində, bu fikirləri ilə Ramiz Mehdiyevin YAP-ı monopoliyasında saxlamasına etiraz edib. Amma o, fikrini müdafiə etdiyi Sirus Təbrizli kimi açıq söyləməyə çəkinib. Çünki 1 il 4 aydır sərəncamda olan YAP-çı sabiq baş konsul vəzifə gözləyir. Lakin sonrakı fikirlərilə bu gözləntinin əbəs olduğunu ortaya qoyur: “Sərəncama çıxan şəxs bir üzü üstə bir il dörd ay gözləməli deyil. Çağırıb, bir şey deməlidirlər. Niyyətləri yoxdursa, bunu da desinlər ki, adam başına çarə qıla bilsin. Anormal situasiya yaranıb”.ÿ
Qısası, Səyyad Aranın bu müsahibəsini asilərin sırasına qoşulmaq üçün ilk addım hesab etmək olar. Və sərəncamda qalmağın müddəti artdıqca, YAP-çının açıqlamaları da bir qədər sərtləşə bilər.
Azad