Tofiq Yaqublu: «Hələ seçimimi qətiləşdirməmişəm»
Gülağa Aslanlı: «Ancaq səsvermə zamanı fikrimi bildirəcəm»
Müsavat partiyasının növbəti qurultayının dəqiq vaxtı hələ müəyyənləşməsə də, kimin başqan olacağı məsələsi müzakirə predmetinə çevrilib. Artıq potensial namizədlərin adları da çəkilir.
Uzun illər Müsavat başqanının müavini olmuş, hazırda Türkiyənin Qars şəhərindəki Qafqaz universitetində dərs deyən və Bakıya tətilə gələn Vurğun Əyyub da mətbuata açıqlamasında bu məsələyə toxunub. V.Əyyub başqanlıqla bağlı təklif aldığını, amma bu barədə qərarı indidən vermək niyyətində olmadığını deyib. O, başqanlıqla bağlı edilən təklifləri vaxtı gələndə dəyərləndirəcəyini, lakin partiyanı daha yaxşı idarə edəcək birisinin olacağı halda, onu müdafiə edəcəyini bildirib. Xüsusi olaraq başqanlıq uğrunda mübarizəyə girişməyə ehtiyac duymadığını deyən Vurğun Əyyub seçimi müsavatçıların öhdəsinə buraxmağın daha doğru olduğunu vurğulayıb. Bəs müsavatçılar hansı seçimi edəcək?
Partiya rəhbərliyində təmsil olunanlar hələlik qəti qərar vermədiklərini deyirlər. Müsavat başqanının müavini Tofiq Yaqublu hələ seçimini qətiləşdirmədiyini deyir. O, yalnız qurultay zamanı hansı namizədə səs verəcəyini müəyyənləşdirəcək.
Başqanın digər müavini Gülağa Aslanlı da hələ heç kimi dəstəkləmək haqda düşünmür. O, ancaq qurultayda səsvermə zamanı fikrini bildirəcəyini deyir.
Fizzə