Kreml Əliyevi ABŞ-a satacaq

Hər halda, Lukaşenkonu da düşünmək olar, amma əhatə dairəsi daralıb və üçüncü qalmayıb

 

ABŞ Konqresində Azərbaycan hakimiyyətinə qarşı sərt tənqidlərin səslənməsi ciddi rezonansa səbəb olub. Məsələn, 2010-cu ilin noyabrında keçirilən parlament seçkisi “Azərbaycan tarixinin ən pis seçkisi” kimi qiymətləndirilib. Bununla yanaşı, Belarus və Rusiya hakimiyyətlərinə də ciddi xəbərdarlıqlar edilib.
Azərbaycan hökumətinin də daxil olduğu üçlüyə “ərəb inqilabları” xatırladılıb. “Freedom House” hüquq-müdafiə təşkilatının rəhbəri Devid Kramer Moskva, Minsk və Bakıda ərəb inqilablarının təkrarlanmasının mümkünlüyü məsələsini qaldırıb. Onun sözlərinə görə, Cənubi Qafqaz ölkələrindən yalnız Gürcüstan demokratiya sahəsində tərəqqi nümayiş etdirir, Azərbaycan isə bu məsələdə sonuncu yerdədir: “Qərb bu ölkələrin daha demokratik olmasında maraqlıdır. Odur ki, susmaq yox, pozuntulara reaksiya vermək lazımdır. Dünyanın harasında yerləşməsinə baxmayaraq, tələb irəli sürmək asan deyil. Lakin Avrasiya ölkələrinin əksəriyyəti demokratiya yolu ilə getməsə, Qərb üçün çağırışlar artacaq”.
Bu açıqlamadan da görünür ki, Azərbaycan hakimiyyəti artıq öz dostları ilə birlikdə beynəlxalq birliyin “qara siyahısına” düşüb. Amma bu dəfə maraqlı məqam tamam başqadır.

 

Moskvaya açıq təhdid…

ABŞ ilk dəfə olaraq Moskvanı açıq inqilabla qorxutdu. Bununla da həm Rusiyaya, həm də Kremlə arxayın olub at oynadanlara mesaj verdi ki, vəziyyət əvvəlki kimi deyil. Moskva üçün başlıca mesaj bundan ibarətdir ki, əgər Rusiya tezliklə və qəti şəkildə Cənubi Qafqazdakı dirənişindən imtina etməsə, onun özü üçün pis ola bilər. Bu isə indiki Rusiya üçün intihar deməkdir. Çünki növbəti böhran xəbərindən artıq təsirlənmiş Kreml ipləri əlində saxlaya biləcəyinə əmin deyil. Ona görə də bu bəyanatı hərif-hərif oxuyacaqları istisna deyil.
Kremlə arxayın olub at oynadan rejimlərə isə, sadəcə, Kremlin artıq əvvəlki gücünün olmadığını və tezliklə uça biləcəyini göstərdilər. Böyük uçqunların altında qalmaq istəməyənlər qərar verməlidir. Artıq Kremlin silkələndiyini hər kəs görür.
Azərbaycan hakimiyyəti təbii ki, özündən daha çox Moskvaya olan hədələrdən təsirlənib. Çünki rəsmi Bakı hazırkı beynəlxalq konyunkturanın heç bir elementi deyil. Regional siyasətdə belə, iştirakçılığı məşvərətçi dövlət statusundadır. Ona görə də Rusiya geri çəkiləcəyi halda, Azərbaycan hakimiyyətinin çəkilməyə yeri olmayacaq və ayaq (uçqun) altında qalmaq ehtimalı çox böyükdür.
Indi ən böyük sual budur: Rusiya birinci kimi satacaq – Lukaşenkonu, ya Əliyevi?
Hər halda, əhatə daralıb və üçüncü qalmayıb.

Ermənistana uduzmağın səbəbi

Demokratiyaya Milli Dəstək Fondundan (NED) Nadya Dyuk da diqqəti Azərbaycandakı vəziyyətə yönəldib: “Gənc müxalifətçilərin çoxu narkotik maddə saxlamaq, xuliqanlıq kimi uydurma ittihamlarla həbs olunur. 2005-ci ildə həbs olunmuş Ruslan Bəşirli hələ də həbsxanadadır.
Azərbaycanla müqayisədə Ermənistanda vəziyyət yaxşıdır. Belə ki, orada müxalifət çoxsaylı mitinq keçirmək imkanlarına malikdir, 2008-ci il hadisələri üzrə həbs olunmuş siyasi məhbuslar azad olunublar.
ABŞ Cənubi Qafqaza yalnız zəngin ehtiyatları olan, azadlıq düşmənlərinin üstünlük təşkil etdiyi region kimi baxmamalıdır, həm də azadlıq uğrunda mübarizlərin öz haqları naminə daim mübarizə aparacaqları və ABŞ-ın dəstəyini axtaracaqları yer kimi baxmalıdır”.
Burada diqqəti iki mühüm məqam çəkir:
Birincisi, Azərbaycan hakimiyyətinin, hətta Ermənistan hakimiyyətindən də despotik olduğunun vurğulanmasıdır. Baxmayaraq ki, idman, mədəniyyət və s. sahələrdə Azərbaycan təmsilçiləri hər zaman öndə olurlar, amma siyasi təmsilçilik məsələsində Azərbaycan hakimiyyətinin vətəndaşlara qarşı aqressiv münasibəti erməniləri önə çıxarır. Və bu, beynəlxalq diqqəti də cəlb edir.
Ikincisi, Cənubi Qafqaz artıq enerji resurslarına görə deyil, insan haqlarının vəziyyətinə görə diqqət mərkəzindədir. Bu isə Azərbaycan hakimiyyətinə bir daha mesajdır ki, dünya ilə enerji şantajı ritorikasını yığışdırsın və tələblərin mövcud olduğu istiqamətlər üzrə islahatlara başlasın.

Seymur Həzi