Kampaniyanın məqsədi Avropanın diqqətini Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətinə yönəltməkdir
Leyla Yunus: «Vicdanla düşünsünlər: bu ölkədə qan axa-axa, həbsxanalarda siyasi məhbuslar otura-otura, insanlar işgəncələrə məruz qala-qala musiqi bayramı keçirmək olarmı?»
Azərbaycanda fəaliyyət göstərən bir qrup hüquq müdafiə təşkilatı gələn il mayın 22-də Bakıda keçiriləcək “Eurovision” musiqi yarışması ərəfəsində “Azadlıq musiqisi qeyri-azad ölkədə” adlı kampaniyaya başlayıb. “Eurovision-2012” musiqi yarışmasınadək davam edəcək kampaniya beynəlxalq səviyyədə həyata keçiriləcək, əsasən Azərbaycanı və Avropa Şurasına daxil olan digər ölkələri əhatə edəcək.
Bu baxımdan kampaniyada təşkilatçılıq və ya iştirak insan hüquqları və demokratik institutların müdafiəsilə məşğul olan milli və xarici QHT-lər üçün açıqdır.
Kampaniyanın təşkilatçıları (Siyasi Azadlıqları Müdafiə Alyansı, Sülh və Demokratiya Institutu, Reportyorların Azadlıq və Təhlükəsizlik Institutu və Insan Hüquqları Klubu) dünən mətbuat konfransı keçirərək hədəf və məqsədləri barədə məlumat veriblər. Təşkilatçılar inanır ki, bu müsabiqə Azərbaycanın Avropaya inteqrasiyası sahəsində mövcud olan problemlərin yada salınması və həlli üçün yeni imkanlar yaradacaq. Çünki Azərbaycan 2012-ci ildə bu cür mötəbər yarışmaya ev sahibliyi edərkən, təkcə “Eurovision”un keçirildiyi ölkə deyil, həm də demokratik dəyərlərə hörmət edən, Avropa ailəsinin həqiqi bir üzvü olan ölkə kimi çıxış etməlidir.
Azərbaycanın Avropa ailəsində yeri sual altındadır
Təşkilatçılar kampaniyanın hansı zərurətdən irəli gəldiyi barədə danışarkən bildiriblər ki, 2001-ci ildə Azərbaycan Avropa Şurasına (AŞ) üzv olduqdan sonra ötən 10 ildə ölkədə insan hüquqları və demokratiyanın təminatı yaranmayıb. ATƏT və AŞ üzvü olan Azərbaycanda keçirilən seçkilər bir qayda olaraq ciddi qanun pozuntularıyla müşahidə edilib. Ölkədə müstəqil jurnalistlər, siyasi partiyalar və vətəndaş qruplarının sərbəst fəaliyyət imkanları yox dərəcəsindədir. Ifadə, birləşmək və toplaşmaq azadlıqları, o cümlədən mülkiyyət hüququnun müdafiəsi kobud şəkildə pozulur. Azərbaycanda siyasi məhbusların olması, sərbəst toplaşmaq hüququndan istifadə edən fəalların həbsi, ifadə azadlığı və siyasi plüralizm sahəsində məhdudiyyətlərin mövcudluğu bu ölkənin Avropa ailəsində yerini sual altına alır.
Kampaniyanın hədəfi Azərbaycanda siyasi hakimiyyəti vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, siyasi təqiblərin aradan qaldırılmasıyla bağlı addımlar atmağa sövq etməkdir.
Kampaniyanın konkret məqsədləri də var. Məsələn, hüquq-müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi, habelə, ədalətli mühakimə hüququ pozulmuş şəxslər həbsdən azad edilməli, yaxud barələrindəki məhkəmə qərarları dəyişdirilməlidir.
Bundan başqa, Avropa Yayım Şurasının üzvü olan və “Eurovision”a təşkilatçılıq edən Ictimai Televiziya hazırda öz statusuna zidd olaraq ölkədəki gerçəkliyi tam işıqlandırmır, hakimiyyətin tənqidinə yol açan xəbər və rəyləri yaymır. Odur ki, bu sahədə siyasi ayrı-seçkilik xətti dəyişdirilməli, ölkədə alternativ fikrə malik siyasi partiyalar və vətəndaş birliklərinə efir imkanı yaradılmalıdır.
Azərbaycanda vətəndaşların ifadə azadlığına, birləşmək və sərbəst toplaşmaq hüququna məhdudiyyətlər aradan qalxmalı, bu hüquqdan istifadə edən şəxslərin təqib edilməsi və həbsi dayandırılmalıdır.
Hüquq-müdafiə təşkilatlarının araşdırmalarına əsasən, son iki ildə Bakıda təxminən 20 min nəfərlik ailə qanunsuz olaraq öz evlərindən çıxarılıb. 2011-2012-ci illərdə paytaxtda daha 60 min nəfərlik ailəni belə bir təhlükə gözləyir. Vətəndaşların şəxsi mülkiyyətinə qarşı bu cür təhlükələrin aradan qaldırılması və ölkədə mülkiyyət hüququna təminatın yaranması da kampaniyanın məqsədləri sırasındadır.
“Azadlıq musiqisi qeyri-azad ölkədə” kampaniyasının təşkilatçıları hesab edir ki, Azərbaycana səfər edən AŞ üzvü olan ölkələrin vətəndaşlarına vizaların verilməsi qaydaları sadələşdirilməli, vizaların əldə edilməsilə bağlı əngəllər aradan qalxmalıdır.
Mahiyyətcə qətiyyən Avropaya oxşamayan ölkə
Kampaniyanın təşkilatçılarından Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus bildirib ki, onlar yarışmaya qatılacaq demokratik ölkələrin diqqətini Azərbaycanda insan haqlarının vəziyyətinə yönəltmək istəyirlər. Çünki insanların siyasi motivlərlə həbsə atıldığı, işgəncələrə məruz qaldığı, mülkiyyətinin zorla əllərindən alındığı ölkədə azad musiqinin keçirilməsi mümkün deyil: “Qan axa-axa, həbsxanalarda siyasi məhbuslar otura-otura, işgəncələrə məruz qala-qala, söz azadlığı olmaya-olmaya musiqi bayramı keçirmək olarmı? Qoy özləri vicdanlarıyla bu barədə düşünsünlər”.
Hüquq müdafiəçisi, həmçinin Azərbaycana gələn əcnəbilərin viza məsələsində ciddi maneələrlə qarşılaşdıqlarını qeyd edərək, viza rejiminin sadələşdirilməsinin vacibliyini vurğulayıb.
Siyasi Azadlıqları Müdafiə Alyansının təsisçisi, jurnalist Şahvələd Çobanoğlunun fikrincə, Azərbaycanın “Eurovision” müsabiqəsinin qalibi olması təzad yaradıb: “Necə ola bilər ki, mahiyyətcə qətiyyən Avropaya oxşamayan bir ölkə bir Avropa müsabiqəsinin qalibi oldu? Və ya məsələyə başqa tərəfdən baxaq. Azərbaycan hakimiyyəti insan haqlarının durumu ilə bağlı hesabatlar səslənəndə, həmişə deyir ki, Avropa qərəzlidir. Bəs necə oldu ki, qərəzli Avropa səni mahnı müsabiqəsinin qalibi elədi?..”.
Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun sədri Emin Hüseynov isə Avropa Şurası və Avropa Yayım Şurası arasında imzalanan Memorandumu xatırladıb: “Bu memorandum məhz Avropa Yayımçılar Birliyinə üzv olan ölkələrdə insan hüquqlarına sadiqlik prinsiplərini rəhbər tutan bir sənəddir. Bu mexanizmləri biz yaxından öyrənmişik. Gördük ki, bundan ölkədə insan haqlarının vəziyyəti ilə bağlı effektiv istifadə etmək olar. Azərbaycan da Avropa Yayımçılar Birliyinin üzvüdür və müəyyən öhdəliklər də üzərinə götürüb”.
Qeyd edək ki, “Azadlıq musiqisi qeyri-azad ölkədə” kampaniyası mayın 22-nə qədər silsilə tədbirlərlə davam edəcək. Kampaniya çərçivəsində ictimai müzakirələrin təşkili, müraciətlərin, poster və digər materialların nəşri və yayılması, həmçinin zəruri sayılacaq müxtəlif tədbirlər planlaşdırılıb.
Təşəbbüsçülər yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarını Azərbaycanda siyasi azadlıqların müdafiəsilə bağlı ciddi ictimai hədəfləri göz önünə alan bu kampaniyaya qoşulmağa çağırır.
Aytən Məmmədova