“2 aprel” məhbusları ittihamları darmadağın edirlər

“Anarxiyaya “yox” demək üçün mitinqə çıxmışam və düz etmişəm”

Babək Həsənov: «Mən Qarabağ qazisiyəm, amma fərarilərin evində kirayə yaşayıram»

Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs olunanlardan 6 nəfərin – Sahib Kərimov, Babək Həsənov, Arif Alışlı, Zülfüqar Eyvazov, Elşən Həsənov və Elnur Israfilovun işi üzrə məhkəmə prosesi dünən də davam edib. Səbail rayon məhkəməsində hakim Elnur Həsənovun sədrliyilə keçirilən prosesdə dövlət ittihamını Vüqar Hacıyev müdafiə edir.
Qəzet və jurnalistlərə qadağa davam edir
Babək Həsənov və Zülfüqar Eyvazov bu dəfə də istintaq təcridxanasında onlara qəzet oxumağa imkan verilməməsindən şikayətləndilər. Dustaqlar ötən məhkəmə iclasında da buna görə gileylənmişdilər.
Ötən dəfə olduğu kimi, dünən də hakim Elnur Həsənov media nümayəndələrinə məhkəmə iclasından 5 dəqiqəlik də olsa, çəkilişə icazə vermədi.

“Zərərçəkmişlər” gizlənir

Zərərçəkmiş qismində tanınan şəxslərin bəziləri məhkəməyə gəlməmişdi, bir neçəsi isə nümayəndəsini göndərmişdi. Sonradan bəlli oldu ki, onların məhkəmədə iştirak etməməsinin başlıca səbəbi ictimai qınaqla üzləşmələridir. Dünən məhkəmə iclası başlayandan bitənədək zərərçəkmişlərin prosesdə şəxsən iştirakı mübahisə mövzusu olaraq qaldı.
Məhkəmə iclası boyunca zərərçəkmişlərlə zaldakı insanlar arasında gərginlik bitmədi. Babək Həsənovun hələ bir yaşı tamamlanmayan körpəsi zala gətirilmişdi. Xüsusən bu fakt əsəbləri tarıma çəkmişdi. Zaldakılar zərərçəkən kimi tanınanlara xitabən “niyə insanları şərləyib balasının üzünə həsrət qoyursunuz?” kimi qınaqlar ünvanlayanda, onlardan biri ayağa qalxıb hakimə təhqir olunduğunu dedi: “Möhtərəm hakim, bax, bu yoldaş, (yanında əyləşəni göstərərək) mənə deyir ki, nə pis sifətin var. Ancaq mənim sifətim heç də onunkundan pis deyil…”
Zaldan səslər: “Sənin sifətin yoxdur, sifətin yaxşı olsa da, əməllərin pisdir”.

Beynəlxalq diqqət

Məhkəmə prosesini izləyənlər sırasında Ictimai Palata üzvlərilə yanaşı, diplomatik korpusun təmsilçiləri, o cümlədən ATƏT və Böyük Britaniya səfirliyinin nümayəndələri də vardı.

İşgəncə

Dünənki məhkəmə iclasında ifadə verən Babək Həsənovun çıxışı emosional təsir baxımından kuliminasiya oldu. Babək Qarabağ döyüşçüsü olduğunu, vətən savaşında əsgər kimi xidmətə başlayıb bölük komandiri olduğunu, döyüşlərdə yaralandığını məhkəmənin nəzərinə çatdırdı. Bundan sonra o, həbs olunarkən üzləşdiyi qeyri-insani münasibətlərdən və işgəncələrdən söz açdı. Babəkin bildirdiyinə görə, onu aprelin 6-da “5 dəqiqəlik iş” adıyla Səbail Rayon Polis Idarəsinə çağırıblar və 2 gün ərzində onu məhkəmə qərarı olmadan qanunsuz şəkildə polisdə saxlayıblar: “Bu müddətdə mənə bir stəkan çay, iki dənə də peçenye veriblər. Suyu da ayaqyoluna gedəndə krandan içirdim. Yatmağa yer yox idi. Stolların üstündə yatırdıq, buna yatmaq demək mümkün idisə…”

“İlham Əliyev eşitsin!!!”

Babək ona yönələn ittihamları rədd edərək, onları “absurd və cəfəngiyat” adlandırdı. O bildirdi ki, mitinqə öz təşəbbüsü ilə qatılıb, məqsədi ölkədə hökm sürən korrupsiyaya və işsizliyə etiraz etmək olub.
Dövlət ittihamçısının “Siz aksiyada hansı şüarlar səsləndirirdiniz?” sualı aranı qarışdırdı. Babəkin ona cavabı belə oldu:
– Heyf ki, aksiyada iştirakım cəmi 1 dəqiqədən çox çəkmədi. Yoxsa səsləndirəcəyim yüz minlərlə şüar var idi. Deyəcəkdim ki, Ilham Əliyev eşitsin, ölkədə korrupsiya tüğyan edir. Mən Qarabağda döyüşmüşəm, yaralanmışam, amma 5 nəfərlik ailəmlə Qarabağ döyüşləri zamanı fərarilik etmiş adamların evində kirayədə yaşayıram. Nərimanov Rayon Icra Hakimiyyəti mənə haqqım olan evi rüşvətlə satmaq istəyib. Buna etiraz etmişəm. Mən aksiyaya çıxmaqla tələb etmişəm ki, millətin pulunu yalandan yola, divarlara sərf eləməsinlər, insanlara yaşamaları üçün şərait yaradılsın. Anarxiyaya “yox” demək, Qarabağa azadlıq, işsizliyə son verilməsini tələb etmək üçün mitinqə çıxmışam və düz etmişəm. Rəhmətlik şəhidimiz Mübariz Ibrahimovun hərəkəti bizim hamımız üçün bir mesaj idi. O mesaj da bundan ibarət idi ki, 18 ildir hakimiyyəti tutub saxlayanlar millətin yolundan çəkilməlidir, millət də Qarabağı özü əldə etməlidir. Mən də bu düşüncədəyəm… Xalqa firavanlıq, Qarabağı verə bilməyənlər getməlidir”.

Kennedinin ölümü

Babək ibtidai istintaqın tam qanunsuz, saxta aparıldığını vurğulayaraq dedi ki, həmin qaydada iş aparmaqla prokurorun da boynuna Kennedinin ölümünü qoymaq olar. Prokuror bu çıxışa etiraz etdi, deyilənləri özünə qarşı təhqir kimi qiymətləndirdi. Bu zaman vəkil Mənsum Bayramov dedi ki, onun özü də müharibədə iştirak edib və burnunun ucundan, qulağının dibindən güllə keçməyən insanlar müharibə iştirakçısı olmağın nə demək olduğunu anlamaz. Vəkil əlavə etdi ki, hər kəs Babəkə ən azı, şəhidlərimizə edilən qədər hörmət bəsləməlidir: “O, sinəsini güllə qabağına vermiş insandır. Vəfat etsəydi, indi yəqin ki, burada yox, Şəhidlər xiyabanındaydı…”
Vəkilin bu çıxışı alqışlarla qarşılandı. Hakim öz növbəsində bildirdi ki, Qarabağ döyüşçülərinə hörmət etmək məhkəmənin də borcudur.

Pənah Hüseyn dindiriləcək

Babəkin vəkilləri vəsatət qaldıraraq, o, saxlanılarkən hadisə yerində olmuş Pənah Hüseynin və AXCP sədrinin müşaviri Şakir Abbasovun məhkəmədə şahid qismində dindirilməsini istədilər. Hakim bildirdi ki, ittiham tərəfin şahidlərinin dindirilməsi başa çatandan sonra əlavə şahidlərin məhkəməyə dəvət edilməsi məsələsinə baxıla bilər.
“Mitinqə çıxmaqla vətəndaş borcumu yerinə yetirmişəm”
Məhkəmə qarşısına çıxarılan siyasi dustaqlardan sonuncu ifadə verən Elşən Həsənov oldu. O dedi ki, aksiyada cəmi 4-5 dəqiqə iştirak edib. Həmin vaxt bir neçə dəfə korrupsiya əleyhinə şüarlar səsləndirib.
Elşən Həsənov da ittihamları rədd edərək bildirdi ki, aksiya iştirakçıları tərəfindən heç bir zorakılığa yol verilməyib, heç kimin səhhətinə, mülkiyyətinə ziyan vurulmayıb. Elşən Həsənov məhkəmənin nəzərinə çatdırdı ki, çoxsaylı sosial problemlərdən təngə gələrək mitinqə çıxıb: “Hesab edirəm ki, aksiyaya çıxmaqla vətəndaş borcumu yerinə yetirmişəm. Iş üçün onlarla dövlət qurumuna müraciət etmişəm, amma heç bir xeyri olmayıb. Özüm ağır xəstəyəm, amma rüşvət vermədiyimə görə əlillik qrupu da ala bilməmişəm”.
Elşən Həsənovun ifadəsindən, həmçinin bəlli oldu ki, o, ağır xəstədir, qulağı yaxşı eşitmir, “Hepatit C” daşıyıcısıdır, mədəsi əməliyyat olunub və hazırda da mədə yarasından əziyyət çəkir.

“Utan, vicdanın olsun…”

Siyasi dustaqların ifadələri başa çatandan sonra zərərçəkmiş qismində tanınan Sarvan Məhərrəmovun nümayəndəsi Tamerlan Seyidovun izahatı dinlənildi. Onun izahatına görə, nümayəndəsi olduğu şəxs “Neftçilər” – Günəşli istiqamətində hərəkət edən 316 saylı marşrutda işləyib. 2 apreldə Nizami rayon polisi şəhərin mərkəzindəki aksiya ilə əlaqədar onun idarə etdiyi nəqliyyatdan istifadə edib. O, polisləri mərkəzə daşıyıb. Aksiya zamanı polislər tutduqları adamları avtobusa doldurublar. Avtobus hərəkət edəndən sonra aksiya iştirakçıları onun idarə etdiyi nəqliyyat vasitəsinə 1300 manatadək ziyan vurublar. T.Seyidovun sözlərinə görə, avtobusa ziyan vuranlar Sahib Kərimov, Zülfüqar Eyvazov, Arif Alışlı və Elnur Israfilov olub.
Nümayəndənin izahatı bitəndən sonra vəkillər ona suallar ünvanladılar. Seyidov demək olar heç bir suala cavab verə bilmir, “dəqiqləşdirərəm”, “öyrənib deyərəm” kimi cavablarla suallardan yayınırdı. Seyidovun izahatını əsaslandıra bilməsi zalda növbəti dəfə gərginlik yaratdı. Yerdən səslənən “utan, yalan danışma”, “vicdanın olsun” kimi replikalara görə hakim 4 nəfəri zaldan çıxartdı. Ancaq emosiyalar səngimirdi. Seyidova qarşı etirazların artdığını görən hakim hamının zaldan çıxarılması barədə göstəriş verdi. Bu yerdə Sahib Kərimov zaldakılara müraciət edərək, onlardan sakitləşmələrini xahiş etdi. Bundan sonra zalda sakitlik yarandı…

Istintaq ifşa olunur

Ən maraqlı məqamlardan biri Sahib Kərimovla Seyidovun arasındakı sual-cavab oldu. Sahib Kərimovun sözlərinə görə, Sarvan Məhərrəmov ibtidai istintaqa ifadəsində göstərib ki, avtobusun arxa şüşəsi Mərdanov qardaşları və Xaqani küçəsinin kəsişməsində sındırılıb. Amma Sahib Kərimov və başqalarını Üzeyir Hacıbəyov və Səməd Vurğun küçələrinin kəsişməsində gördüyünü yazıb. Belə olan halda, Sahib Kərimov onun nümayəndəsi qarşısında məntiqli sual qoydu: “Mərdanov qardaşları küçəsində baş verən hadisəyə görə Üzeyir Hacıbəyovdakılardan təzminat istəməyin səbəbi nədir?”
Nümayəndə bu sualdan çaşdı və belə bir gülməli cavab verdi: “Yaxşı, bir şüşəni sizə keçdik…”
Bu zaman zalda gülüşmə düşüdü.
Sahib Kərimov avtobusun şüşəsini sındırmadığını, Sarvan Məhərrəmovun da ifadəsində bu barədə fikirlərin yer almadığını qeyd edərək, sual etdi ki, belə olan halda, niyə o, cavabdeh kimi göstərilib. Nümayəndə bu dəfə də gülüş doğuran cavab verdi: “Ona görə ki, burada olan sizsiniz…”
Vicdan məhbusları onlara dəstək əlaməti olaraq prosesi izləməyə gələnlərin “Azadlıq!” şüarları və alqışları altında məhkəmə binasını tərk etdilər.
Növbəti məhkəmə iclası iyulun 29-na təyin olunub.

Natiq