Vidadi İsgəndərli məhkəmədə od püskürdü

Vəkilin vəsatətləri təmin olunmadı; Jurnalistlərin normal işləməsinə imkan verilmədi

Vidadi İsgəndərli: «Vəzifələrindən sui-istifadə etdiklərinə görə, Zakir Qaralova, Mənsur Məmmədova, Ziya Məmmədova cinayət işi başlanılsın»

Göyçay Rayon Məhkəməsində hüquq müdafiəçisi, Ictimai Palatanın təhqiqat qrupunun sədri Vidadi Isgəndərlinin işi üzrə məhkəmə prosesi davam etdirilir. Dünən 9:30-a təyin olunan prosesdə iştirak etmək istəyənlər, media nümayəndələri məhkəmə binasının girişindəki polis postunda diqqətlə dəmiraxtaranla yoxlamadan keçirildi, adları, soyadları naməlum qeydiyyat dəftərinə yazıldı, telefonlar, foto-videoaparatlar, diktafonlar heç bir səbəb göstərilmədən alındı. Ötən günlərdən fərqli olaraq  V.Isgəndərlinin vəkili Xalid Bağırov sonuncu prosesə ciddi yoxlamalara məruz qalmaqla buraxıldı.

Vəkilin hüquqları pozuldu

Proses başlanandan sonra vəkil müdafiə hüququndan effektiv istifadə etmək üçün müvəkkilinin onun yanında əyləşməsinə şərait yaradılması, jurnalistlərə foto-videoçəkiliş aparmalarına imkan verilməsi və onu qanunazidd olaraq yoxlayan polis əməkdaşlarının cəzalandırılmasıyla bağlı qərar çıxarılması barədə vəsatət verdi.
Hakim Elxan Süleymanov vəsatətləri müzakirəyə çıxardı. Dövlət ittihamçısı Nəriman Ələkbərov V.Isgəndərlinin vəkilinin yanında əyləşməsini təhlükəli adlandırdı, audio yazılışına, video çəkilişinə etiraz etdiyini bildirdi. Vəsatətin polis əməkdaşları ilə bağlı hissəsinə münasibət bildirmədi. Hakim V.Isgəndərlinin vəkilinin yanında əyləşməsinə şərait yaradılması, audioyazılışa, videoçəkilişə imkan verilməməsi barədə qərarını açıqlasa da, o da polislərin cəzalandırılması məsələsinə münasibət bildirmədi.
V.Isgəndərli isə prosesin bütünlüklə audioya yazılmasına dair vəsatətlə çıxış etdi:
– Hörmətli məhkəmə, bu ona görə lazımdır ki, işdə adı zərərçəkən kimi keçən Ramiz Əsədov burada verdiyi ifadələrilə sübut etdi ki, ittiham aktını Baş Prokurorluq  saxtalaşdırıb. Zakir Qaralovun mənə qarşı cinayətini ifşa etdi. Audioyazılış ona görə vacibdir ki, o və digərləri bu gün bir söz, sabah başqa söz deyəndə onların yalan danışmaları asan sübut oluna bilsin. Onlar burada ifadə verəndən sonra icra başçısı Mənsur Məmmədov öz adamları – Ruslan Əlizadə və Rəşad Şükürov vasitəsilə zərərçəkənlərə təzyiq göstərir. Bu iki şəxs zərərçəkəni oğurlayıblar, ona təzyiq göstəriblər. Iyulun 22-də keçirilən prosesdə o gəlib ifadəsini təkzib etməyə çalışdı. Heç 37-ci ildə keçirilən məhkəmələrdə bunca saxtakarlıqlar, təzyiqlər olmayıb. Məni hüquq müdafiəçisi kimi fəaliyyətimlə bağlı, Ictimai Palatadakı fəallığıma görə bu cür saxtakarlıqla tutublar. Əgər video-audio olmasaydı bu gün burada mən yox, dövlət ittihamçısı oturmalıydı. Prokuror deyir ki, burada zərərçəkənlər nə desələr belə, sizə xeyri yoxdur. Istəyir bütün Göyçay desin, ona iş veriləcək. 
Dövlət ittihamçısı:
– Buranı təbliğat yerinə çevirməsinlər.
V.Isgəndərli:
– Bizə 15 dəqiqə vaxt verin, protokolla tanış olaq, görək Ramiz Əsədov nə deyib. 
Hakim:
– Ehtiyac yoxdur, protokollar yazılır.
– Axı necə ehtiyac yoxdur? Zakir Qaralov, Mənsur Məmmədov vəzifələrindən sui-istifadə edərək onlara psixi təzyiq göstərirlər, bu yolla saxta ittiham aktına don geydirmək istəyirlər. Vəsatət qaldırıram ki, bu əməllərinə görə Zakir Qaralova, Mənsur Məmmədova, Ziya Məmmədova cinayət işi başlanılsın. 
Dövlət ittihamçısı:
– Etiraz edirəm.
– Nəyə etiraz edirsən? 21-ci əsrdə Azərbaycanı banan respublikasına çevirib bizi sivil dünyaya güldürməyin.

Şahidlər bir-birini təkzib edən ifadə verdi

Bundan sonra psixopatiyanın kəskin oyanıqlı formasından əziyyət çəkən, seçkilər zamanı müşahidəçi olmuş, işdə adı zərərçəkən kimi keçən Araz Ələkbərov tribunaya dəvət olundu. Vəkil Xalid Bağırov zərərçəkənin xəstəliyini nəzərə alaraq onun həkim psixiatr Səməd Səməd oğlu Səmədovun müşayiəti ilə dindirilməsinə şərait yaradılmasını istədi. S.Səmədov zərərçəkənin yanında əyləşəndən sonra müdafiə tərəfi ona suallar verdi. Məlum oldu ki, zərərçəkən cəmisi 21 gün hərbi xidmətdə olub. O, özünə xəsarət yetirdiyinə görə ordu sıralarından tərxis olunub. Ona psixopatiya diaqnozu qoyulub.
X.Bağırov:
– Neçənci ildənsiniz?
– 1987-ci.
– Özünüzə niyə xəsarət yetirmişdiniz?
– Demirəm.
– Sizi hərbi xidmətə aparanda yoxlamışdılar?
Dövlət ittihamçısı:
– Etiraz edirəm.
– Qoy desin, hamı da bilsin, nə olub ki, bu adam özünə xəsarət yetirib.
Zərərçəkən:
– Özümə müəyyən yerə xəsarət yetirdim.
– Bədəninin hansı hissəsinə?
– Nə bilim.
– Deyin hamı bilsin.
– Başım min dəfə ora-bura dəyib.
– Konkret deyin.
– Qollarımı doğramışam.
– Ekspertizadan nə vaxt keçdiniz?
– 7 ay əvvəl.
– Harada?
– Ağdaşda.
– Ora kiminlə getdiz?
– Polislərlə.
– Nə xəsarət almısız?
– Əzilmişdim.
Vəkilin sonrakı suallarına zərərçəkən əsəbi tonda cavab verdi və hönkürüb ağlamağa başladı.
Vəkil zərərçəkənin vəziyyətini nəzərə almaqla məhkəmədən 15 dəqiqəlik fasilə elan edilməsini xahiş etdi. Fasilədən sonra V.Isgəndərli zərərçəkənə suallar verdi:
– Biz məntəqəyə gələndə neçə nəfər idik?
– 15-20 nəfər.
– Orada neçə seçici vardı?
– 30-50.
– Orada nə baş verdi?
– Gəlib getdiz sədrin yanına, protokolları götürdüz, dediniz ki, baxın, saxtalaşdırmısınız. Getdiz.
– Sonra nə oldu?
– Mən qabağını kəsib protokolları almaq istədim. Dedin ki, səni tutduracağam. Məni itələdin. Sənə müqavimət göstərdim.
– Niyə?
– Protokolları almaq istəyirdim.
– Nə seçkisi idi həmin gün?
– Referendum idi.
– Sizi ora kim göndərmişdi?
– Özüm gəlmişdim, müşahidəçi idim.
– Müşahidəçi vəsiqəsini haradan almışdınız?
– Idman idarəsindən.
– Müşahidəçi kimi hüquq və vəzifələrinizi bilirsiniz?
– Mən orada baş verən qanunsuzluğun qarşısını almalı idim.
– Dediyiniz vəzifə harada yazılıb?
– Nə bilim.
– Seçki neçə ildən bir keçirilir?
– Vay dədəəəəə, bilmirəm.
– Sizin köynəyinizi cırdığımı deyirsiniz.  
– Sizə müqavimət göstərəndə köynəyimi cırdız.
– Sonra nə oldu?
– Mən məntəqəyə qayıtdım.
– Neçəyə kimi orada oldun?
– 19-a kimi.
– Ifadələrinizi oxumusuz?
– Oxumuşam.
Bundan sonra V.Isgəndərli məhkəmədən xahiş etdi ki, zərərçəkənə ifadəsi təqdim edilsin və o, ifadəsini oxuyaraq təsdiqləsin. Hakim bunun səbəbini soruşduqda V.Isgəndərli dedi ki, zərərçəkən ali təhsilli olsa da, yazıb-oxuya bilmir:
– Verin oxusun, əmin olun.
– Oxumuram.
– Niyə?
– Oxuya bilmirəm.
– Gördünüz?
Hakim:
– Araz oxuya bilir.
– Verin oxusun.
Zərərçəkən:
– Oxumuram, oxuya bilmirəm.
Qısa mübahisədən sonra məhkəmə araşdırması davam etdirildi.
– Sonra nə proses oldu?
– Seçki qutusundan kim seçilibsə, çıxdı.
– Kim çıxdı qutudan?
– Kim seçilibsə. 
Bundan sonrakı sorğu-sual zamanı məlum oldu ki, zərərçəkən ibtidai istintaqa verdiyi ifadəsində ona zor tətbiq edilməsini desə də, faktiki ona zor tətbiq edilməyib. Bu məsələ dəqiqləşəndən sonra zərərçəkən qəfildən ona zor tətbiq edilməsini israr etdi. Köynəyini harada dəyişməsi ilə bağlı suala isə zərərçəkən üç müxtəlif cavab verdi. Ilkin olaraq dedi ki, köynəyini əmisinin evində dəyişib. Vəkil dəqiqləşdirmə apardı və zərərçəkən cırıq köynəyini sürücüsünü tanımadığı taksidə dəyişdiyini, sonrakı ifadəsində isə Göyçay Prokurorluğuna qardaşının gətirdiyi köynəyi geydiyini söylədi. Məlum oldu ki, zərərçəkənin 21 yaşlı qardaşı da ağır xəstəlikdən əziyyət çəkir. Vəkilin sonrakı sualları zamanı üzə çıxan maraqlı məqamlardan biri A.Ələkbərovun zərərçəkən kimi döyülməsi barədə hüquq-mühafizə orqanlarına müraciət etmədiyi halda, V.Isgəndərliyə qarşı Cinayət Məcəlləsinin 132-ci – döymə maddəsi ilə ittiham elan edilməsi, digəri isə nəqliyyat naziri Ziya Məmmədovun ona yaşadığı Göyçayın Şəhadət-Qarabağlar kəndi ərazisində 2 mərtəbəli ev tikməsi oldu.

Latın əlifbasıyla yaza bilməyən direktor

Bundan sonra iş üzrə digər zərərçəkən Səfa Azadov sərbəst ifadə verdi. Dedi ki, o, seçki məntəqəsinə gəlib, orada səs-küy olduğuna görə səs vermədən oradan gedib. Sonradan da səs verməyə qayıtmayıb. Ona kimsə məntəqədə zor tətbiq etməyib. O, tanımadığı şəxslərin məntəqənin çölündə dartışdıqlarını, kimlərinsə də “Vidadi Isgəndərov” deyə qışqırdıqlarını eşidib.
S.Azadovun dindirilməsi zamanı ona yaxın əyləşən Göyçay Kommunal Istehsalat Birliyinin sədri Loğman Əliyev suallara hansı cavabları vermək lazım olduğunu işarə edirdi. Bu isə müdafiə tərəfinin kəskin etirazına səbəb olurdu. Hakim ötən proseslərdə bu şəxsə iki dəfə xəbərdarlıq etsə də, onu zaldan çıxarmadı.
Bundan sonra işdə adı şahid kimi keçən Ibrahim Məmmədəliyev tribunaya dəvət olundu. Bu şəxs məntəqə seçki komissiyasının sədri olmaqla yanaşı məktəb direktorudur. I.Məmmədəliyev sərbəst ifadəsində V.Isgəndərli ilə seçki prosesi zamanı tanış olduğunu dedi. Bildirdi ki, seçki günü səhər 9-un yarısı 16 bülletenin bir dəfəyə səhvən sol küncünü kəsib. Və həmin bülletenləri müşahidəçilər görüb. Bunu aktlaşdırmağı qərara alıblar. Amma nədənsə unudublar. V.Isgəndərli məntəqəyə gəldikdə isə müşahidəçilər bu halı ona deyiblər. V.Isgəndərli ondan bülletenləri istəyib və o, verib. Həmin vaxt 3 bülleten də eyni vaxtda kəsilib. Bunu görən V.Isgəndərlinin müşahidəçiləri bu barədə ona məlumat veriblər. V.Isgəndərli həmin 3 bülleteni də götürüb onu itələməklə məntəqədən gedib. V.Isgəndərli isə Qurana and içməklə şahidi itələmədiyini bildirib. Dindirmələr zamanı məlum oldu ki, məktəb direktoru latın əlifbası ilə yazıb-oxuya bilmir. I.Məmmədəliyev “Vidadi müəllim, bura ”otrezvitel”di deməklə ona söz verdi ki, məhkəmənin  verəcəyi cəzanı çəkib gələnədək əlifbanı öyrənəcək. Ən maraqlı məqamlardan biri isə şahidin direktoru olduğu məktəbi o dövrdə deputatlığa namizəd olmuş Şəmsəddin Hacıyevin əsaslı təmir etdirməsi oldu. V.Isgəndərlinin suallarından yayınmaq istəyən direktor məktəbi Heydər Əliyev Fondunun əsaslı təmir etməsini də dilə gətirdi. Bülletenlərin toplu halında kəsilməsinin Seçki Məcəlləsinə zidd olduğunu etiraf etməklə bu qanunsuzluğa seçki prosesini tezləşdirmək üçün əl atdığını dedi.    
Qeyd edək ki, V.Isgəndərli bu il aprelin 17-də Ictimai Palatanın mitinqindən 2 saat əvvəl saxlanılıb.
Onun barəsində Nəsimi Rayon Məhkəməsinin seçdiyi 15 sutkalıq inzibati həbs müddəti başa çatdıqdan sonra barəsində cinayət işi olduğu əsas gətirilərək həbs müddəti uzadılıb. O, Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirləndirilir. Hüquq müdafiəçisi özünə qarşı ittihamları qəbul etmir, qondarma olduğunu və siyasi hakimiyyətin göstərişi ilə quraşdırıldığını deyir. Iş üzrə 11 şəxsin adı zərərçəkən kimi keçir. Onlardan 3 nəfərinin psixi xəstə olduğu barəsində arayışlar var.
Proses davam edir.

E.Məmmədəliyev