Müsavatın qurultayı oktyabrda keçiriləcək

Gülağa Aslanlı: «Arif Hacılının həbsi qurultaya hazırlıq işində ləngimə yaradıb»

“Güman edirəm ki, sentyabrın sonuna qədər Müsavat Partiyasının ilk təşkilatlarının – rayon şöbələrinin konfranslarının keçirilməsi prosesi yekunlaşacaq və oktyabrda partiyanın qurultayını keçirə biləcəyik”.
Bu açıqlamanı APA-ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı verib. G.Aslanlı deyib ki, qurultaya hazırlıq davam edir, işin sürətləndirilməsi üçün Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin avqustun 1-də toplantısı keçiriləcək: “Çalışacağıq ki, rayon təşkilatlarında konfransların başa çatması işini yekunlaşdıraq”.
G.Aslanlı qeyd edib ki, Ictimai Palatanın mart ayından başlayan mitinqlərdən sonra Müsavat Partiyasının Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılının, gənclər təşkilatının rəhbərinin və digər partiya üzvlərinin həbsi qurultaya hazırlıq işində ləngimə yaradıb: “Bunun nəticəsində partiyanın ilk təşkilatlarının konfranslarının keçirilməsi yay aylarına keçirildi. Yayda da havaların isti olması, insanların kənd təsərrüfatı ilə məşğul olmaları konfransların keçirilməsində problem yaradır. Vaxt məhdudiyyəti yaranmasına baxmayaraq, prosesi planlaşdırdığımız müddətə bitirməyi düşünürük”.