Tapança və bıçaq dili ilə danışan diplomat

Azərbaycan dövlətinin diplomatik missiyası çirkli valyutaya çevrilir

 

Sankt-Peterburqdakı Azərbaycan diasporunun rəhbəri, iş adamı Vaqif Məmişov Azərbaycan prezidenti Ilham Əliyevə məktub göndərib. Bu məktub bir qədər gec də olsa, “Azadlıq” qəzetinin redaksiyasına gəlib çıxıb və bu maraqlı sənədi oxuculara təqdim etməyə bilməzdik.
Bəlli olduğu kimi, Rusiyanın bu “ikinci paytaxtı”nda Azərbaycanın konsulu ilə diaspor rəhbəri arasında uzun müddətdir ki, anlaşılmazlıq və çəkişmə davam edir. Bu çəkişmənin nəticəsi olan bəzi məsələlər isə hətta Rusiya hüquq-mühafizə orqanlarının istintaqı altındadır. Ilham Əliyevə göndərdiyi məktubda da diaspor rəhbəri oradakı konsulun yaramaz əməlləri haqqında məlumat verərək onun bu vəzifəni tutmağa və Azərbaycan dövlətini təmsil etməyə mənəvi hüququnun olmadığını qeyd edir.

 

Onu güllə ilə vurdular, o isə bıçaq çıxartdı


Məktubda əsasən yazılır:
“…Konsulluğun və diasporun fəaliyyətinin əlaqələndirilməsi üçün problemləri müzakirə etmək təşəbbüsü göstərənləri konsul nəinki qəbul etmir, hətta təhqir edir, aşağılayır;
– o, bütün cari problemlərin həlli üçün özünəməxsus qaydada və heç bir əndazəyə sığmayan “mükafatlandırma” sistemi tətbiq edir;
– həll olunması yalnız konsulluğun səlahiyyətləri daxilində olan məsələlərə görə xüsusi “haqq” tələb edilir;
– O, konsulluğun əməkdaşları ilə olduqca qaba davranır, onların şərəf və ləyaqətini davamlı olaraq alçaldır;
– özünün diplomatik səlahiyyətlərindən və hüquqlarından sui-istifadə edərək konsulluğun işinə cəlb etdiyi insanlara hədə-qorxu gəlir, onlar üçün hər cür problem yaradılacağı, hətta doğma Vətənə getmək imkanlarının məhdudlaşdırılacağı ilə qorxudur;
Osmanov, eyni zamanda davamlı olaraq “Sankt-Peterburq Azərbaycanlılarının Milli mədəni Muxtariyyəti”nin fəalları və üzvləri haqqında yerli hüquq-mühafizə orqanlarına “donos” yazır, bu şəhərdə işgüzar, ciddi və namuslu insanlar olaraq tanınan bu adamların reputasiyasına xələl gətirmək istəyir. Qüdsi Osmanov bu hərəkətlərini öz çevrəsi üçün belə əsaslandırır ki, hansısa problemin həlli üçün ona müraciət edən azərbaycanlılar “antiAzərbaycan” fəaliyyəti ilə məşğuldurlar.
Baş konsulun bütün fəaliyyət və cəhdləri yalnız ona yönəlib ki, böhtan, qeybət, təhqir yolu ilə azərbaycanlıların bu şəhərdə ən mütəşəkkil təşkilatı olan “Milli mədəni Muxtariyyət” daxilində parçalanma yaratsın, bu qurumun iş əmsalını aşağı salsın.
Hələ 2000-ci ildə belə bir hadisə baş vermişdi ki, Rusiya vətəndaşı olan azərbaycanlı iş adamı Raqif Məmmədov konsul Qüdsi Osmanovu öz iş otağında tapançadan güllə ataraq çiynindən yaralamışdı. Bizim əlimizdə olan mötəbər faktlar bunu deməyə əsas verir ki, bu insident Osmanovun Raqif Məmmədovdan bir milyon dollar borc alaraq qaytarmaqdan imtina etməsi ilə bağlı idi.
Belə bir natəmiz söhbət konsulla Azərbaycan Daxili Işlər Nazirliyinin konsulluqdakı nümayəndəsi Elşad Süleymanov arasında da olmuş və Qüdsi Osmanov Süleymanovu öz iş otağında bıçaqla ağır yaralamışdı.

Bunları biz biliriksə, siz də bilməlisiz

Biz bilirik ki, konsul Q.Osmanov öz səlahiyyətlərindən qanunsuz şəkildə faydalanaraq Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı filialından öz qohumları Osmanov Xaqani və Osmanov Mustafanın adına 10 milyon dollar kredit götürərək şəxsi biznesini genişləndirməklə məşğuldur.
Bizdə olan dəqiq və təsdiq olunmuş bilgilərə görə konsul Qüdsi Osmanov Rusiyanın Şimal-Qərb rayonlarını gəzir, oradakı diaspor rəhbərlərindən Azərbaycan MTN-nin adını çəkib hədə-qorxu gəlməklə onlardan pul toplayır.
Bizdə olan dəqiq bilgilərə görə, hazırda konsul Qüdsi Osmanov Peterburqda kommersiya strukturları və daşınmaz əmlak şəbəkəsinin sahibi olmaqla 70-100 milyon dollar hüdudlarında sərvət toplamış və bunların da hamısını diplomatik fəaliyyətindən sui-istifadə edərək qazanmışdır.
Biz çox yaxşı bilirik ki, konsul Qüdsi Osmanov Azərbaycan dövlətinin buradakı siyasətini yerinə yetirmək əvəzinə Azərbaycan hökumətinin ona verdiyi səlahiyyətlərdən natəmizcəsinə yararlanaraq Peterburqun oliqarxlarından birinə çevrilmişdir.
O, Peterburqdakı təsir imkanlarından yararlanaraq, buradakı işgüzar azərbaycanlılar üçün hüquq-mühafizə və vergi orqanlarında süni problemlər yaradır, sonra isə guya həmin problemləri həll etmək üçün qabağa düşərək pul toplayır. 
Buradakı Azərbaycan icması, eləcə də Sankt-Peterburq şəhərinin yerli hakimiyyət orqanlarının nümayəndələri öz dövlətinin ona verdiyi diplomatik imtiyazları şəxsi biznesini genişləndirmək üçün istifadə edən konsul Qüdsi Osmanova ikrahla baxırlar və bu, çox pis haldır.
Konsul Qüdsi Osmanov tez-tez Azərbaycan Televiziyasının çəkiliş qrupunu gətizdirərək özünün fəaliyyətini pozitiv istiqamətdə təqdim edən proqramlar hazırlatdırmağı da xoşlayır, amma buradakı azərbaycanlılar bu demaqogiyanın arxasında nələrin dayandığını çox yaxşı bilirlər. Buradakı KIV də Azərbaycan konsulunun nələrin hesabına oliqarx olduğu ilə bağlı materiallar yayır…”.

***

Bu məktubla Peterburqdakı Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişov Ilham Əliyevdən xahiş edir ki, Azərbaycanın bu şəhərdəki konsulu Qüdsi Osmanovu öz vəzifəsindən rədd eləsin.
Xatırladırıq ki, Dünya Azərbaycanlılarının Qurultayı adlandırılan sonuncu tədbirdə Ilham Əliyev diaspor rəhbərlərinə Azərbaycan səfirlikləri və konsulluqlarının təlimatlarına əməl etməyi tapşırmışdı. V.Məmişov məktubunda “Qüdsi Osmanovun Rusiyanın Şimal-Qərb rayonlarını gəzməsi, oradakı diaspor rəhbərlərindən Azərbaycan MTN-nin adını çəkib hədə-qorxu gəlməklə pul toplamasından” yazır. Belə görünür ki, ölkənin içindəki vətəndaşları soymaq və talamaq kifayət etmir, iş və çörək pulu dalınca dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların da hədə-qorxu gələrək talamaq Azərbaycan dövlət diplomatiyasının mühüm tərkib elementlərindən biridir.

İnformasiya şöbəsi