Bura antidemokratiya poliqonudur
Leyla Yunus: «Hakimiyyət antidemokratik addımlarını ilk dəfə Naxçıvanda sınadıqdan sonra bütün Azərbaycana yayır»
Insan haqları və demokratiyanı pozmasına görə Azərbaycan hakimiyyətinin ünvanına beynəlxalq aləmdən gələn tənqidlərə son zamanlar yeni çalar əlavə olunub. Söhbət artıq Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun adının yarlıqda beynəlxalq hesabatlara düşməsindən gedir. Artıq bir müddətdir ki, V.Talıbovun Naxçıvandakı fəaliyyətini dünyanın bütün tanınmış beynəlxalq təşkilatları ciddi tənqid edir.
Hüquq müdafiəçisi Leyla Yunusun fikrincə, V.Talıbovun hesabatlarda adının ayrıca göstərilməsi Naxçıvandakı vəziyyəti çılpaqlığı ilə göstərir. Naxçıvanı Azərbaycanın Türkmənistanı sayan L.Yunus onu da əlavə etdi ki, bir qayda olaraq Naxçıvanda sınaqdan keçirilən demokratiyanın boğulması istiqamətindəki “proyektlər” daha sonra bütün Azərbaycanda tətbiq olunur: “Əvvəlcə Naxçıvanda insanların sərbəst şəkildə toplaşması ciddi şəkildə məhdudlaşdırılırdı. Daha sonra bu, bütün Azərbaycana sirayət etdi. Əvvəllər xarici jurnalistlərin, diplomatların yalnız Naxçıvana gəlişi problemli idisə, indi Azərbaycana beynəlxalq təşkilatların təmsilçilərinin gəlməsinə imkan yaradılmır. Bu, bir daha göstərir ki, Azərbaycan hakimiyyəti öncə Naxçıvanda özünün antidemokratik addımlarını sınaqdan çıxartdıqdan sonra bütün Azərbaycana yayır. Məhz bu baxımdan Vasif Talıbovun adının ayrıca beynəlxalq hesabatlara düşməsi təəccüblü deyil”.
Xəyal