Dünən milli mətbuat günü idi. Necə deyərlər, Əflatun Amaşovun, Vüqar Səfərovun bayramıdır. Kimisə təbrik etməli olsan, gərək onları və onlar kimilərini təbrik edəsən. Bu bayramın ən yaddaqalan cəhəti odur ki, ölkə mətbuatının böyük hissəsi korrupsiya pulu ilə çıxır. Hakimiyyət korrupsiya pulu ilə böyük bir KIV sektoru saxlayır. TV-lər, qəzetlər, informasiya agentlikləri, saytlar, hətta ədəbiyyat portalları. Hamısı da bir qara qəpiyə dəyməz. Hamısı da ölkədə əsl həqiqətləri gizlətməyə xidmət edir. Hamısı da yalana qulluq edir. Bayramı da əsasən onlar qeyd edirlər…
Mətbuata müsahibə verməyən, ona əngəllər yaradan, onun azad fəaliyyətini boğan bir prezident – Ilham Əliyev bu ölkədə jurnalistlərin dostu elan edilib. Dövlət mətbuatı nökər kimi görmək istəyir bizim ölkədə…
Əslində, yazmayan jurnalistlərin bayramıdır bu gün, yaza-yaza yazmayanların – susanların, dolayısı ilə susduranların bayramıdır. Təsəvvür edin ki, bu ölkənin tanınmış jurnalist təşkilatı seçki saxtakarlığında iştirak edir. Jurnalist təşkilatlarının üzvləri jurnalist deyillər. Yazmayan jurnalistlər yazanlardan 10 qat çoxdur.
Və indi bu bayramın Həsən bəy Zərdabi kimi müqəddəs yolçuya heç dəxli yoxdur. O adam bu gün dirilib gəlsəydi, RATI-nin daxmasında (onu başqa yerə qoymazdılar) mətbuat konfransı keçirər və bizə deyərdi: bəsdir mənim adımdan istifadə etdiniz. O adam onun adına təsis edilmiş mükafatları geri alar və kədərlə bu ölkəni tərk edərdi. Burada qalıb yazmağına isə heç lüzum olmazdı. Onu jurnalist sayan olmazdı…
Bütün bu səbəblərdən mənim bu bayrama öz sözüm var: əsl mətbuat bayramınacan, Həsən bəy!
O biri killerlər niyə Bakıya gətirilmir?
Nərimanov Rayon Polis Idarəsi təsdiqləyib ki, “Azər-Ross” MTK-nın rəhbəri Əflatun Piriyevi qətlə yetirməkdə təqsirləndirilən killer Sahil Şamilov və bu işdə əli olan Fərman Hacıyev iyulun 21-də Azərbaycana gətirilib. Rəsmi açıqlamada bildirilir ki, Azərbaycan DIN-in Gürcüstanın müvafiq dövlət orqanı ilə beynəlxalq müqavilələrə uyğun qarşılıqlı hüquqi yardım çərçivəsində birgə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Fərman Hacıyev və Sahil Şamilov Gürcüstanda yaxalanıb və ölkəmizə gətirilib.
Mətbuat günündə yayılan bu xəbər mətbuatı çətin sual qarşısında qoyur. Bəs jurnalist Elmar Hüseynovun qatili sayılanlar niyə ölkəyə gətirilmir. Indiyədək rəsmi açıqlama verilir ki, bu adamları Gürcüstan təhvil vermir. Baxmayaraq ki, Gürcüstanın dövlət orqanları bildirib ki, Azərbaycan tərəfi bu haqda onlara müraciət etməyib. Sonuncu hadisə də sübut edir ki, Gürcüstan killerləri təhvil verməkdə əngəl yaratmır.
Bəs onda necə anlayaq bu hadisəni: bəlkə Elmarı öldürənlərin qara qaşı var?
Kooperasiya Kollecinin ölümü
Gözümdən yayınmış köhnə bir xəbər diqqətimi çəkdi. Sən demə, bu il Kooperasiya Kollecinə qəbul verilməyib, kollec dağılmaq üzrədir. Məsələ, kollecdə deyil. Xatırlayırsınızsa, martdan öncə “Azərittifaq”a məxsus Kooperasiya Universiteti və Kooperasiya Kollecinə təşkilatın sədri Eldar Quliyev qanunsuz şəkildə sahib çıxmışdı. Sadəcə Idarə heyətinin qərarı ilə. Halbuki “Kooperasiya haqqında” Azərbaycan Respublikasının Qanununa görə, “kooperativin əmlakı onun üzvlərinin xüsusi (ümumi paylı, ümumi birgə) mülkiyyətindədir” və heç kim ona sahib ola bilməz.
O vaxt Eldar Quliyev maraqlı bir izah vermişdi. Demişdi ki, niyyəti xoşdur, tədris müəssisələrini daha yaxşı təmsil etmək üçün təsisçi olub. Bu da təmsilçilik. Uzun illərin müəssisəsi artıq dağılır. Qəbul yoxdur, müəllimlər işsiz qalır…