Ətin qiyməti niyə qalxır?

Rəsmilər bunu süni faktorlarla əlaqələndirir

Vahid Məhərrəmov: «Mal-qaranın istifadə etdiyi yemin qiyməti yüksək olaraq qalmaqdadır»

Son günlər ət məhsullarının qiymətinin artması maraq doğurmaya bilməz. Belə ki, bir qayda olaraq yay aylarında ucuzlaşan ət məhsullarının qiyməti nədənsə bu yay artır. Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, ətin qiymətinin qalxması süni xarakter daşıyır və burada daha çox günah sahibkarların üzərinə atılıb.
Bəs görəsən bu qiymət artımının real səbəbi nədir və onun qarşısını necə almaq olar?
Kənd təsərrüfatı üzr ekspert Vahid Məhərrəmovun fikrincə, ətin qiymətinin bahalaşması tendensiyası uzun müddətdir gedir. Və hazırda qiymətin bahalaşması gözlənilən idi. Çünki Azərbaycanda mal-qaranın istifadə etdiyi yemin qiyməti yüksək olaraq qalmaqdadır: “Buğda və arpanın bir kiloqramının qiyməti əgər əvvəl iyirmi iki qəpik idisə, indi otuz qəpiyə qalxıb. Bu bir səbəbdir. Yəni yemin baha olması ətin qiymətinə təsir edir. Digər tərəfdən, Azərbaycandakı mal-qaranın əksəriyyəti universal tiplidir. Yəni mal-qaradan həm südlük, həm də ətlik istifadə olunur. Amma o da nəzərə alınmalıdır ki, bu tip mal-qara ətlik istifadə üçün tam sərf etmir. Çünki onun kökəldilməsi uzun vaxt tələb edir. Bu isə xeyli vəsait deməkdir. Bu da ətin qiymətinə təsir edən faktordur”.
Bu baxımdan müvafiq orqanların ətin qiymətinin ucuzlaşması istiqamətində addımlar atmasının gərəkli olduğunu deyən V.Məhərrəmli vrğuladı ki, ilk növbədə yemin qiyməti ucuzlaşdırılmalıdır. Çünki bahalı yem ətin qiymətinə də təsir edir. Digər tərəfdən, ətlik cinsli mal-qaranın yetişdirilməsi ətin qiymətinin ucuzlaşması üçün gərəkli şərtlərdəndir.

Xəyal