Qəzzafi itirə-itirə gedir

Koalisiya qüvvələri bir gündə diktatorun 6 silah anbarını və hərbi obyektlərini sıradan çıxardı; üsyançılar isə polkovnikin ən önəmli zabitlərindən birini ələ keçirdi

NATO-nun Müəmmər Qəzzafi rejiminə qarşı əməliyyatı davam edir. Ötən 24 saat ərzində koalisiya qüvvələrinə məxsus qırıcıların hava zərbələri nəticəsində Liviya diktatoruna sadiq əsgərlərin istifadə etdiyi 6 hərbi anbarı, 5 zenit qurğusunu, 3 raket sistemi sıradan çıxarılıb. NATO əməliyyatları əsasən Qəzzafinin son qalası adlandırılan paytaxt Tripoli, Mars əl Breqa, Misrata, Vaddan, Siirt və Zlitan şəhələrındə aparılıb.

Bu arada İngiltərənin “The Guardian” qəzetinin yazdığına görə, liviyalı üsyançılar Müəmmər Qəzzafinin hərbi birləşmələrindən birinin komandanı Abdulla Nəbih Zaidi girov götürüblər. Müxaliflər diktatorun əsas komandanlarından biri olan Zaidi Liviyanın şimal-qərb hissəsindəki Souk Tələt şəhərində həbs ediblər. Zaidi bu şəhərdə hökumət qüvvələrinin qurduğu postun rəhbəri və komandanı idi.

Misrata şəhər sovetinin üzvü Həsən Duvanın sözlərinə görə, üsyançılar Zaidinin məskunlaşdığı və qərargah kimi istifadə etdiyi binanı mühasirəyə alıblar. O, heç bir müqavimət göstərmədən müxaliflərə təslim olub. Duva Zaidinin üsyançıların nəzarətindəki hərbi düşərgədə saxlandığını bildirib.

Üsyançıların təmsilçisi Məhəmməd Frefr hərbçi ilə normal davrandıqlarını, 3 günlük ifadədən sonra hərbi həbsxanaya göndəriləcəyini söyləyib. Onun sözlərinə görə, Abdulla Naib Zaidi Misratada dinc sakinlərin öldürülməsində ittiham olunur. O, həm də bu ilin martında Misratada dinc əhaliyə qarşı tanklardan istifadə olunmasında da günahlandırılır.

Qəzzafi rejiminə qarşı çıxan üsyançıların Benqazidə qurduğu Milli Keçid Şurasının xarici işlər üzər təmsilçisi Mahmud Cəbrayıl jurnalistlərə açıqlama verərək Liviya diktatorunun Breq şəhərindəki neft obyektlərini partlatmağa hazırlaşdığını bildirib. Onun sözlərinə görə, Qəzzafi şəhərin əldən çıxacağını bildiyi üçün Breqadakı neft və digər enerji obyektlərini məhv etmək fikrindədir.

İspaniyanın xarici işlər naziri Trinidad Ximenez ilə görüşdən sonra danışan Cəbrayıl Breqa şəhərinin geniş hissəsinin minalarla əhatə olunduğunu vurğulayıb. Liviya hökuməti isə müxalifət təmsilçisinin bu açıqlamasına münasibət bildirməyib.

Liviya diktatoru Müəmmər Qəzzafi onun təmsilçilərinin üsyançılarla danışıqlar aparması haqda yayılan məlumatları təkzib edib. Polkovnik müxaliflərlər heç bir danışıq aparmadığını və bunun mümkün olmayacağını bildirib. Doğulduğu Siirt şəhərində tərəfdarlarına səslənən diktator yenə də sonuna qədər vuruşacağını söyləyib:“Mənimlə onlar arasında qiyamətə qədər heç bir görüş olmayacaq. Son damla qanımıza qədər vuruşub, doğma topraqlarımızda öləcəyik”.

Elxan