Ilham Əliyev srağagün “Turizm ili” ilə bağlı tədbirlər planını təsdiqlədi. Mənim nə bunların “Turizm ili” vecimədir, nə də tədbirlər planı. 18 ildir bu ölkədə hər il despotizm ili olandan sonra alsın 2012-ci ili də “Demokratiya ili” elan eləsin, guya nə dəyişəcək?
Sadəcə, məni düşündürən başqa şeydir. Deyəsən, doğrudan da, bizim kralın bir təqvim problemi var. 2011-ci ilin 7 ayı arxada qalıb, amma o hələ indi-indi “Turizm ili”nin tədbirlər planını təsdiqləyir. Il hardasa bu gün-sabah başa çatacaq, soruşmaq ayıb olmasın, indən belə nə tədbirlər planı? Bəlkə Ilham Əliyevə elə gəlir, hələ 2011 heç başlamayıb? Bəlkə o özünü 2010-un son günlərində hiss edir, hətta tədbirlər planını imzalayarkən kabinetində Yeni il yolkasının al-əlvan işıqları da yanıb-sönürmüş.
Bilmirəm. Bildiyim tək bir şey var: 21-ci əsrdə ölkəni krallıqlar, şahlıqlar dövrünə qaytaran, orta çağ dəyərlərini ayaqda tutan, feodalizmi bərqərar edən bir zehniyyətin bir təqvim problemi olduğu mübahisəsizdir.
Madam ki, indi bunlar Ziya Bünyadov prospektində 16 mərtəbəli binanı əlahəzrətin iqamətgahının həyəti görünür deyə sökdülər, qoy onda həmin binanın yerində eşşək boyda bir təqvim asssınlar. Hər halda təqvimdən boylanan illərin, günlərin, ayların kralın həyətini görməsində qorxulu, təhlükəli bir şey olmaz. Üstəlik, hər dəfə iqamətgahından çıxdıqda bəlkə kral həzrətlərinin mübarək gözləri təqvimə sataşar, beləcə, hansı əsrdə, hansı ildə yaşadığımızı xatırlayar da, ölkəni də ona görə idarə etməyə başlayar.
Bu da bunların orduya verdiyi qiymət!
Xidmət etdikləri hərbi hissədə üzləşdikləri haqsızlıqları Ilham Əliyevə çatdırmaq üçün üç zabitimizin kamera qarşısına keçib bir videomüraciət hazırladığını və yaydığını bilirsiniz. Onların sonrakı aqibətini də. Zabitlərdən birinin özünü günahkar çıxardılar, ikisini isə az qala abdal adlandırdılar. Guya kamera qarşısına keçərkən nə baş verdiyindən xəbərsiz olublar. Nə isə mövzumuz bu deyil.
Dünən soruşdum, öyrəndim, həmin videomüraciəti ölkənin heç bir telekanalı nümayiş etdirməyib. Oysa tənqidçi jurnalistlərin şalvarının altına kamera qoyub sonra da çəkdikləri intim kadrları utanıb-qızarmadan, pik saatlarda bütün xalqa göstərirdilər.
Icazənizlə, mən başqa heç nə yazmayım, siz bunların orduya verdiyi gerçək dəyəri özünüz düşünün artıq.
Bəs VHP niyə parçalanmır?
Dünya Azərbaycanlıları Konqresi (DAK) adlı mənasız bir qurum yenidən parçalanır. Bu təşkilatın neçənci dəfə parçalandığını əminəm ki, onun rəhbərləri də bilmirlər. Hətta bir az da dirəşsələr, şübhə eləmirəm, DAK parçalanmalarının sayına görə “Ginnesin rekordlar kitabı”na da düşə bilər.
Son parçalanma olayında diqqətimi çəkən əsas məqam günahkar kimi DAK-ın iki həmsədrindən biri olan Sabir Rüstəmxanlının göstərilməsidir. Bilirsiniz ki, Sabir bəy son illər ancaq Güneylə Quzeyi birləşdirmək haqqında düşünür, yerdə qalan məsələlər onun üçün heç sonuncu dərəcəli də deyil. Rəhbəri olduğu təşkilatın ağzını bir yerə yığa bilməyən, onun növbəti dəfə parçalanmasına yol açan bir zehniyyətin Güneylə Quzeyi necə birləşdirəcəyini qoyuram bir tərəfə.
Mənim üçün maraqlıdır, Sabir bəy həmsədr olduqdan bəri DAK azı iki dəfə parçalandığı halda, Rüstəmxanlının illərdir sədri olduğu VHP niyə indiyədək bir dəfə də parçalanmayıb? Mən əlbəttə, VHP-çilərə bunu əsla və əsla arzulamıram. Üstəlik, bunu nə bir tənqid, nə də bir təqdir kimi də yazmıram. Sadəcə, nədənsə içimdən bir səs, Sabir Rüstəmxanlı həmsədr olandan bəri DAK-ın iki dəfə parçalanmasının sirrinin əslində, VHP-nin bir dəfə də parçalanmamasında yatdığını söyləyir.