703 saylı məhbus – Azərbaycan alimi Hənəfi Zeynallı

Böyük elm fədaisi

Azərbaycanın ən parlaq simalarını məhv edən, xalqımızın ən layiqli oğullarını aradan götürən Stalin rejimi Məmməd (Hənəfi) Zeynallını da nəzərdən qaçırmadı. Hənəfi Zeynallı ədəbiyyatşünas alim, folklorçu, tənqidçi, müəllim, naşir idi. Çox qısa zamanda həmin fəaliyyət sahələrinin hər birində uğur qazanmışdı. Bu adların hər birini öz gərgin zəhməti, dərin zəkası bahasına qazanmışdı.
Ancaq Stalin rejimi heç bir əsası olmadan onu “xalq düşməni” elan etdi. Nəticədə Zeynallının tərcümeyi-halına 703 saylı məhbus adı kimi qondarma bir ad da əlavə olundu. Bütün bunlar həmin dövrün ziyalılarına böhtan, iftira, heç bir əasa söykənməyən, qəsdən vurulan damğa idi.

Şifahi xalq ədəbiyyatımızın ilk tədqiqatçılarından biri olan Hənəfi Zeynallı 1896-cı ildə Bakının Mərdəkan qəsəbəsində dəmirçi-nalbənd ailəsində anadan olmuşdu. Altı yaşından yetim qalmasına baxmayaraq, təhsildən ayrı düşməmişdi. Mədrəsədə oxumuş, rus-müsəlman orta məktəbini bitirmişdi. 1916-cı ildə Bakıdakı Orta Politexnik məktəbini bitirmiş və elə həmin il müsabiqə imtahanını uğurla verərək Imperator Texniki Peşə məktəbinə daxil olmuş, 1917-ci ildə fevral inqilabından sonra təhsilini dayandırmışdır.

H.Zeynallı 1922-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, oranı 1927-ci ildə bitirmiş və təyinatını Şərq fakültəsinin Azərbaycan türk ədəbiyyatı tarixi kafedrasına, sonra isə Azərbaycan Pedoqoci Institutuna almışdır.

1930-cu ildə dosent olmuşdur. 1923-cü ildən Azərbaycan Dövlət Nəşriyyatının əsas yaradıcılarından biri kimi fəaliyyət göstərmiş və oranın baş redaktoru vəzifəsində çalışmışdır.
1923-31-ci illərdə “Azərnəşr”də işləyərkən o, “Kommunist”, “Maarif və Mədəniyyət”, “Inqilab və Mədəniyyət”, “Maarif işçisi” jurnalları ilə əməkdaşlıq etmiş, orada geniş ədəbi publisistik yazılarla çıxış etmişdir.

Hənəfinin hər fikri onun dərin düşüncə və biliyindən xəbər verirdi. Məsələn, o deyirdi: “Həyatdan alınmış təcrübədən sənət doğur və ona su verir, sənət özü də həyatdan aldığı qüvvətlə yaranır və həyata nüfuz yetirməyə başlayır. Ona görə də, sənətlə həyat bir-birindən ayrılmaz iki parça kimi meydana çıxır”.

Hənəfi Zeynallının əsərləri içərisində 1926-cı ildə yazdığı “Azərbaycanın atalar sözləri və məsəllər” kitabının xüsusi dəyəri var. Burada dörd minədək atalar sözü və məsəl toplanıb. Əgər amansız rüzgar – Stalin rejiminin qara yeli əsməsəydi, Hənəfinin ömrünə hələ neçə belə uğurlu səhifələr yazılacaq, kitablarının üstünə yeni kitabları əlavə olunacaqdı. O hələ nə qədər xalq incisi – folklor nümunəsi toplayacaq, neçə tədqiqat əsərinin altında “Hənəfi Zeynallı” imzası qoyulacaqdı. Amma Hənəfinin elə özünün topladığı həmin folklorun içərisində belə bir məsəl də vardı: sən saydığını say, gör fələk nə sayır…

Elm aləminə tuşlanan güllələr

30-cu illərin sonunun terror dalğası ilə Azərbaycan elminin üstünə də qara küləklər əsdi. Respublikanın düşünən beyinləri, elmin müxtəlif sahələrində çalışan və bir alim kimi hələ çox söz deyəcək istedadlar aradan götürüldü. Bunların sırasında Azərbaycan SSR Elmlər Akademiyasının elmi işçiləri, mütəxəssisləri də var idi. H.Zeynallının adı akademiyanın repressiyaya məruz qalan əməkdaşlarının uzun siyahısındakı adlardan yalnız biri idi.

Nədə günahlandırılırdı Hənəfi Zeynallı? Uydurmuşdular ki, 1917-ci ildə o, eserlər partiyasının üzvü olub. Guya 1928-ci ildə Bakıda Türkiyə konsulu Fərid bəylə əlaqə saxlayıb və onun vasitəsilə tanınmış türk millətçi xadimi Ismayıl Hikmətlə məktublaşıb. H.Zeynallı 1929-cu ildə və sonrakı dövrdə müsavatçılardan Baharlı, Feyzullayev, Mövsümov və başqaları, habelə B.Çobanzadə ilə sıx əlaqə saxlamaqda da günahlandırılırdı. Ittihamlardan biri də alimin öz əsərlərində guya əksinqilabi millətçi ideologiyadan yazması idi.

Həqiqət kimi qələmə verilən bütün bu günahlara görə məhkəmə qaydasında cəzalandırılmazdan əvvəl Hənəfi akademiyada tutduğu bütün vəzifələrdən çıxarılır. Həmin hadisənin ertəsi günü isə onun istintaqı başlanır və üç gün davam edir. Hənəfini bir çox əksinqilabçı və millətçi, o cümlədən Nazim Əfəndi, Ismayıl Hikmət, Xəlil Fikrət, Bəkir Çobanzadə və başqaları ilə əlaqə saxladığına görə ittiham edirlər. Bu adamlarla əlaqəsi olmadığından Hənəfi təbii ki, ittihamları rədd edir. Həmin hal fevralın 23-də də baş verir. Hənəfi hər hansı antisovet təşkilata məxsusluğunun ağ yalan olduğunu deyir. Müstəntiq ona düzgün ifadə verməyi, müqavimət göstərməməyi təkid edir. Hənəfi isə yenə də yalan danışmaqdan boyun qaçırır.

Lakin bir gün sonra, fevralın 24-dəki istintaqda müttəhim birdən-birə tamamilə dəyişərək başqa sözlər deyir: “Bəli, mən əksinqilabi kitablar alırdım. Bəli, mən əksinqilabi təşkilatın üzvü idim. Cavad Bağırzadəni, Həbib Səmədzadəni, Imran Babayevi də həmin təşkilata cəlb etmişəm. Bəli, mən əksinqilabi millətçi kadrlar tərbiyə edib yetişdirmişəm. Bəli, mən Türkiyəyə meyil etmək baxımından Azərbaycanın SSRI-dən ayrılmasına tərəfdar idim və s.”.    

Bu rejim heç bir günahı olmayan H.Zeynallıya növbəti günlərdə – fevralın 9-u, 10-u və 11-də əksinqilabi təşkilata R.Axundov tərəfindən cəlb olunduğunu etiraf etdirir. Hənəfi sanki hansısa şər qüvvənin təsiri ilə ona deyilən ittihamların hamısını təsdiqləyir: guya 1936-cı ilin sonunda onun kabinetində Bakıda və respublikanın rayonlarında gəncləri təşkilata cəlb etmək kimi göstərişlər alıb, türk ziyalıları arasında işi genişləndirərək onları terrora, təxribatçılığa, ziyankarlığa, casusluğa və müharibə vaxtı təslimçiliyə istiqamətləndirib.
Bütün bunları H.Zeynallıya işgəncələrin gücü ilə etiraf etdirirlər.

Şərəfli yolun sonu

Işdə H.Zeynallının sovet hökumətinə qarşı düşmənçilik fəaliyyətini ifşa edən 20-dək müttəhimin ifadələri var idi. M.Hüseynovun ifadəsində bildirilirdi ki, “Azərbaycan millətçi partiyası”nın tərkibində Zeynallı da olub.

1937-ci il oktyabrın 5-də Azərbaycan SSR-in Xalq Daxili Işlər komissarı Sumbatov-Topuridze 12493/81 nömrəli işə verilmiş ittihamnaməni təsdiq edir. Müttəhim Azərbaycan SSR Cinayət Məcəlləsinin 73, 64, 69 və 70-ci maddələrində nəzərdə tutulan cinayətlərdə təqsirləndirilir.
1937-ci il oktyabrın 12-də SSRI Ali Məhkəməsi hərbi kollegiyası səyyar sessiyasının Matuleviçin, Zaryanovun və Jiqurun iştirakı ilə məhkəmə iclası olur. Saat 16.25-də başlanan iclas saat 16.40-da sona çatır.

Hənəfi Zeynallının da məhkəməsi cəmi 15 dəqiqə çəkir. Bütün repressiya qurbanlarının məhkəməsi kimi… Burada Hənəfi Zeynallı özünü tam günahkar hesab etdiyini, təslim olduğunu və mərhəmət dilədiyini söyləyir.

Hərbi kollegiya Hənəfi Baba oğlu Zeynallını ən yüksək cəzaya – güllələnməyə məhkum edir. Bir faktı da qeyd edək ki, o zaman Bakıda bütün quldur tribunal iclaslarını bəşər övladlarının qatili adını almış Matuleviç öz əlaltıları Zaryanov və Jiqurla birlikdə aparırdı.

Ertəsi gün hərbi kollegiyanın hökmü Bakıda yerinə yetirilir. Hənəfi Zeynallının həyatına belə amansızcasına son qoyulması xalqın daha bir düşünən beyninin aradan götürülməsi, Azərbaycan elminə atılan güllə demək idi.

Ən amansız sellərdən, ən dəhşətli qasırğalardan da betər olan həmin rejim – Stalin repressiyaları Azərbaycanın say-seçmə oğulları sırasında Hənəfi Zeynallını apardı…
Lakin 1957-ci il martın 30-da SSRI Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına görə 1937-ci il sentyabrın 12-də SSRI Ali Hərbi Kollegiyasının Hənəfi Baba oğlu Zeynallının istintaq işi üzrə çıxartdığı hökm dəyişdirildi və cinayət tərkibi olmadığı üçün iş xətm edildi…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir