Səfər Əbiyev-Nəcməddin Sadıqov savaşı şiddətlənir

Eldar Sabiroğlu ittiham dolu açıqlamasında baş qərargah rəisini nəzərdə tutması barədə «Azadlıq»ın yazdıqlarını təkzib etmədi

Müdafiə Nazirliyi daxilində qarşıdurma səngimək bilmir. Əksinə, Ali Hərbi Akademiyanın bir qrup zabitinin müraciətindən sonra açıq müstəviyə keçən qarşıdurma getdikcə şiddətlənir. “Azadlıq”ın ötən sayında yazmışdıq ki, savaş nazirliyin rəhbərliyi, konkret olaraq müdafiə naziri Səfər Əbiyevlə baş qərargah rəisi Nəcməddin Sadıqov arasında gedir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Ali Hərbi Akademiyanın bir qrup zabitinin müraciətinə cavabında buna işarə vurmuşdu. “Təxmini biz bilirik ki, bunu hansı etnik və xarici qüvvələrə işləməsi ehtimal olunan şəxslər ötürüb. Ayıb olsun ona. Rütbə daşıyan şəxs belə hərəkətə yol verməz”, – deyə mətbuat xidmətinin rəhbəri bildirmişdi. Eldar Sabiroğlu ad çəkməsə də, ittiham etdiyi şəxsin Nəcməddin Sadıqov olması açıq-aydın sezilir. Nəcməddin Sadıqov-Səfər Əbiyev qarşıdurması ilə bağlı mətbuatda dərc edilən çoxsaylı məlumatlar indiki qalmaqalda da tərəflərin dəyişmədiyi qənaətini artırır. Maraqlıdır ki, Eldar Sabiroğlu Ali Hərbi Akademiyanın bir qrup zabitinin növbəti müraciətinə növbəti cavabında “Azadlıq”ın yazdıqlarını təkzib etməyib. Zabitlər “Yeni Müsavat” qəzetinə üvanladıqları bu dəfəki müraciətdə Müdafiə Nazirliyinə məxsus satılmış torpaqların siyahısını açıqlayıblar. Həmin siyahını oxucuların diqqətinə çatdırırıq: 

Masazır qəsəbəsində 10 hektara yaxın, keçmiş hərbi kolxozun sahəsi;
Badamdar qəsəbəsində 15 hektar ərazi – hərbi hissələrin ərazisi;
Həzi Aslanov qəsəbəsindəki ləğv edilən hərbi hissələrin 20 hektara yaxın torpaq sahəsi;
Şüvəlan qəsəbəsindəki hərbi hissənin ərazisi – 17 hektara yaxın torpaq sahəsi;
Ə.Ələkbərov (Ş.Mehdiyev) küçəsində 4 hektar torpaq sahəsi, yerində 7 bloklu 17 mərtəbəli kommersiya yaşayış binası tikilib;
Dadaşov küçəsində keçmiş Ali Hərbi məktəbə məxsus 6 hektar torpaq sahəsi;
Dərnəgül qəsəbəsində yerləşən hərbi hissənin əraziləri -30 hektara yaxın;
Bakı zooparkının yanındakı hərbi hissənin ərazisi -2 hektara yaxın;
Mərkəzi Hərbi Hospitalın ətrafındakı ərazilər;
Ə.Ələkbərov küçəsi boyunca hərbi hissənin ərazisində tikilən uca binalar;
Bakı hərbi MIS-in əraziləri;
Biləcəri qəsəbəsində ləğv edilmiş hərbi hissələrin əraziləri – 10 hektara yaxın;
Zığ qəsəbəsində yerləşən hərbi hissələrin sahəsi – 5 hektardan artıq;
Pirşağı qəsəbəsində ləğv edilmiş hərbi hissənin ərazisi – 2 hektara yaxın.

Zabitlər iddia edir ki, bunlar satılmış torpaqların çox cüzi bir hissəsidir. “Biz hələ rayonlarda satılmış torpaqları demirik. Səfər Əbiyev hansı korrupsiya və rüşvətxorluğa qarşı mübarizədən danışa bilər?!”, – deyə müraciət müəllifləri bildirir.

Eldar Sabiroğlu isə yenə də əsas hədəfin Səfər Əbiyev olduğunu bildirib: “Bu adamlar bir məqsəd güdürlər: nəyin bahasına olursa olsun Müdafiə Nazirliyinin rəhbərliyini ləkələmək. Bir nəfərə görə bütün orduya iftira atmaq vətənpərvərlikdən və dürüstlükdən xəbər vermir. Biz ümumi sözlər danışmamışıq, hərbçi adı altında orduda təfriqə yaratmaq istəyən qaragüruha qarşı sözümüzü demişik və səhv etməmişik. Onlar həqiqətən düşməndirlər, əgər bu torpağı sevmiş olsaydılar, bu torpaqda boya-başa çatmış insanları qarşı-qarşıya qoymağa çalışmazdılar”.
Nazirliyin sözçüsü bu işlərin Səfər Əbiyev-Nəcməddin Sadıqov qarşıdurmasının tərkib hissəsi olması və ötən açıqlamada baş qərargah rəisinin nəzərdə tutulması barədə “Azadlıq”ın yazdıqlarına gəlincə deyib: “Mən heç bir ad çəkməmişəm. Kimlər ad çəkib, problem, məsuliyyət onlarındır”.
Eldar Sabiroğlu Nəcməddin Sadıqovu nəzərdə tutmamışdısa, bunu açıq şəkildə deyə bilərdi. Amma göründüyü kimi, mətbuat xidmətinin rəhbəri “mən demədim, sən dedin” prinsipilə “Azadlıq”ın yazdıqlarının həqiqət olduğuna eyham vurub.

Analitik informasiya şöbəsi