Mehdi Dəstqeyb: “İnsanlara işgəncə vermək, ölkədə polis rejimi bərqərar etməklə hakimiyyətdə qalmaq olmaz”
İran hakimiyyətində təmsil olunan rəsmilər və nüfuzlu dini xadimlərin bir-birilərinə qarşı ünvanlanmış sərt ittihamları davam edir. Üləmalar Məclisinin üzvü ayətullah Seyid Əli Məhəmməd Dəstqeyb Şiraz Universitetinin tələbələri ilə görüşü zamanı ad çəkmədən bəzi din xadimlərini və rəsmiləri sərt tənqid edib.
Dəstqeyb hazırda həbsdə saxlanılan müxalifət liderləri Mirhüseyn Musəvinin ünvanına xoş sözlər işlədərək ona qarşı irəli sürülmüş ittihamların uydurma olduğunu söyləyib:“Mirhüseyn Musəvini sadiq bir insan kimi tanıyıram. Bilirəm ki, siz də sadiq insanlar olduğunuza görə Mirhüseyn Musəvini sevirsiniz. Mən onu sizdən çox tanıyıram. Hələ baş nazir vəzifəsində olduğu vaxtdan. Bu müddət ərzində mən ondan heç vaxt yalan, xəyanət və riyakarlıq görməmişəm. Elə İran xalqı da onu bu sədaqət və dürüstlüyünə görə sevir”.
Ayətullah hakimiyyətdə təmsil olunan bəzi ruhanilərin dövlətə, millətə və İslam inqilabına xəyanət etdiyini bildirib. Hətta daha sərt dillə onları riyakar adlandırıb:“Bu gün hakimiyyətdəki bəzi ruhanilər arasında elələrinə rast gəlirsən ki, onların sözü ilə əməli bir-birinə ziddir. Bu onların riyakarlığını göstərir. Belə şəxslər rahatlıq içində və komfortda yaşamağı hər şeydən üstün tuturlar. Onlar ruhani paltarında olsalar da, bir müddət dünya malından bəhrələnib rahat həyat sürmək üçün hər işə əl qoymağa hazırdırlar. Bəzi ruhanilər minbərə çıxıb insanları nəsihət edərək onları dindarlığa, düzgünlüyə və təmizliyə çağırırlar. Onlar insanlara deyirlər ki, dünya malı və şəhvət dalınca getməyin, başqalarına zülm etməyin və haram mal yeməyin. Lakin baxırsan ki, başqalarına bu tövsiyəni verən həmin ruhanilərin özünün sözü ilə əməli üst-üstə düşmür. Onlar bu moizə və nəsihəti yalnız insanlara istəyirlər, özləri üçün yox”.
Seyid Əli Məhəmməd Dəstqeyb hökumətin mühüm silahlı təşkilatı sayılan “Bəsic”in ünvanına da sərt ittihamlar səsləndirib. Onun sözlərinə görə, adını könüllü adlandıranlar özlərini islama və inqilaba fəda edənlərlə düşmən kimi davranır:“Bu gün bəziləri özlərini “Bəsic” təşkilatının üzvü adlandıraraq pul qarşılığında insanları universitetlərdə, küçələrdə və digər məkanlarda kötəkləyir. Bu kimi şəxslər necə inqilab və islamın tərəfdarı ola bilər? Ruhanilər içində də belələri var. Bu gün elə ruhanilər var ki, pul alıb digər ruhanilərin başından vururlar”.
Üləmalar Məcslinin üzvü müxalifət liderləri Mehdi Kərrubi və Mirhüseyn Musəvinin tezliklə azadlığa buraxılmalı olduğunu söyləyib. Dəstqeyb müxalifət liderləri ilə pis davranışın hakimiyyət üçün yaxşı nəticələnməyəcəyini də bildirib:“Mən ümid edirəm ki, Mirhüseyn Musəvi və Mehdi Kərrubi tezliklə azadlığa buraxılacaq. Hakimiyyət bilməlidir ki, onlarla bu cür rəftarın və tutub getdiyi yolun axırı yaxşı olmayacaq. Başa düşməlidir ki, insanları işgəncəyə məruz qoymaq, ölkədə polis rejimi bərqərar etmək hakimiyyət sürməyin yolu deyil. Bu, “Quran” və islamın da yolu deyil. Əgər iztirabsız hökmranlıq etmək istəyirsinizsə, konstitusiyaya riayət edin, xalqın tələblərini yerinə yetirin”.
İnformasiya şöbəsi