Qəzzafinin ABŞ-a elçi göndərdiyi təsdiqləndi

Vaşinqton Liviya diktatoruna konkret mesaj yollayıb: «Istefa ver və ölkədən get»

NATO-nun Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı hava əməliyyatları davam edir. Koalisiya qüvvələrinə aid qırıcılar paytaxt Tripolidə yerləşən beynəlxalq hava limanının radar sisteminə zərbələr endirib. Qəzzafi rejiminin hərbi məqsədlər üçün istifadə etdiyi bildirilən radar sistemi sıradan çıxarılıb. Koalisiya qüvvələrinin baş qərargahından yayılan açıqlamada deyilir ki, uçuşa qadağan bölgə elan olunduqdan sonra Qəzzafi rejimi hava limanının radar sistemindən NATO qırıcılarını izləmək üçün istifadə edir. Sistemin əldə etdiyi məlumatlar Liviya təhlükəsizlik sistemlərinə köçürülürmüş. Açıqlamada o da vurğulanır ki, Liviya diktatoruna bağlı hərbçilər keçmişdə sivil məqsədlərlə istifadə olunan radar sistemindən NATO aviasiyasının təqibində yararlanıb.Bu arada ABŞ Dövlət Departameninin rəsmiləri Qəzzafinin elçilərinə Liviya diktatorunun ölkədən getməsinin lazım olduğuna dair konkret mesajın verildiyini bildirib. Adları açıqlanmayan diplomatlar Müəmmər Qəzzafinin göndərdiyi təmsilçilərlə görüşdüklərini də təsdiqləyib. Diplomatlar Liviya diktatorunun qeyd-şərtsiz hakimiyyətdən getməli olduğunu və başqa müzakirələrin aparılmadığını söyləyib.

Liviya hökumətinin sözçüsü Musa Ibrahim amerikalı diplomatlarla görüşün ABŞ-la münasibətlərin bərpa edilməsi istiqamətində əhəmiyyətli addım olduğunu bildirib. Sözçü Tripolidə keçirilən mətbuat konfransında Qəzzafi rejiminin hər cür dialoqu və sülh cəhdini dəstəklədiyini qeyd edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bəyan edib ki, ölkəsi Müəmmər Qəzzafiyə hakimiyyətdən getdikdən sonra siyasi sığınacaq verməyəcək. Bununla yanaşı Moskva üsyançıların Benqazidə qurduğu Milli Keçid Şurasını Liviyanın qanuni hökuməti kimi tanımaq fikrində deyil. Lavrovun sözlərinə görə, Rusiya üsyançıları danışıqların tərəfi kimi tanıyır, ancaq Liviyanın legitim hökuməti kimi qəbul etmir.

Fransa müdafiə naziri Jerar Lanq Liviya diktatoru Müəmmər Qəzzafinin sonuna barmaqla sayılacaq günlər qaldığını bildirib. Nazir “France 2” kanalına açıqlamasında söyləyib ki, Liviyada aparılan əməliyyatların uğurla nəticələnəcəyinə olan inam artıb. Onun fikrincə, Liviyadakı hadisələrdə hər şey sürətlə dəyişikliyə doğru gedir.

Lanq Qəzzafinin məntiqli biri olmadığına və Tripoli əhalisini girov saxlayaraq özünü qorumağa çalışdığına görə də narahatlığını gizlətməyib. Nazirin sözlərinə görə, Liviya xalqı artıq Qəzzafinin gələcəyi ilə bağlı qərarını verib və diktatoru ölkədə görmək istəmədiklərini açıq şəkildə bəyan ediblər.

Informasiya şöbəsi