Polisin hal şahidi məhkəmədə ifşa oldu

Cabbarın üzünə duran şəxsin bu «peşənin» sahibi olduğu sübut edildi

Sumqayıt Apelyasiya Məhkəməsində AXCP Gənclər Təşkilatının üzvü, şərlənərək həbs edilən Cabbar Savalanlının şikayəti üzrə növbəti məhkəmə iclası keçirildi. Hakim Lətifə Məmmədovanın sədrliyi ilə keçən iclasda hal şahidləri dindirilməli idi. Iclas başlasa da, hal şahidləri gəlməmişdi. Bu baxımdan məhkəmə heyəti iclasın başqa vaxta keçirilməsi barədə müzakirə açdı. Lakin Cabbar Savalanlının vəkilləri Əsabəli Mustafayev və Anar Qasımov hal şahidlərinin bu iclasda dindirilməsinə təkid etdiklərini bildirdilər. Bundan sonra hal şahidlərindən biri – Məhərrəm Ismayılov zala daxil oldu. Hal şahidi özünü təqdim etdikdən sonra vəkil Anar Qasımov suallarını üvanladı.
A.Q: – Başqa bir işdə də hal şahidi olmusunuzmu?
I.M: – Yox ancaq bu işdə olmuşam. Orda da yazmışam hər şeyi.
A.Q: – Siz latın qrafikası ilə yazıb oxumağı bilirsiniz?
I.M: – Yox. Yazıblar, sonra mənə oxuyublar, qol çəkmişəm.
A.Q: – Görmə qabiliyyətiniz necədir?
I.M: – Oxuya bilmirəm, oxuyublar mən də qol çəkmişəm.
A.Q: – Cabbar Savalanlının işinə necə cəlb edilmisiz?
I.M: – Evə gedirdim. Bir nəfər “oçkili” şəxs mənə yaxınlaşdı və polis olduğunu dedi. Sonra dedi ki, bir nəfəri götürmüşük və mənim hal şahidi olmağımı istədi. Sonra baxış keçirildi.
A.Q: – Cabbarın üstündən çıxdı?
I.M: – Şəxsiyyət vəsiqəsi, filan və bir dənə də bükülü.
A.Q: – Bükülünün içində nə var idi?
I.M: – Tiryək.
A.Q: – Hardan bildin ki, tiryəkdir?
I.M: – Dedilər.
A.Q: – Kim dedi?
I.M: – Bunu ona sual verin. Mənim yadımda qalmayıb.
A.Q: – Bükülüdən tiryək çıxanda Cabbarın reaksiyası necə oldu?
I.M: – Yadımda qalmayıb.
A.Q: – Necə ola bilər ki, indi danışdıqların yadında qalıb, amma bu məqam yadında qalmayıb?
I.M: – Yadımda qalmayıb da. Mənim Cabbarla düşmənçiliyim yoxdur.
A.Q: – Biz deyirik ki, düşmənçiliyin var? Sadəcə səhərdən hər şeyi yaxşı danışırsan, hamısı yadında qalıb, amma Cabbarın reaksiyasını unutduğunu deyirsən və bu bizə maraqlı gəldi…
I.M: – Nə bilim, neçə ay bundan əvvəl olub, yadımda qalmayıb.
Daha sonra vəkil Əsabəli Mustafayev hal şahidinə suallarını verdi.
Ə.M: – Siz Cabbarı harada gördüz?
I.M: – Mən evə gedirdim. Orda “stoyanka” var. Onda bir az qabaqda.
Ə.M: – Cabbarı kənardan gördüz?
I.M: – Yox.
Ə.M: – Sən onu görəndə o, artıq tutulmuşdu?
I.M: – Mən gələndə onu “götürmüşdülər”(şahid polis jarqonu ilə danışır və “həbs etmişdilər” demək istəyir – V). Nə bilim yadımda qalmayıb…
Ə.M: – Deyirsiniz ki, birinci dəfə idi hal şahidi olurdunuz. Necə ola bilər ki, bu sizin yadınızda qalmayıb?
I.M: – Mən görəndə onu “götürmüşdülər”.
Ə.M: – Sonra sizi hara apardılar?
I.M: – Idarəyə, orda baxış keçirildi.
Ə.M: – Dərhal baxış keçirildi?
I.M: – Yox, bir az söhbət elədilər sonra baxış keçirildi.
Ə.M: – Nə söhbət elədilər?
I.M: – Yadımda qalmayıb.
Ismayıl Məhərrəmovun dolaşıq cavablarından sonra Anar Qasımov onun başqa bir işdə də hal şahidi olması faktını açıqladı. Vəkil əvvəlcə bir daha Ismayıl Məhərrəmovdan birinci dəfə hal şahidi olub-olmadığını soruşdu. O isə əvvəlki cavabını təkrar edərək Cabbar Savalanlının işindən başqa heç bir işdə hal şahidi olmadığını iddia etdi.
A.Q: – Yadınızdadırsa, bir ay əvvəl mən sizi Sumqayıt Şəhər Polis Idarəsinin qarşısında gördüm…
I.M: – Hə.
A.Q: – Soruşdum ki, burada neynirsiz?
I.M: – Hə. Mən də dedim ki, “sporum” düşüb gətiriblər bura.
A.Q: – Sizi həmin vaxt hal şahidi kimi çağırmamışdılar ki?
I.M: – Yox, dedim axı “spor” eləmişdim.
A.Q: – Amma siz başqa bir işdə də hal şahidi olmusunuz.
I.M: – Olmamışam. Birinci dəfədir.
Ismayıl Məhərrəmovun bu cavabından sonra Anar Qasımov onun başqa bir işdə hal şahidi olmasını təsdiq edən protokolu nümayiş etdirdi. Bəlli oldu ki, Ismayıl Məhərrəmovun hal şahidliyi yenə də narkotiklə bağlı olub. Lakin bununla belə hal şahidi iddia etdi ki, onun bu işdən xəbəri yoxdur. Lakin protokoldakı imzanın özünə məxsus olduğunu bildirdi. “Belə çıxır ki, sənin imzanı saxtalaşdırıblar?” deyə Anar Qasımov Ismayıl Məhərrəmova sual etdi. Lakin hal şahidi bu sualın qarşısında aciz qaldı.
Beləliklə hal şahidinin əslində öyrədilmiş, polisin nəzarətində olan bir şəxs olduğu sübut olundu.
Bundan sonra ikinci hal şahidi Rahim Şıxəliyev dindirilməli idi. Lakin bəlli oldu ki, o, məhkəməyə gəlməyib. Bu baxımdan proses iyulun 26-na kimi təxirə salındı. 
Əvvəlki proseslərdə olduğu kimi bu dəfə də Cabbar Savalanlının məhkəməsinə diqqət böyük idi. AXCP Gənclər Komitəsi ilə yanaşı, Müsavat Gənclər Təşkilatının üzvləri, müxtəlif vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin gənc bəstəkar Firudin Allahverdi prosesə qatılmışdı.

Vidadi