Pensiyalar artan kimi qiymətlər də bahalaşdı
Samir Əliyev: «Qiymət artımı payızda da davam edəcək və özünü daha qabarıq şəkildə göstərəcək»
Taxıl məhsullarının idxalına tətbiq edilən ƏDV bərpa olunandan sonra unun topdansatış qiymətində artım müşahidə edilib. Hələlik çörəyin qiyməti artmayıb. Lakin yaxın günlərdə qiymət artımı olmasa da, çörəyin çəkisində azalma müşahidə edilə bilər. Unla yanaşı ölkədə qənd, şəkər tozu və bitki yağlarının qiymətində də artım olub.
Qeyd edək ki, hər dəfə ölkədə əmək haqqı, yaxud pensiyalarda artım müşahidə olunandan dərhal sonra qiymətlərdə bahalaşma baş verir. Bu dəfə də istisna olmadı. Əhali artan pensiyaları əlinə almamış qiymətlərdə bahalaşmanı hiss etdi. Görünür, məmur-oliqarxlar cüzi artımları da əhaliyə çox görür və dərhal onun mənimsənilməsinə başlayır. Bəs budəfəki artımın hansı obyektiv və subyektiv səbəbləri var?
Qiymət artımının gözlənilən olduğunu deyən iqtisadçı-ekspert Samir Əliyev bunun həm daxili, həm də xarici səbəblərlə bağlı olduğunu bildirdi. Dünyada qiymətlərin artımı Azərbaycana da təsirsiz ötüşməyib. Çünki istehlak edilən bir çox məhsullar ölkəyə idxal edilir. May-iyun aylarında dünyada bahalaşma səngisə də, ölkəmizdə qiymət artımı prosesi davam edir.
S.Əliyev bahalaşmaya daxili amilin daha çox təsir göstərdiyini qeyd etdi. Ölkədə inhisarın olması, gömrük-keçid məntqələrində şəffaflığın olmaması qiymətlərə mənfi təsir göstərir. Eyni zamanda pensiyaların artımı da qiymətlərə təsir edib.
Ekspertin sözlərinə görə, qiymət artımı payızda da davam edəcək və özünü daha qabarıq şəkildə göstərəcək.
Fizzə