Ziya Məmmədov Türkiyədə turizm biznesinə girişib

Nazirin oğlu Anar Məmmədov Bodrumda dəyəri 100 milyona 44 hektar ərazi alıb

Nəqliyyat naziri Ziya Məmmədov Türkiyədə turizm biznesi qurmaq qərarına gəlib. Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, bir neçə ay əvvəl Ziya Məmmədovun oğlu Anar Məmmədov yaxın ətrafı ilə Türkiyənin Bodrum şəhərində olub.
Anar Məmmədov burada yerli bələdiyyə ilə razılaşma əsasında 44 hektarlıq ərazi alıb. Ərazinin dəyəri 100 milyon manatla ölçülür. Orada turizm kompleksi inşa ediləcəyi bildirilir. Maraqlıdır ki, bələdiyyə ilə bağlı rəsmi elektron sənədlərdə Anar Məmmədovun adı yoxdur. Ehtimal olunur ki, alqı-satqı başqa bir şəxsin adına rəsmiləşdirilib. Bodrum bələdiyyəsi də bu barədə sorğulara cavab vermir. Məlumatda, həmçinin deyilir ki, bu alverdən sonra Anar Məmmədovun adamları arasında hansısa anlaşılmazlıq yaranıb. Lakin sonradan məsələ yoluna qoyulub.
Növbəti saylarımızda Türkiyədə turizm biznesinə girişən Azərbaycanın başqa tanınmış oliqarxları barədə ilginc məlumatlar verəcəyik.