Hörmətli oxucular, Vasif Talıbovun Naxçıvanda alimlərə küçə süpürtdürdüyü barədə xəbəri gördünüz yəqin, mən də dünən “Azadlıq” radiosunun saytından oxudum, allahdan gizli deyil, sizdən niyə gizli olsun, çox ləzzət elədi. Gözəl təşəbbüsdür. Bütün Azərbaycana yayılması gərəkən bir təşəbbüsdür. Ayaqda alqışlayıram.
***
Bu gün ölkədə hüquq yerlərdə sürünürsə, ədalət buxarlanıbsa, tək adamın iradəsi milli iradənin üzərində hakimdirsə, yalan ayaq açıb yeriyirsə, bu, ilk növbədə bu ölkənin pis-yaxşı “elm adamı” adına iddia edən insanlarının günahıdır, suçudur. Ilk növbədə onlardan soruşmaq lazımdır: Azərbaycan sürətlə orta əsr bataqlığına çəkiləndə, modern, çağdaş dünyadan uzaqlaşdırılanda, məmləkət iri addımlarla cəhalət dövrünə qaytarılanda hardaydınız siz? Nədən heç “çırt” səsiniz çıxmadı? Nədən üsyan etmədiniz? Nədən qarşısına keçmədiniz bu çirkin gedişatın? Nədən “dur” demədiniz?
Bir elm adamı da bu qədər səssiz olarmı? Bir elm adamı da bu qədər lal-dinməz, bu qədər qorxaq, bu qədər qalınqabırğalı olarmı? Dünyanın daha harasında bu ölkədəki qədər boynubükük, başıaşağı, üzüyola alim var? Hər şeyi bilib, həqiqətin harda olduğunu bilməyən alim nə alimdir?
Sizdən tonqalda yandırılmağınızı istəyən olmadı. Dar ağacına çəkilməyinizi, zindanlara atılmağınızı da istəyən olmadı. Sizdən bircə şey tələb olunurdu: qaranlığa gömülən bir ölkədə işığa çevrilmək. Düşdüyümüz bu məşəqqətli yolların üstündə şam kimi yanmaq, beyinləri aydınlatmaq. Amma siz bunu da bacarmayacaq qədər ürəksiz, cəsarətsiz, bəsirətsiz çıxdınız.
Millətin iradəsini çeynəyərək, xalqın qanı üzərindən yeriyərək hakimiyyətə gəlmiş bir adam öz gücünü ilk dəfə bir alimə göstərmək istərkən, onu hər kəsin gözü qarşısında iclasdan qovarkən belə, ağlınız başınıza gəlmədi. Əslində bunun sıradan bir qovulma hadisəsi olmadığının fərqinə varmadınız. Adınızı “elm adamı” qoysanız da, o alimin qovulmasının əslində, elmin bu ölkədən yerli-dibli qovulacağının, məmləkətin cəhalətə, savadsızlığa, nadanlığa təslim ediləcəyinin bir siqnalı olduğunu anlamağa elminiz yetmədi. Eləcə gözlərinizi döyərək baxdınız…
Biz bütün bunlara da dözərdik bəlkə, sizin susqunluğunuzu, səssizliyinizi bu gün başınıza qaxınc eləməzdik bəlkə. Gəl gör ki, siz daha da irəli getdiniz: Azərbaycanın zülmə təslim edilməsinə, feodalizmin geri dönüşünə, saxtakarlığın, sümürücülüyün, tayfabazlığın dirilişinə “qaz” verdiniz. Azərbaycanın daha çox kirlədilməsinə, bu gününün və gələcəyinin daha çox çirkləndirilməsinə yol açdınız.
Ömründə iki kitab üzü açmış adamın belə, qəbul etmədiyi, qəbul etməməsi gərəkdiyi şeylərdir bunlar:- Yerlibazlıq;
– Qohumbazlıq;
– Korrupsiya;
– Hüquqsuzluq;
– Diletantlıq;
– Oğurluq;
– Əyrilik;
– Yaltaqlıq.
Bəs ağzını açıb danışanda allah qoymasa, bütün ömrünün kitablar arasında keçdiyini bas-bas bağıran sizlər neylədiniz? Bu pisliklərin, iyrəncliklərin hamısının çiçəklənməsinə vəsilə olan bir rejimə arxa durdunuz, dayaq oldunuz. Illərcə bu şər ağacının dibini bellədiniz, vaxtlı-vaxtında suyunu verdiniz, daradınız, budadınız, daha tez böyüməsinə, daha tez bar verməsinə kömək elədiniz. Ki, indi zatən meyvəsini də özünüz dərməkdəsiniz.
Hər nə qədər əli qələm tutan, kitab tutan insan görəndə eynim açılsa, gözlərimin içi gülsə də, bax elə indi – bu saat, bu an zərrəcə acımıram sizə. Içimdə bir qram mərhəmət yoxdur sizə. Vasif Talıbov tam da mənim ürəyimdən keçənləri yerinə yetirməklə məşğuldur.
Sizin əlinizə kitab deyil, elə süpürgə yaraşır.
Hərənizin əlinə yekə bir süpürgə vermək və demək lazımdır: Di təmizləyin zibillərinizi bu ölkədən!