Razi Nurullayev: «Ölkə vətəndaşlarının bu saytın məlumatlarına inanması rəsmiləri narahat edir»
Bir müddət əvvəl “WikiLeaks” (Vikiliks) saytı yaydığı məlumatlarla dünyanı silkələyəndə Azərbaycan hakimiyyəti bu barədə susmağa üstünlük verirdi. Lakin son dövrlərdə məlumatların səngiməsi rəsmilərin dilini açıb. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov saytda dərc olunan məlumatların ictimai rezonans gücünün aşağı düşdüyünü və “Wikileaks”in sarı mətbuat səviyyəsində müzakirə olunduğunu deyib. Onun sözlərinə görə, “Wikileaks” saytına əhəmiyyət verməyə ehtiyac yoxdur, orada dərc olunanlar boş söhbətlər, mənasız və əsassız yazılardır.
Qeyd etmək lazımdır ki, “WikiLeaks” saytının ciddiliyini dünyanın əksər ölkələri və beynəlxalq təşkilatlar etiraf edib. Bu saytda dərc edilən materialların verdiyi nəticə isə göz qabağındadır. Hökumətlərin istefaya getməsinə, ərəb ölkələrində inqilabların baş qaldırmasına səbəb olan saytın ciddiliyini şübhə altına almaq nəyə hesablanıb?Politoloq Razi Nurullayev məhz “WikiLeaks”in məlumatlarından sonra ərəb ölkələrində inqilab dalğasının baş qaldırdığını deyir.
Ekspert məlumatların yayılmasının ABŞ dövlətinin siyasəti olduğunu, bununla Vaşinqtonun avtoritar rejimlərdə çaşqınlıq, eyni zamanda demokratik ab-hava yaratmaq istəyində olduğunu qeyd etdi.
R.Nurullayevin sözlərinə görə, Azərbaycan hakimiyyəti ərəb inqilabları dalğasının “WikiLeaks” məlumatları ilə bağlılığını etiraf etmək istəmir. Lakin saytın məlumatları davam etdikcə, yeni dalğalar əmələ gələ bilər. Ölkə vətəndaşlarının bu məlumatlara inanması rəsmiləri narahat edir: ““WikiLeaks” də Azərbaycanla bağlı hələ çox ciddi məqamlar var. O məqamlar açıqlanmır. Ola bilsin onlar açıqlanandan sonra Azərbaycanda siyasi proseslərin müstəvisi tamamilə dəyişsin”.
Fizzə